Qarabağ Gündəm Cəmiyyət Hadisə Siyasət Dünya Sağlamlıq Sosial-İqtisadi
Məhkəməyə şikayət hüququ hansı halda məhdudlaşdırılır: Ali Məhkəmənin İnzibati Kollegiyası açıqladı
Məhkəməyə şikayət hüququ hansı halda məhdudlaşdırılır: Ali Məhkəmənin İnzibati Kollegiyası açıqladı

Azərbaycanın Konstitusiyası da, qoşulduğu beynəlxalq konvensiyalar da vətəndaşa ədalətli məhkəmə araşdırması hüququ verir. Lakin elə hallar olur ki, şəxsin məhkəməyə müraciət etmək hüququ məhdudlaşdırılır. Bu məhdudiyyət hansı hallarda baş verir? Ali Məhkəmənin İnzibati Kollegiyası bu məsələyə aydınlıq gətirib.

Bizimyol.info xəbər verir ki, Ali Məhkəməyə üz tutan vətəndaş gileylənib ki, aşağı instansiya – apellyasiya məhkəməsi onun dövlət hesabına vəkillə təyin olunmaq barədə ərizəsini təmin eləməyib. Üstəlik, niyə təmin eləmədiyini də əsaslandırmayıb. Çünki apellyasiya məhkəməsinə ərizəsinə vəkil tutmağa maddi imkanı olmadığını təsdiqləyən sübutu – adına əmək müqaviləsi olmadığını göstərən sənədi də əlavə eləmişdi. Buna baxmayaraq, onun ərizəsi təmin olunmayıb və beləliklə, Ali Məhkəməyə şikayət etmək hüququ məhdudlaşdırılıb.

Məsələ burasındadır ki, Ali Məhkəməyə kassasiya şikayəti vermək üçün mütləq vəkil lazımdır. Bir neçə il öncə qanuna bununla bağlı dəyişiklik edildi. Dəyişiklik də belə əsaslandırıldı ki, məqsəd Ali Məhkəməyə daxil olan şikayətlərin keyfiyyətini yaxşılaşdırmaqdır. Çünki hüquqi biliyi olmayan şəxslər bir çox hallarda Ali Məhkəmənin araşdırma predmeti olmayan məsələlərlə bağlı şikayət və ərizələr göndərirdilər.

Sözügedən vətəndaşın ümumiyyətlə, məhkəməyə şikayəti isə istintaq orqanının fəaliyyətilə bağlıdır. Xeyli müddət əvvəl müstəntiq onun şikayəti üzrə cinayət işi başlamaqdan imtina edib. O da cinayət işinin başlanmasının rədd edilməsi haqda qərardan şikayət verib. Müstəntiqin çıxardığı rədd qərarı ləğv olunub, iş yenidən araşdırmaya göndərilib. Buna baxmayaraq, onu narazı salan məsələ ilə bağlı bundan sonra irəliləyiş olmayıb. Yəni yekun qərar olmayb.

Bu səbəbdən də vətəndaş istintaq orqanının hərəkətsizliyindən inzibati məhkəməyə üz tutub. Lakin məhkəmə onun bu şikayətinə baxılmasını mümkün saymayıb. Məhkəmə bu qərardadını əsaslandırarkən göstərib ki, “İnzibati icraat haqqında” qanun inzibati orqanların cinayət təqibi üzrə cinayət-prosessual fəaliyyətinə və inzibati xətalara dair işlər üzrə fəaliyyətinə şamil olunmur. Başqa sözlə, inzibati məhkəmə dövlət orqanlarının hərəkətlərindən verilən şikayətlərə baxır, amma həmin qurumların cinayət-prosessual və inzibati xətalarla bağlı fəaliyyətləri bura daxil deyil.

Vətəndaş birinci instansiya məhkəməsinin bu qərarından narazı qalaraq, apellyasiya şikayəti verib. Amma apellyasiya instansiyasında da nəticə dəyişməyib – qərardad qüvvədə saxlanıb. Ali Məhkəməyə kassasiya şikayəti vermək üçün vəkil lazım olduğuna görə vətəndaş maddi durumu ilə bağlı sənədi və dövlət hesabına vəkillə təmin olunmaq xahişilə ərizəsini apellyasiya məhkəməsinə təqdim edib. Lakin apellyasiya məhkəməsi onun dövlət hesabına vəkillə təmin edilmək barədə ərizəsini şikayət hüququndan sui-istifadə etmə kimi qiymətləndirib və təmin etməyib.

Belə olan halda, o, apellyasiya məhkəməsinin qərardadından vəkilsiz kassasiya şikayəti verib.

Amma Ali Məhkəmənin İnzibati Kollegiyası bu şikayətlə bağlı qəbul etdiyi qərarda göstərir ki, şəxsin məhkəməyə şikayət etmək hüququ müstəsna hallarda məhdudlaşdırıla bilər. Bu hallardan biri də şikayət hüququndan sui-istifadə etməsidir.

Şikayət hüququndan sui-istifadə edilən hallar müxtəlif ola bilər. Məsələn, usandırıcı - ciddi hüquqi əsası olmayan şikayətlər. Söhbət əsasən qarşı tərəfi narahat etmək və ya təzyiq göstərmək üçün, yaxud da bir işin həllini, məhkəmə qərarının icrasını lüzumsuz dərəcədə gecikdirmək məqsədilə edilən şikayətlərdən gedir. Daha bir hal əvvəl verilmiş, lakin mümkün sayılmamış şikayətlərə bənzər şikayətlərin təkrar-təkrar məhkəməyə təqdim edilməsidir.

Məhkəmənin lazımınca fəaliyyət göstərməsinə və qarşısında qaldırılmış icraatları lazımi qaydada həyata keçirməsinə əngəl törədən istənilən davranış şikayət hüququndan sui-istifadədir. Eləcə də, məhkəməni aldatmaq məqsədilə bilərəkdən həqiqi olmayan faktlarla əsaslandırılan şikayətin təqdim edilməsi, məhkəməyə göndərilən sənədlərin saxtalaşdırılması, şikayətçinin işin araşdırılması üçün əhəmiyyətli amil barədə məhkəməni əvvəlcədən məlumatlandırmaması halında hərəkətsizlik, şikayətçinin məhkəmə ilə yazışmalarında təhqiredici, kobud, təhdidkar və ya təxribatçı ifadələr istifadə etməsi şikayət hüququndan sui-istifadə sayılır.

Məhkəmələr şikayət hüququndan sui-istifadə edildiyi nəticəsinə gələrsə, bu halda, şikayətin mümkün sayılmaması haqqında qərardad çıxara bilər. Hətta bu hüquqdan sui-istifadə edən tərəflərə qarşı xəbərdarlıq və cərimələr barədə də qərarlar çıxarılması mümkündür.

Ali Məhkəmənin İnzibati kollegiyasının hakimləri konkret bu işdə də sui-istifadə halı olduğu qənaətinə gəlib və aşağı instansiya məhkəməsinin qərarını haqlı sayıb:

“Hazırkı işdə şikayətçi açıq-aşkar əsassız, daha əvvəl verdiyi və mümkün sayılmamış şikayətlərə, ərizələrə bənzər olanlarını təkrar-təkrar məhkəməyə təqdim etməklə, şikayət hüququndan sui-istifadə edib. Məhkəmə kollegiyası müəyyən edib ki, iddiaçı uzun müddətdir məhkəmələrdə iddialar qaldırır. Məhz hazırkı iddiaçının qaldırdığı eyni və oxşar mübahisələr ilə bağlı olan onlarla iddia tələbi üzrə apellyasiya instansiya məhkəməsinin iddianın mümkün hesab edilməməsi barədə qərardadlarından şikayətlərə baxılıb, hamısı qüvvədə saxlanılıb”.

Məhkəmə kollegiyası onu da qeyd edir ki, iddiaçının şikayət hüququndan sui-istifadə etməsinin təsbit olunması onun şikayət hüququndan məhrum edilməsi kimi başa düşülməməlidir:

“Onun hər hansı əsaslandırılmış və mümkün sayılan şikayəti olarsa, kassasiya icraatı qaydasında mahiyyəti üzrə baxılacaq. Amma iddiaçı şikayət hüququndan sui-istifadə etməyə davam edərsə, məhkəmə iddiaçıya qarşı adekvat tədbirlər görə bilər. Məhkəməyə qarşı hörmətsizlik halları qanunda nəzərdə tutulmuş məsuliyyətlə nəticələnir”.

Aytən, Bizimyol.info

Son xəbərlər
Bütün xəbərlər »