Qarabağ Gündəm Cəmiyyət Hadisə Siyasət Dünya Sağlamlıq Sosial-İqtisadi
"Keçəlin dərmanı olsa"... Vətəndaş 250 manata kirayə ev tapmasa, minimum maaş ay sonuna çatmaz
"Keçəlin dərmanı olsa"... Vətəndaş 250 manata kirayə ev tapmasa, minimum maaş ay sonuna çatmaz

Yay artıq gəlib. Bakıda kirayə axtaranlar tələbələrin köçüb getməsini və kirayə qiymətlərin enməsini gözləyir. Lakin ev alqı-satqısı ilə məşğul olanlar deyir ki, artıq heç kim tələbələrin harasa gedəcəyini, buna görə də kirayə qiymətlərin enəcəyini gözləməsinlər: "Tələbələr artıq rayonlarına qayıtmır, heç kim heç hara getmir. Bu, əvvəllər belə idi. İndi tələbələr semestr imtahanları bitən kimi şəhərdə qalıb işləyirlər. Tələbələr istirahət etməyi deyil, işləməyi seçir. Ona görə də, kirayə evlərin qiymətinin enəcəyini oturub gözləməyin heç bir mənası yoxdur" - deyə, "makler"lər bildirir.

Tələbələrin bir qismi onların dediyini təsdiqləyir və bildirirlər ki, ölkədə həm gündəlik yaşayış xərcləri, həm də təhsil ödənişləri olduqca bahalı olduğundan, daha heç kim 2-3 aylıq yay tətilini gedib rayonda istirahətə xərcləmək istəmir. Bunun yerinə işləməyi seçirlər. Hətta universiteti bitirdikdən sonra da onlar bu evlərdə yaşamağa, işləməyə davam edirlər.

Bakının kənar qəsəbələrində bir otaqlı balaca evlərin kirayə qiyməti 250 manatdan başlayır. Ailəli olub, kirayə evlərdə yaşayanlar isə həm "makler"lərin, həm də ev sahiblərinin insafsızlıq etdiyini bildirirlər. Aylığı 250 manat olan bir otaqlı ev adətən natəmiz, təmirsiz və yararsız halda olur. Xəstəlik və antisanitariya çox vaxt belə evlərdən əskik olmur. Yayda isə istilər düşdüyündən, bu darısqal və havasız evlər daha da dözülməz olur.

Minimum əməkhaqqının 345 manat olduğu ölkədə kirayə evlərin qiyməti 250 manatdan başlayır və evi olmayanlar məcbur qalıb, o evlərdə yaşayırlar. Çünki alternativləri yoxdur. 345-500 manat əməkhaqqı alıb, onun tən yarısını, bəzən də hamısını kirayə verənlərin ölkəsində Mərkəzi Bankın yeni binasına 750 milyon manat xərc qoyulur. O Mərkəzi Bank ki, vur-tut 200 işçisi ya var, ya yox.

Yeri gəlmişkən, Fransa müstəmləkəçiliyindən imtina edib, azadlıq istəyən, "həmbayraq" olduğumuz ada dövləti Yeni Kaledoniyada minimum əməkhaqqının 2500 manatdan artıq olmasına baxmayaraq, 345 manat minimum əməkhaqqımızla onlara maddi dəstək duracağımıza da söz vermişik. Bəlkə də kaledoniyalı dostlarımız Azərbaycanda 350 manat minimum əməkhaqqı ilə kirayə evlərin 250 manatdan başladığını bilsəydilər, Fransa ilə mübarizəni dayandırıb, cibimizə bir az pul qoyardılar.

Mətin Şükürlü, Bizimyol.info

Son xəbərlər
Bütün xəbərlər »