Qarabağ Gündəm Cəmiyyət Hadisə Siyasət Dünya Sağlamlıq Sosial-İqtisadi
“Azcake”ə qarşı məhbus qadınların istismarı ilə bağlı ittiham: şirkət iddiaları rədd edir
“Azcake”ə qarşı məhbus qadınların istismarı ilə bağlı ittiham: şirkət iddiaları rədd edir

Bakı 4 saylı cəzaçəkmə müəssisəsində saxlanılan qadın məhkumların əmək istismarı ilə üzləşdiyi iddia olunur. Yayılan məlumatlara görə, məhkumlardan biri rəhbərliyin onlara şirniyyat bişirtdirərək “Azcake” mağazalarında satdırdığını bildirib. Bu barədə sosial şəbəkələrdə məlumat yayılıb və geniş müzakirəyə səbəb olub. “Azcake” ciddi ittiham hədəfinə çevrilib. Hətta bu iddianın yayılmasından sonra mağazaların boykot edilməsi təklif olunub. Məhkum, üstəlik, bildirib ki, istismara məruz qalan qadınlarla hər hansı müqavilə imzalanmayıb. Həmin məhkumlarun əməkhaqqı almaması da dilə gətirilib.

Bizimyol.info “Azcake”dən məsələyə münasibət öyrənib. Şirkətdən saytımıza bildiriblər ki, iddianın heç bir əsası yoxdur: “Tamamilə yalan məlumatlardır”.

İqtisadiyyat Nazirliyinin rəsmi məlumatları göstərir ki, “Azcake” MMC 2015-ci ildə təsis edilib. Buranın hüquqi təmsilçisinin Faiq Bağırov olduğu məlumdur. Onun qardaşı Nahid Bağırov “Rahat” marketlər şəbəkəsinin də daxil olduğu “ANC Group”un funksionerlərindəndir. İş orasındadır, “Azcake” məhsulları həm də “Rahat” mağazalarında satılır.

“Azcake”-in sosial media hesablarında mağazanın əməkdaşlıq etdiyi başqa yerlərin də adlarını görmək olur. MMC-nin məhsulları həm də “Grandmart”, “Bolmart”, “Megastore”, “Bizim Market”, “Elmar” marketlər şəbəkəsində satılır.

“Azcake”-in sosial media hesablarında müxtəlif vaxtlarda vakansiyalar üzrə işçi qəbulu elanları da diqqət çəkir. Rəylərdə məvacibin məbləği soruşulsa da, suallar cavabsız qalıb. Axırıncı dəfə belə elanın keçən ilin mayında verildiyi gözə dəyir. Onda “Azcake” təndirçi axtarırmış. Rəy yazan sosial media istifadəçiləri MMC-nin cəmi 300 manat maaş verməyə hazır olduğunu vurğulayıb.

İş elanı saytlarında “Azcake” 2023-cü ildən sonra işçi axtarmayıb. Keçən il təndirçi ilə yanaşı, satıcı, sürücü və xadimə vakansiyaları qeyd olunub. Məvacibin 300-700 manat olduğu yazılıb.

Ümumiyyətlə, sosial media hesablarındakı rəy bölümündə daha çox tənqidə rast gəlmək mümkündür. Müştəri məmnuniyyətinin aşağı olduğunu yazanlar çoxdur. “Instagram”da bir rəydə müştəri yazıb ki, aldığı tortun içindən qoz qabığı çıxıb. Keçən ilin iyununda yazılmış başqa rəydə mağazanın ustalarının səhvə yol verdiyi də qeyd olunub.

Aytən, Bizimyol.info

Son xəbərlər
Bütün xəbərlər »