İyulun 1-dən etibarən taksi fəaliyyəti ilə bağlı nəzərdə tutulan yeni qaydaların tətbiqindən sonra buraxılış ili 2016-dan əvvəl olan və “Avro-5” standartlarına cavab verməyən nəqliyyat vasitələrinin bu sahədə istifadəsi məhdudlaşdırılır.
Qeyd edək ki, Azərbaycanda taksi sahəsində fəaliyyət göstərən şirkətlərin bir çoxunda istifadə olunan maşınların əksəriyyəti yeni kriteriyalara cavab vermir. Bu dəyişiklikdən sonra vəziyyət necə olacaq, standartlara cavab verməyən avtomobillər taksi fəaliyyəti ilə məşğul olsa nə baş verəcək?
Nəqliyyat məsələləri üzrə ekspert Rauf Ağamirzəyev Bizimyol.info xəbər portalına açıqlamasında bildirib ki, taksi fəaliyyəti ilə bağlı zaman-zaman müzakirələr həyata keçirilib. Keçən ilin sonundan islahatlara start verilib və təlimlər başlanılıb.

“Müəyyən tarixlər qeyd olunmuşdu, son tarix 1 iyul tarixinə nəzərdə tutulub. Keyfiyyət və yaş kriteriyaları müəyyən olunub. Müəyyən təlimlər başlayıb və bu təlimlərdən keçən taksi sürücüləri qanunvericilikdə nəzərdə tutulmuş yaş limitinə uyğun olduğu təqdirdə, onlar fəaliyyət göstərə biləcək. 1 iyula qədər 15 yaşa qədər avtomobillərin fəaliyyəti üçün müraciət edə bilirsə, 1 iyuldan sonra yalnız 8 yaşa qədər olan avtomobillər müraciət edə bilər. Onlara da 7 illik lisenziya veriləcək. Amma 1 iyula qədər olan tarixdə avtomobillərin yaşı çoxdursa müvafiq olaraq, verilən icazə də ona müvafiq olaraq az olacaq”-deyə Rauf Ağamirzəyev vurğulayıb.
Ekspertin sözlərinə görə, bu islahat nəticəsində bir müddətdir ki, artıq taksilərin sayında azalma müşahidə edilir və bu dəyişiklik qiymətdə də özünü göstərir.
Rauf Ağamirzəyev bildirib ki, qeyd olunan tələblərə cavab verməyənlər üçün qanunvericiliyin qoyduğu qaydalara əsasən müəyyən cərimələr də gözləniləndir.
Ekspert deyir ki, əgər kimsə qanuna əməl etmirsə, müvafiq olaraq məsuliyyətə cəlb oluna bilər. Təbii ki, bu proses də mərhələli şəkildə icra olunacaq.
“Düşünürəm ki, bu da demotivasiya tədbiridir və insanları fərdi nəqliyyatdan daha çox digər növlərə yönləndirmək üçün atılmış bir qərardır. Stimullaşdırıcı tədbirlər görülməlidir. Paralel olaraq, onu da müşahidə edirik. Amma bu prosesi sürətləndirmək lazımdır. Yəni bir məntəqədən digərinə getmək üçün fərqli həll yolları təklif olunmalıdır. Bu da piyada infrastrukturudur və mikromobillik elementləridir. 1-3 km və yaxud 5 km-ə qədər olan məsafədə mikromobillik və avtobuslar üçün üstünlüyü təmin edilən avtobus zolağıdır. Bu, birinci mərhələdir. Gələcəkdə ikinci mərhələ olaraq, relsli nəqliyyatın şəhərə qaytarılması önəm daşıyır. Müxtəlif rels növləri - metronun və dəmir yolunun inkişafı üçün paralel olaraq yeniliklər tətbiq edilməlidir",-deyən ekspert hesab edir ki, bunları da çeşidlədiyimiz zaman bəzi həllərə öncəlik təmin etmək olar.
“Misal üçün dəmir yolu varsa, şəhər daxilində əlavə dayanacaq vermək - Dərnəgül, Keşlə, Nərimanov, Böyükşor vəs . olar. Bu da şəhərin fərqli nöqtələrində çıxış imkanını təmin edərək, həm metronun müəyyən stansiyalarını, həm də avtobusun da yükünü azaltmış olacaq”-deyə Rauf Ağamirzəyev bildirib.
Ekspertin sözlərinə görə, digər hərəkət növlərində də sərt nəzarət təmin olunmalıdır. Çünki səkilərin, avtobus və velosiped zolaqlarının zəbt olunması halları müşahidə edilir. Bu da onların funksionallığını aşağı salır.
Rauf Ağamirzəyevin fikrincə, həm velozolaqlar, həm də avtobus zolaqları şəbəkələşməlidir. Ekspert vurğulayıb ki, hazırda qanunvericilikdə bəzi dəyişikliklər üçün Milli Məclisə müraciət olunub. Bu ay ərzində cərimələrin də artırılmasıyla bağlı müraciətə baxılacağı gözlənilir.
Rauf Ağamirzəyev deyib ki, bu proses mərhələli şəkildə icra olunacaq.
İradə Cəlil, Bizimyol.info