Qarabağ Gündəm Cəmiyyət Hadisə Siyasət Dünya Sağlamlıq Sosial-İqtisadi
Sürücü məktəbliləri ölümlə təhdid etdi: "Üzüaşağı sürərəm, ölərsiniz, mənim vecimə deyil" - Video
Sürücü məktəbliləri ölümlə təhdid etdi: "Üzüaşağı sürərəm, ölərsiniz, mənim vecimə deyil" - Video

İyunun 8-də oğlumun sinif yoldaşları ilə birlikdə Qubaya gəzintiyə getməyə qərar vermişdik. Sürücümüz saat 7-də bizim məktəbin qarşısında gözləməli idi. Onu da deyim ki, sürücünü tur agentliklərinin birindən təşkil etmişdilər. Saat 7:40-da əsəbi əhvalda və aqressiv xarakterdə bir sürücü gəldi. Niyə gec gəldiyini soruşduqda “mən beləyəm” deyə aqressiv şəkildə cavab verdi.  “Lənət şeytana” deyib uşaqların həvəsini qursağında qoymamaq üçün söhbəti uzatmadan yola çıxdıq...

Zarat postunda məlum sürücü qaydaları pozdu. Postdan başlayıb yolboyu arxasınca düşən polisi də əxlaqsız söyüşlərlə söyən sürücü, nəhayət avtobusu saxladı və onu saxlayan polis əməkdaşı ilə "söz"lü mübahisəyə başladı. “Dayan, mən sənə göstərəcəyəm kiməm...” və söyüşlər, sonra telefonunu götürüb, kiməsə zəng vurdu. Beləcə məsələsini həll edən sürücü yola davam etdi, təbii ki, daha yüksək sürətlə. Avtobusu bir neçə yerdə saxladı.

Quba elə bir rayondur ki, ilin hər fəslində yağışa düşə bilərsiniz. Biz də düşdük. Ayaqqabılarımız Qubanın lilli palçığına bulaşdı. Bacardığımız qədər təmizləməyə çalışdıq, amma bu avtobus sürcüsünün heç xoşuna gəlmədi. 15 yaşlı uşaqları tərbiyəsiz söyüşlərlə söyməyə başladı. Etikadan kənar olduğu üçün söyüşləri yaza bilmirəm.

Oğlum yaşıdlarına ünvanlanan təhqiramiz ifadələrə tab gətirmədi və ən kiçik mədəniyyət zərrəciyi daşımayan sürücüyə ifadələrinə diqqət etməsi istiqamətində etik xəbərdarlıq etdi: Dedi ki, “sən tur şirkətinin sürücüsüsən və bilirsən ki, səfər çərçivəsində bu kimi hallar baş verə bilər. Buna görə, kimisə söyməyə haqqın yoxdur. Nəticədə buradakı heç kimə ödənişsiz xidmət göstərilmir”.

İnsani keyfiyyətlərdən məhrum şəxs, öz tərbiyəsini əks etdirən təhqiramiz ifadələri leysan kimi göndərməyə davam etdi, “50 min verib maşın almışam ki, siz palçığa bulayasanız”. Sonra da məlum şəxs oğlumun sinəsindən itələyərək, “bir dənə vuraram, yan çönərsən” dedi. İdarə etdiyi nəqliyyat vasitəsində özünü "idarə" edə bilməyən sürücünün fiziki şiddətə yönəlik davranışından sonra sərnişinlərlə arasındakı mübahisə daha da qızışdı. 35-40 yaşlarındakı sürücü, övladı yaşında sayılan uşaqları ölümlə təhdid etdi. “Bu saat üzüaşağı sürərəm, hamınız ölərsiniz, mənim heç nə vecimə deyil” deyib, uçurumun kənarında avtobusu sürətlə sürürdü. Uşaqlar çox qorxmuşdu. Avtobusda oturan 17 uşaq o yaşlarında ölümlə üz-üzə idi.

Dəfələrlə sürücüyə daha aşağı sürətlə idarə etməsi barədə xahiş etsək də, heç bir istək diqqətə alınmadı. Yarış maşını pilotundan fərqlənməyən sürücü, 90 km olan yolu 130-140 la idarə edirdi.

Sağlamlığına zərbə vuran və təhlükəsizliyi təmin etmək əvəzinə, özü canlı təhlükəyə çevrilən şəxslərin işlədiyi tur şirkətlərinə güvənmək mümkünmü?! Bu şəxslər turlara müraciət edən insanların həyatı üçün potensial təhlükə deməkdir. Bu sürücülərin alkoqollu içki və ya narkotik aludəçisi olmadığına kim zəmanət verə bilər. Hər halda 35-40 yaşında "ağlı başında" olan şəxs, övladı yaşında uşaqlara qarşı söyüş xarakterli ifadələr işlətməz.

Ümid edirik ki, tur şirkəti və Daxili İşlər Nazirliyi sürücü haqqında müvafiq tədbirlər görəcək. Çünki məlum şəxsin yollarda olması digər sərnişinlərin həyatı üçün də təhlükə yaradır. Tərbiyəsiz, əxlaqsız və özünü idarə edə bilməyən bu kimi şəxslərin yollara buraxılmaması və layiqincə cəzalandırılması üçün müvafiq tədbir görülməlidir.

Qeyd edək ki, hadisə ilə bağlı tur şirkəti və Daxili İşlər Nazirliyinə sorğu göndərilib. Hər iki tərəfin mövqeyi növbəti yazılarda yayımlanacaq.

İradə Cəlil, Bizimyol.info

Son xəbərlər
Bütün xəbərlər »