Böyük dramaturq Mirzə Fətəli Axundzadənin ölməz əsəri “Hekayəti Müsyö Jordan həkimi-nəbatat və dərviş Məstəli şah cadükuni məşhur” həm də bu motivdə çəkilmiş “Dərviş Parisi partladır” filmindən sonra çox populyarlaşmışdı. 1976-cı ildə ekranda görünən Kamil Rüstəmbəyovla Şamil Mahmudbəyovun filmi tamaşaçıların böyük sevgisini qazandı. Müsyö Jordan obrazına vurulmamaq mümkün deyildi. Qəhrəmanın bizim dildə ifadələri təhriflə deməsi istənilən azərbaycanlının dodağının qaçmasına səbəb ola bilərdi. Müsyö Jordanın nəcibliyi, səmimiliyi obraza xüsusi rəğbət yaradırdı.
Bizimyol.info xəbər verir ki, Müsyö Jordan gerçəkdən həyatda olmuş insandır. Bəlkə də, tamaşaçıların əksəri bu barədə məlumatsızdır. Obrazın hətta məşhur fransız yazıçı Aleksandr Dümanın prorotipi olduğunu iddia edənlər tapılırdı. İş orasındadır ki, Axundzadə əsəri 1850-ci ildə yazıb, Düma isə Azərbaycan torpaqlarına 1858-59-cu illərdə ayaq basıb. Yəni Mirzə Fətəlinin fransız yazıçını təsvir etməsi mümkün deyildi.
Əsərdə fransız botanik Aleksis Jordandan söhbət gedir. O, 1814-cü ildə Fransanın Lion şəhərində varlı tacir ailəsində doğulub. Hələ erkən gənclik illərində Klemans Lorte, Jan-Batist Balbis, Jorj Roffavye kimi elm adamları ilə tanış olmağı bacarıb. Sonradan botanikaya böyük marağı yaranıb. 1850-ci ildə Lion Elmlər Akademiyasına üzv seçilib. Sonralar botanikada “İordaniya məktəbi” adlanan cərəyanın banisi kimi qəbul edilib. Bir sıra bitki növünü üzə çıxarmaqla tarixdə qalıb. Xeyli qurudulmuş bitki kolleksiyası olub. “Dərviş Parisi partladır” filmində də buna eyham vuran nüans var. Orada fransız qonaq qurudulmuş bitkiləri kitabın arasında saxlayırdı. Aleksis Jordan yeni becərmə metodları da təklif edib.
Bəs “Müsyö Jordan ağa” Azərbaycana nə vaxt gəlib? Təəssüf ki, fransız mənbələrində də bu haqda dəqiq məlumat tapa bilmədik. Mirzə Fətəli Axundzadə onu 40 yaşlı parisli kimi təqdim edib. Onun paytaxtda doğulmadığını bilirik. Aleksis Jordan elə doğulduğu Lionda da vəfat edib (1897-ci il). Axundzadə ilə görüşübsə, onda da 40 yaşı ola bilməzdi. Çünki Jordan elmlə 1845-ci ildən ciddi məşğul olmağa başlayıb. Uzun müddət hətta botanika ilə entomologiya arasında dilemma yaşayıb. Böyük ehtimalla Mirzə Fətəli onu 1845-ci ildən sonra görüb. Ola bilər ki, bu iki şəxs heç vaxt görüşməyiblər, sadəcə, böyük yazıçı botanik haqda geniş məlumat əldə edə bilib.
Fransız mənbələrinə göz gəzdirərəkən Aleksis Jordanın çox maraqlı fikrinə də rast gəldik. O, xeyli birki növünü üzə çıxarıb. Bunu necə bacarması haqqında isə deyib: “Ona görə çox növ tapırdım ki, çox axtarırdım”.
Aleksis Jordanın botanika tarixində əhəmiyyətli yeri var. Həyatımız boyu elə bitkilərə toxunmuşuq ki, bunu sevimli “Müsyö Jordan ağa”nın üzə çıxardığından xəbərsiz olmuşuq.
Aytən, Bizimyol.info