Qarabağ Gündəm Cəmiyyət Hadisə Siyasət Dünya Sağlamlıq Sosial-İqtisadi
Heç nə ilə hər şey arasında seçim
Heç nə ilə hər şey arasında seçim

Benzinli maşın sürmək, yoxsa sağlam ömür sürmək: budur məsələ...

Zaman - önəmli və amansız ölçü hissidir. Hisslərin ölçüsüdür. An, gün, il... bunlar zamanın ölçü vahidləridir. Ancaq ölçü hissi başqadır. Elə olur ki, bir günə bir ömrün məqsədlərini sığdırmaq olur. Bir günə ölkənin suverenliyini bərpa etdi dövlətimiz. Bundan dha aydın misal?!

İtirdiyin hər şeyi qaytarmaq olar. Maddi olan hər itkinin yerini doldurmaq olur. Mənəvi olanı çətin. Sonradan, yenidən, təkrar qazanılan bir şeyi geri əldə edə bilərsən. İtirdiyin zamanı yox.

İnsanı doğmalarının itkisi necə yandırıb yaxır?! İtirilən zaman da elədir. O da bizə doğmadır. Odur ki, tam vaxtında vaxtı çatmış qərarlar verilməyəndə də zamanı, yəni sənə doğma olanı itirirsən; artıq geri gəlməz. Hazırkı axmaqda olan zamanın - bəşər tarixinin ən önəmli qərarlarından biri daxili yanma mühərriklərindən elektromobillərə və hibrid mühərrikli avtomobillərə keçiddir.

Tarixin hər dönəmində hər cür keçid ağır gedir, ağrılı olur. İnsan öz həyat marağını, məişət tərzini, fərdi vərdişlərini asanlıqla dəyişməyə meylli deyil. Eləcə də, bəzi yanlış və hətta zərərli adətlər, gələnəklər kimi. İnsanların çoxu dədə-baba yolundan sapmanı özünə və keçmişinə az qala xəyanət kimi qəbul edir. Ziyan çəkir, amma əl çəkmir. Məsələn, toy-yas israfçılığı kimi, qohum evliliyi kimi. Qohumların qurduğu ailələrdə şikəst, xəstə uşaqlar doğulur; qohum ata-analar əqli, yaxud fiziki qüsurlu övladlarına baxıb bir ömür əzab çəkir, hamı da buna şahiddir. Ancaq yenə köhnə və zərərli adətlərdən əl çəkmirik. Hətta "zəhərli" adətlərdən də!

Demək olar, hamımız yaşadığımız bu meqapolisdə havanın çirkliliyindən şikayətçiyik. Bu, təkcə bizdə də deyil, bütün böyük şəhərlərdə belədir. Çox insanın toplaşdığı, yaşadığı yerdə, təbii ki, tullantılar da çox olacaq. O sıradan, zərərli qazlar. Ocaq yanırsa, tüstü də olacaq. Önəmli olan bu zəhəri, bu zərəri azaltmaq, mümkündürsə, yox etməkdir.

Birləşmiş Millətlər Təşkilatı davamlı olaraq çağırışlar edir. Mənası: yaşadığınız dünyanı təmiz saxlayın. Təbiəti boğmayın, yoxsa o, sizi boğar. Boğur da. Çirkli havada yaşayırıqsa, hər nəfəsdə bunu hiss edirik. Bəli, insan hava okeanında yaşayır. Dənizlər çirklənəndə balıqlar qırıldığı kimi, hava çirklənəndə də insanlar məhv olur.

Atmosferin çirklənməsində, bəli, çox faktorlar iştirak edir. Onların arasında benzinlə, dizellə işləyən avtomobillər də var. Həm də çox ciddi faktordur. O üzdən dünyanın qabaqcıl dövlətlərində yüksək mühəndis ağlı elektrikli və hibrid avtomobil mühərriklərini icad edib. Oxucunu rəqəmlərlə yormayacam. Hərçənd rəqəmlərə, deyəsən, sözdən daha çox inanan bir insan cəmiyyətiyik. Rəqəmlərin də dediyi söz məlumdur; bəşəriyyət salamat qalmaq üçün hər keçən gün elektromobillərə və hibrid mühərrikli maşınlara daha çox üstünlük verir. Bizim ölkəmizdə də insanlara veriləcək çox sadə sual var: uzun və sağlam ömür sürmək istəyirsən, yoxsa benzinlə işləyən avtomobil sürmək?! Seçim çox da mürəkkəb deyil. Ya da heç mürəkkəb deyil.

Bəli, tək bizim kimi ölkələrdə deyil, dünyanın başqa, daha gəlişmiş cəmiyyətlərdə də insanlar benzinli maşınlardan həvəslə və asanlıqla imtina etmir. Belə yerdə dövlət "səhnəyə çıxır", zəruri və qaçılmaz keyfiyyət keçidini həm təşviq edir, həm də sözün pozitiv mənasında diqtə edir. Çünki klassik anlamda dövlət, vətəndaşının keşikçisidir; onu necə cinayətkardan, oğrudan-quldurdan, terrorçudan, işğalçıdan qoruyursa, eləcə də, həyatına və sağlamlığına zərərli olan həyat tərzindən də qoruyur. Dövlət işğalda olan torpaqları azad edəndə, alqışladıq, eləmi?! İtkilərə ağrıdıq, amma yüksək məqsədlərə görə itki verdiyimizi anladıq deyə qəbul etdik. Mahiyyətcə eyni şey başqa hallara da aiddir. Məsələn, pulun dəyişdirilməsi hər zaman hər ölkədə ağrılı olmuş. Ancaq ölkənin bütövlükdə maliyyə sisteminin miqyaslı, iqtisadiyyatının dərin iflası ilə, tutaq ki, pulun dəyişdirilməsi arasında seçim etməli olsanız hansını seçərdiniz?! Cavab sualın özündədir. Təxminən eyni situasiya ilə qarşı-qarşıya qalmışıq: zəhərli, yoxsa zəhərsiz hava?!

Dünyada, dediyim kimi, bu proses gedir. Azərbaycan da "yaşıl enerji" strategiyasını seçib və bu, doğrudur. Təmiz enerjiyə keçid asan olmasa da, qaçılmaz perspektivdir. Hətta perspektivdən də ötə, artıq reallıqdır. Statistikaya baxsaq, benzinin, dizel yanacağının ucuz olduğu ölkələrdənik. Bu yanacaq növlərinin ucuz olduğu başqa ölkələrdə də elektrikli və hibrid mühərriklərə keçid sürətlənir. Bunun üçün dövlət benzinin və dizel yanacağının istehsalına və satışına iqtisadi alətlərlə tənzimləmələr gətirir. Həmin növ yanacaq, təbii ki, bahalaşır. Bu, dünyanın ən inkişaf etmiş ölkələrində də müşahidə olunur. Nəticə olaraq, insanlar daha çox təmiz enerji ilə işləyən avtomobillərə keçir. Əslində qiymətləri artırmağın birbaşa məqsədi, benzin və dizel yanacağı satan şirkətlərə maddi fayda vermək və ya vətəndaşa maddi zərər vurmaq deyil, insana həyat qazandırmaqdır. İnsanı təmiz enerji istehlakına - daha ucuz başa gələn və zərərsiz yaşam tərzinə yönəltməkdir. Kim "təmiz enerji" ilə işləyən maşınlara daha tez keçsə, benzin və dizel yanacaq növlərinin gözlənilən qiymət artımından az zərər görəcək, kim gecikəcəksə, daha çox itirəcək. Aqillərdən biri deyib: "Pulunu itirdinsə, heç nə itirmədin. Vaxtını itirdinsə, çox şey itirdin. Sağlamlığını itirdinsə, hər şeyi itirdin". Burdan yola çıxaraq, demək istəyirik: ənənəvi yanacaq növlərinin qiymətlərindən şikayətlənməkdənsə, bu artımlardan qurtulnaq üçün hərəkətə keçmək daha doğru olar. Necə deyiblər: "Qaranlıqda gileylənməkdənsə, bir şam yandır".

Heç nə itirməməklə çox şey itirmək, çox şey itirməklə hər şeyi itirmək arasında tək bir doğru seçim var. Onu da seç. Bu qədər aydın!

Bahəddin Həzi Bahəddin Həzi

Bahəddin Həzi, Bizimyol.info

Son xəbərlər
Bütün xəbərlər »