Qarabağ Gündəm Cəmiyyət Hadisə Siyasət Dünya Sağlamlıq Sosial-İqtisadi
"Saxta "parkovşik"lər və səkidə maşın saxlayanlarla "artırılan" cərimələr vasitəsilə "mübarizə" aparılır"
"Saxta "parkovşik"lər və səkidə maşın saxlayanlarla "artırılan" cərimələr vasitəsilə "mübarizə" aparılır"

İnzibati Xətalar Məcəlləsinə dəyişikliklər təklif edilir və bu dəyişikliklər parklamaya görə cərimələrin artırılmasından ibarətdir. Məsələn təklif edilir ki, velosiped yollarında hərəkət edəcək nəqliyyat vasitələrinin sürücüləri 100 manat cərimə edilsin.

Nəqliyyat məsələləri üzrə ekspert Elməddin Muradlı Bizimyol.info xəbər portalına açıqlamasında bildirib ki, cərimələrin artırılması təklifi uzun müddətdir var idi.

Elməddin Muradlı Elməddin Muradlı

“Səkidə avtomobillərin parklanması, velosiped zolaqlarında parklama, taksi duracaqlarında parklanma və s. Bunları ekspertlər təklif edirdi. Müzakirələrdə də biz bunun tərəfdarı kimi çıxış etdik ki, bu formada olsun. Yeni olan sadəcə saxta “parkovşiklər”lə bağlı yenilikdir. Çünki dövlət səviyyəsində bununla mübarizə aparmağın hüquqi mexanizmi yox idi və bu mexanizm yaradılır. Hərə əlinə bir çubuq alıb, yolun qırağında durub pul yığmamalıdır. Parklanma, qanun çərçivəsində təşkil olunmalı və işləməlidir.

Biz təklif etmişdik ki, səkidə parklanma adi dayanma durma qaydalarının pozulmasından fərqlənməlidir. Çünki səki piyadaların yoludur. Səkidə parklanma çox əcaib bir görüntü yaradır və nəticədə bu heç də xoş bir mənzərə kimi görünmür. Ona görə biz təklif eləmişdik ki səkidə parklanmaya görə cərimə sanksiyası artırılsın. Səkidə hərəkətə görə məsuliyyət var idi - 40 manat. Elə yol polisi də həmin cəriməni tətbiq edirdi. Səkidə hərəkət maddəsini tətbiq edirdilər. İnzibati Xətalar Məcəlləsinin 327.1 maddəsi ilə bu proses tənzimlənirdi. Yeni dəyişikliyə görə, bu cərimə məbləği artırılaraq 60 manat oldu.

Avtobus və velosiped zolaqları ilə bağlı təklifləri mən dəstəkləyirəm. Bəzilərinə 40 manat çox az görünürdü deyə avtobus zolaqlarında çox rahat hərəkət edirdilər. İndi cərimə sanksiyası artırılsa da, nəzarət mexanizmi ciddi qurulmayandan sonra yenə də bəzi sürücülər bundan istifadə edəcəklər. Ancaq hər bir halda kifayət qədər sanksiya böyükdür, sadəcə burda diqqətli olmaq lazımdır. Çünki günün bəzi saatlarında yol polisləri tənzimləyərkən sürücülərə zolağa daxil olmaq barədə göstəriş verirlər. Zərurətdən bu addımı atan sürücüləri də mütləq nəzərə almaq lazımdır. Yəni ucdantutma “avtobus zolağına bir ayağını qoyub çıxanları” dərhal 100 manat cərimələmək bir az absurd yanaşma olacaq.

Digər cərimə sanksiyası da qırmızı işıqda hərəkətlə bağlı idi. Bu ötən il 60 manat idi, ötən il olmuşdu 80 manat, indi də 100 manat olacaq. Bunu belə operativ şəkildə qaldırmaq nəyə xidmət edir. Kimin marağındadır, bilmirəm. Hər bir halda mən hesab edirəm ki, bu cərimələrin artması qayda pozmayan sürücüləri narahat etməməlidir. Çünki özünə hörmət edən sürücü işıqfor tələblərinə də əməl etməli, əks istiqamətə çıxıb kiməsə təhlükə yaratmamalı, sağdan soldan hoqqabazlıq etməməlidir”-deyə ekspert əlavə edib.

Elməddin Muradlı vurğulayıb ki, “Azparkinq”lə bağlı cərimələrin artırılmasından narazıdır. Ekspert bildirib ki, bəzi sürücülərin hələ də bununla bağlı məlumatı yoxdur.

“Vətəndaşlar deyir ki, “Azparkinq” ərazisinə yaxınlaşırıq, nümayəndə yaxınlaşmır, kömək etmir, məlumat vermir və nəticədə də məlumatsızlıqdan hər hansı bir yanlışlıq ortaya çıxa bilər. Bu gün 10 manat qalmağı yaxşı olardı. Bunu 20 manata qaldırmağın heç bir mənası yoxdur”-deyə ekspert əlavə edib.

İradə Cəlil, Bizimyol.info

Son xəbərlər
Bütün xəbərlər »