Futbol üzrə Azərbaycan milli komandası uzun müddətdir baş məşqçisiz qalmışdı. Canni De Byazinin gedişindən sonra müəmmalı vəziyyətə aydınlıq gətirilməmişdi. Artıq neçə oyundur komandanı meydana Arif Əsədov çıxarırdı. Amma məlum idi ki, AFFA bu dəfə də əcnəbi mütəxəssisə güvənəcək. Gözlənilən baş verib. Portuqaliyalı Fernandu Santuşla razılıq əldə olunub.
Bizimyol.info xəbər verir ki, futbol üzrə milli komandanın yeni baş məşqçisinin qarşısına Avro-2028-in seçmə mərhələsində uğurla çıxış etmək məqsədi qoyulub. Bundan başqa, əcnəbi müətəxəssis rəqabətədavamlı komanda formalaşdırmalıdır.
AFFA-nın Santuşdan nə istədiyini bilmək olmur. Qarşıda bizi dünya çempionatı gözləyir, amma assosiasiya bundan danışmır. Görünür, mundiala vəsiqənı xəyal edən yoxdur. Amma Avropa Çempionatının final mərhələsində oynamaq hüququndan da söz açılmır. Sadəcə, baş məşqçidən seçmə mərhələdə mümkün qədər uğurla iştirak etmək istənilir. Nə dərəcədə uğurla? Məsələn, milli komanda yenə 10-11 xal qazansa, bu, uğur sayılacaqmı? Qrupda neçənci yeri tutsaq, Santuş üçün məqbul hesab olunacaq? Bu suallara cavab verən yoxdur.
Gürcüstan milli komandası iyunun 18-da tarixində ilk dəfə Avropa Çempionatının final mərhələsində meydana çıxacaq. Necə böyük hadisədir! Bütün Gürcüstan üçün tarixi və əhəmiyyətli gündür. Bizdə isə milyonlar xərcləyib baş məşqçi gətirirlər, ondan da seçmə mərhələdə mümkün qədər abırlı çıxış etmək istənilir.
İndi ona gələk ki, Fernandu Santuş nə dərəcədə uğurlu namizəddir. Görünür, bizimkilər müqavilə təklif edərkən portuqaliyalının 2016-cı ildə Avropa çempionu olmasını nəzərə alıblar. Amma uzağa getmədən Santuşun son iki iş yerindən necə qovulmasını xatırlamaq olardı. Onun həm Polşa millisində, həm də “Beşiktaş”da karyerası alınmayıb. Əvvəllər işlədiyi Portuqaliya, Yunanıstan klublarında da böyük iş görməyib. Sadəcə, Portuqaliya milli komandasının yaxşı dövründə qitə birinciliyi əldə edildi, bu da Santuşun karyera dəftərində müsbət qeydlərə səbəb oldu.
Bu ölkədə futbol funksionerləri heç cür anlamadı ki, milli komandada əcnəbi məşqçiləri əlcək kimi tez-tez dəyişmək müsbət nəticə gətirməyəcək. Ölkədə ciddi futbol islahatlarına ehtiyac var. Uşaq futboluna münasibət dəyişməlidir. Yeni futbolçu nəsli yetişdirilməlidir. Belə təyinatlar milyonları havaya sovurmaqdan başqa bir şey deyil.
Sosial platformalarda yazılan rəylərin əksərində təyinat tənqid olunub. Məsələyə məzəli yanaşmalar da az deyil. Məsələn, rəylərin biri hər şəxsin dodağını qaçıra bilər: “Santusun qarşısına ilkin hədəf kimi sağ qalmaq qoyulub”. Həqiqətən də, 70 yaşlı mütəxəssisə şans verilməsi, özü də ondan 3-4 il sonra nəticə gözləmək məsxərəyə qoyulası məsələdir. Santuş hər şeydən əvvəl sağ qalmalıdır.
Aytən, Bizimyol.info