Qarabağ Gündəm Cəmiyyət Hadisə Siyasət Dünya Sağlamlıq Sosial-İqtisadi
"Qohum evliliyinin qarşısının alınması boşanmaların sayının azalmasına da müsbət təsir göstərəcək"
"Qohum evliliyinin qarşısının alınması boşanmaların sayının azalmasına da müsbət təsir göstərəcək"

Bir neçə gün əvvəl Milli Məclisin Ailə, Qadın və Uşaq məsələləri komitəsində qohum evlilikləri məsələsi müzakirə edilib və qohumlar arasında evliliklərin qadağan edilməsi ilə bağlı məsələ gündəmə gətirilib. Qeyd edilib ki, qohum evliliklərindən dünyaya gələn uşaqlar genofondumuzu təhlükə altına alır.

Milli Məclisin deputatı Vüqar İskəndərov Bizimyol.info xəbər portalına açıqlamasında bildirib ki, müzakirələrdə bir neçə komitə iştirak edib. Deputatın fikrincə, burada cəmiyyətimizi uzun illər düşündürən vacib qanun lahiyələri müzakirə olunur. Bunlardan biri də Azərbaycanda nikahın bağlanmasına maneə olan halların sırasına qardaşların və ya bacıların ümumi bioloji baba və ya nənəsi olan uşaqların, bioloji qohumluğu olan əmi, dayı, qardaş-bacı qızı həmçinin bibi, xala, qardaş-bacı oğlu olan qohumların nikahının qarşısının alınması üçün vacib olan qanun lahiyəsidir.

Vüqar İskəndərov Vüqar İskəndərov

“Uzun müddətdir cəmiyyətdə müzakirə olunur və müəyyən şəxslər bununla bağlı zaman-zaman fikirlər söyləyiblər. Artıq bu qanunun qəbul edilməsi üçün doğru zaman olması hər birinizə aydındır. Zaman-zaman görürük ki, bir çox anadangəlmə xəstəliklər ilə doğulan uşaqların sayı da artmaqdadır. Bunların hər birinin xarakterini araşdıranda qohum nikahlarından olan və onunla bağlı yaranan xəstəliklərin sayı da kifayət qədərdir. Düşünürük ki, bunun həm də mənəvi tərəfi var. Öz yaxın qohumu ilə ailə qurulması mənəvi olaraq düzgün deyil. Yeni qohumluq əlaqələrinin qurulması üçün bizim qohumlarımızla yenidən qohum olmaq yox, digər insanlarla qohum olmağımız daha uyğundur”-deyə deputat əlavə edib.

Vüqar İskəndərov vurğulayıb ki, məsələnin tibbi tərəfləri də var. Belə ki, statistikaya baxsaq, qohum nikahlarından olan uşaqların xəstə doğulması faizinin yüksək olduğunu görərik. Yeni doğulan uşaqlarda genetik xəstəliklərin daha çox olması və bu sahədə artıq bir qanunun qəbul olunmasına çox böyük bir ehtiyacın olduğu məsələsini gündəmə gətirir.

“Ailə Məcəlləsinin 12-ci maddəsində nikah bağlanmasına maneə olan hallar yaxın qohumlarla yanaşı, qardaşların və bacıların, ümumi bioloji baba və nənəsi olan uşaqların bioloji qohumluğu olan əmi, dayı və qardaş-bacı qızı həmçinin bibi, qardaş-bacı oğlu arasında nikahın bağlanmasına yol verilməyən yeni normanın qanun kimi qəbul edilməsi nəzərdə tutulur”-deyən deputat qeyd edib ki, qanunun qəbul edilməsi bu məsələdə bir çox ortaya çıxan problemlərin qarşısının alınması yolunda çox önəmli bir addım olacaq.

Deputatın fikrincə, Azərbaycan müasir dünyada çağdaş sürətlə inkişaf edən ölkələr sırasındadır.

“Həm erkən nikahların qarşısının alınması, yaxın qohum əlaqələri olan insanların ailə qurmasının qarşısını alınmasını həyata keçirməklə biz boşanmaların sayında da kifayət qədər müsbət tendensiyaların şahidi olacağıq. Bunun üçün təbii ki, bu gün artıq həmin halları araşdırmalı və problemləri yaradan səbəbləri analiz edərək, onların qarşısının alınması üçün çox vacib addımların atılmasını təmin etməliyik”-deyə deputat bildirib.

İradə Cəlil, Bizimyol.info

Son xəbərlər
Bütün xəbərlər »