Qarabağ Gündəm Cəmiyyət Hadisə Siyasət Dünya Sağlamlıq Sosial-İqtisadi
"Daş"a dönən büdcə pulları... Mərkəzi Bankın binasının tikinti vəsaiti 770 milyon manata çatıb
"Daş"a dönən büdcə pulları... Mərkəzi Bankın binasının tikinti vəsaiti 770 milyon manata çatıb

Mərkəzi Bank hələ 2020-ci ilin fevralında yeni inzibati binasının detallı layihələndirməsi və tikintisi üçün tender elan etmişdi. Bundan bir il sonra “Tekfen İnşaat” şirkətinin tenderin qalibi olduğu bildirilmişdi. Türkiyə şirkəti Bakıda bir sıra layihəni həyata keçirib. “SOCAR Tower”, Bakı Olimpiya Stadionu, Vergilər Nazirliyinin inzibati binası kimi bahalı layihələr “Tekfen İnşaat”a qismət olub. Onda tenderin qalibi ilə 218 milyon avro dəyərində müqavilə imzalandığı açıqlanmışdı. Yəni ümumi xərclərin 450 milyon manat olduğu qeyd edilirdi.

Bizimyol.info xəbər verir ki, Mərkəzi Bankın binasının tikintisinə ayrılan vəsait 770 milyon manata çatıb. Məbləğ birdən-birə 320 milyon manat artırılıb. Müqaviləyə əlavə edilmiş yeniliklərə görə, məhz binanın ucaldılmasına 637 milyon manat gedəcək. Amma 133 milyon manat da inzibati binanın mebel və avadanlıqla təmin edilməsinə xərclənir.

Mərkəzi Bankın yeni inzibati binası 37 mərtəbədən ibarət olmalıdır. Sahəsi 68 min kvadratmetrə çatır. Bakının Heydər Əliyev prospektində yerləşən binanın hündürlüyü 168 metrə bərabər olacaq. O vaxt tikintinin 36 aya yekunlaşacağı bildirilmişdi.

“Tekfen İnşaat” Azərbaycanda 1995-ci ildən bəri fəaliyyət göstərir. Şirkətə Mustafa Kopuz rəhbərlik edir. 1968-ci ildə doğulan Kopuz 26 yaşından “Tekfen İnşaat”da işləyir. 2019-cu ildən rəhbərlikdə yer tutmağa başlayıb. Hələ 2023-cü ilin fevralında Mərkəzi Bankın yeni binasının tikintisinin dayandırılması danışılmağa başlanmışdı. Qurumun rəhbəri Taleh Kazımov məsələyə aydınlıq gətirməli olmuşdu. O, tikintinin dayandırılmadığını və binanın optimallaşdırılması üzərində iş aparıldığını demişdi. Taleh Kazımov xüsusi olaraq qeyd etmişdi ki, bəzi xərclər nəzərdə tutulmamışdı, indi ortaya çıxıb. Beləcə, “optimallaşdırma” büdcəyə 320 milyon manata başa gəlib.

Mərkəzi Bankn yeni binasının tikintisinə ayrılan vəsaitin az qala 1 milyard manata çatmasını ictimaiyyət heyrətlə qarşılayıb. Ekspertlər, sosial media istifadəçiləri büdcənin çiyinlərinə belə ağır yükün qoyulmasını lazımsız sayırlar. Mərkəzi Bankın işçi sayı bəlkə heç 300 nəfərə çatmır. Bu qədər xərcə nə ehtiyac vardı?! Cəmi 12 milyard dollar aktivi olan quruma az qala 1 milyard manata bina tikilir. Heç olmasa, internetdən Norveç Ehtiyat Fondunun binasına baxmaq lazımdır. Fondun aktivləri çoxdan 1 trilyon dolları keçib, amma qurum üçmərtəbəli binada yer alır. Azərbaycanda büdcə pulları havaya sovurmaq ən rahat işə çevrilib.

Aytən, Bizimyol.info

Son xəbərlər
Bütün xəbərlər »