Azərbaycanda daha heç kim bibisinin oğlu, dayısının qızı - bir sözlə, qohumu ilə evlənə bilməyəcək. Bununla bağlı yeni mıhdudiyyətlər olacaq. Səbəb isə, genofondun qorunmasıdır. Mütəxəssislərin fikrincə, qohum evliliklərindən dünyaya gələn uşaqların müəyyən genetik problemləri olur ki, bu da genefondumuzu təhlükəyə salır.
Milli Məclisin deputatı Müşfiq Məmmədli Bizimyol.info xəbər portalına açıqlamasında bildirib ki, hazırda genetik xəstəliklərin artım templəri xüsusən Şərq ölkələrində yüksələn ardıcıllıqla davam edir. Bu da ənənəvi olaraq, yaxın qohum bağlılığı olan nikahların həyata keçirilməsidir.

Deputat vurğulayıb ki, xüsusən bioloji qohumluğu olan bu struktura daxil olan insanlar arasında nikahların bağlanılması genetik mutasiyaların daha tez meydana çıxmasına gətirib çıxarır. Bu mutasiyaların meydana çıxması və genetik amillərin, xüsusən resesif formada daşıyıcı olan xəstəliklərin insan orqanizmində olan xəstəlikləri daşıyan genlərin yaxın qohumlar arasında nigah nəticəsində artıq dominant formaya keçməsi və bu xəstəliklərin büruzə verilməsi hallarının artımı müşahidə olunur. Bura xüsusən irsi qan xəstəlikləri, nadir xəstəliklər və digər qurup xəstəliklər daxildir. Hansı ki, sırf genetik qarşılaşma, qohumlar arasında hamiləlikdə meydana gələn, qohumlar arası nikahlardan dünyaya gələn uşaqlarda daha tez biruzə verilir.
Depuat vurğulayıb ki, bunun meydana çıxması ilə bağlı risk var. Bu səbəbdən də, gənc ailələrlə müxtəlif istiqamətdə maarifləndirmə və təbliğatın aparılması ilə yanaşı, müəyyən bir administrativ tədbirlərin də həyata keçirilməsi önəmlidir.
“Xüsusən bioloji qohumluq tellərinin daha sıx olduğu bu qrup insanların ailə qurmasına təbii ki, dövlətin də müəyyən bir administrativ metodlarla mane olması vacibdir. Çünki bu müddət ərzində aparılan iş istər müvafiq dövlət orqanı tərəfindən, istər qeyri-hökümət təşkilatları tərəfindən, istərsə kütləvi informasiya vasitələri tərəfindən aparılan təbliğat işi çox təəssüf ki, istənilən effekti vermir. Doğrudur, Azərbaycan digər Şərq ölkələri ilə müqayisə etdikdə qohum evliliklərinin qarşısının alınmasına görə öndə olan ölkələrdən biridir. Ancaq biz təbii ki, öz genefondumuzun daha sağlam olması üçün çalışmalıyıq. Bu ailələrdə həyata gələn uşaqlar o ailə üçün, o nəsil üçün çox böyük bir mənəvi zərbə olmaqla yanaşı, həm də həmin insanlar, o ailəni formalaşdırmış insanlar üçün çox böyük problemlər zəncirinin meydana gəlməsinə səbəb olur”-deyən Müşfiq Məmmədli vurğulayıb ki, ən önəmli məsələ millətin genefondunun qorunmasıdır.
Deputatın fikrincə, bu istiqamətdə müzakirələrin aparılması və müvafiq dəyişikliklərin həyata keçirilməsi önəmlidir.
İradə Cəlil, Bizimyol.info