Həyatımızın əsas mənbəyi olan su, həddindən artıq miqdarda istehlak edildikdə həyatı təhlükə altına alır. “Sadəcə su içməklə zəhərlənmək mümkündürmü? Sualın cavabı təəccüblü ola bilər.
Bizimyol.info "webtekno"ya istinadən xəbər verir ki, bəli, sadəcə su içməklə zəhərlənmək, hətta ölmək də mümkündür.
- “Su intoksikasiyası” və ya “hiponatremiya” kimi də tanınan bu vəziyyətlə nə vaxt qarşılaşırıq?
- Kimlər risk altındadır?
Sudan zəhərlənmə nədir?
Natrium bədənimizdəki maye balansının qorunmasında rol oynayan bir amildir. Normalda orqanizmdə kifayət qədər su-elektrolit balansı saxlanarkən, orqanizmdə su səviyyəsinin həddindən artıq artması qanda natrium səviyyəsinin azalmasına səbəb olur ki, bu da su intoksikasiyası deməkdir.
Təhlükəli dərəcədə aşağı natrium səviyyələri hüceyrələrin, beyin və orqanların şişməsinə səbəb ola bilər, bu da ölümcül nəticələrə səbəb ola bilər.
Necə zəhərlənirik? Kimlər risk altındadır?
Adətən qısa müddətdə çox miqdarda su istehlakı nəticəsində zəhərlənmə baş verir. İdmançılar, əsgərlər və marafonçular kimi intensiv fiziki fəaliyyət zamanı artıq su istehlak edən insanlar risk altındadırlar.
Marafon zamanı həddindən artıq su içən qaçışçının bədəni suyu tez emal edə bilmir və nəticədə su intoksikasiyası baş verir.
Bundan əlavə, bəzi psixoloji pozğunluqları olan şəxslər də həddindən artıq su istehlak edə bilər. Polidipsiya adlanan bu vəziyyət xəstənin daim çox miqdarda su içmək istəməsinə səbəb olur.
Sudan zəhərlənmənin əlamətləri hansılardır?
Su intoksikasiyasının simptomları yüngül baş ağrısından ciddi nevroloji problemlərə qədər dəyişə bilər. İlk simptomlara adətən baş ağrısı, ürəkbulanma və qusma, qarışıqlıq və şişkinlik hissi daxildir.
Daha inkişaf etmiş mərhələlərdə huşun itirilməsi, qıcolmalar və koma baş verir. Bu əlamətlər bədəndəki hüceyrələrin, xüsusən də beyin hüceyrələrinin həddindən artıq su qəbulu nəticəsində şişməsi ilə baş verir.
Nə qədər su içməliyik?
Yetkin bir insanın gündə təxminən 2-3 litr su istehlak etməsi tövsiyə edilsə də, gündəlik su ehtiyacı insandan insana dəyişə bilər. Xüsusilə idmanla məşğul olanda və ya isti havalarda bu məbləğ arta bilər, lakin həddindən artıq çox olmamalıdır.
Bədəninizin susuzluq siqnallarını müşahidə edə və su istehlakınızı buna uyğun tənzimləyə bilərsiniz.
Su həyat olsa da, hər şeyin artıqlığının zərərli olduğunu unutmamalıyıq. Sudan zəhərlənmələr nadir olsa da, balanslı və şüurlu su istehlakı ilə sağlam həyat sürə bilərsiniz.
"Bir inci saflığı varsa da suda, artıq içiləndə dərd verir o da" - Nizami Gəncəvi
Qadir, Bizimyol.info