"Türkiyə-Azərbaycan münasibətləri, iki dövlət arasındakı normal beynəlxalq əlaqələrdən başqa, hər iki dövlətin çıxarlarını qorumaq üçün qurulmuş və dünyada tək olan bir hadisədir. Türkiyə-Azərbaycan münasibətləri içərisində SOCAR vacib şirkətlərdən biridir. Bu şirkətin illik gəliri, Türkiyə iqtisadiyyatı üçün hardasa 2 milyard əlavə dəyər yaradır".
Bu barədə Bizimyol.info xəbər portalına Türkiyənin Atatürk Universiteti İqtisadiyyat və İdarəetmə fakültəsinin müəllimi, professor Kərəm Qarabulud danışıb. Professor hesab edir ki, SOCAR-a olan hücum, əslində, Türkiyə-Azərbaycan dostluğuna qarşı olan bir hücumdur. Çünki, edilən hücumun səbəbi nə olursa-olsun, istər İsrail-Fələstin münasibətləri olsun, istər başqa bir vəziyyət olsun, heç bir şəkildə qəbul edilə bilməz.

“Türkiyə ictimai rəyinin və hakimiyyətinin hamısı bu hücuma qarşıdır. Türkiyə hüquq dövlətidir. SOCAR şirkəti hüquq qaydaları vəTürkiyənin ticarət qanunları çərçivəsində Türkiyədə fəaliyyət göstərən bir şirkətdir. Bu şirkətin hücuma məruz qalması, Türkiyə Respublikasının heç bir qurumu tərəfindən qəbul edilə bilməz. Türkiyədə fəaliyyət göstərən beynəlxalq firma olduğu üçün əgər SOCAR-ın da bir səhvi varsa, Türkiyənin ticari qanunları çərçivəsində dəyərləndirilə bilər”-deyə Kərəm Qarabulud qeyd edib.
Professorun fikrincə, bu hücum, Türkiyə-Azərbaycan münasibətlərini pozmaq üçündür. Kərəm Qarabulud hesab edir ki, hadisənin çox diqqətə alınacaq vəziyyət olmadığını demək lazımdır.
“Həm Türkiyə, həm Azərbaycan bunun hansı məqsədlə edildiyini bilir. Buna görə də iki ölkə münasibətlərində bu cür iyrənc hücumlara görə hər hansı bir pozulma olmaz. Bu münasibətlər kənardan ediləcək bu cür hücumlarla pozulacaq deyil. Belə bir hücumun Türkiyə-Azərbaycan münasibətlərində heç bir şəkildə hərhansı bir neqativ təsirinin olmayacağını düşünürəm. Bu cür hücumları edən məqsədli qruplar üçün Türkiyə Respublikası lazımi tədbirləri görəcək.
İstər SOCAR olsun, istər Türkiyənin özünə aid bir firma olsun, istər başqa ölkəyə aid başqa bir şirkət olsun, Türkiyənin ticari qanunlarına və hüquq qaydalarına əks hərəkət etdiyi zaman hüququ qaydada müşahidə aparıla bilər. Belə səhv addımların qarşısının alınması üçün Türkiyə Respublikası bir şəkildə əngəlləyici tədbirlər görəcək"-deyə professor bildirib.
“Bəzən ölkələr arasında xalqların münasibəti yaxşı olar, hakimiyyətin olmaz. Bəzən hakimiyyətlərin yaxşı olar, xalqın münasibətləri yaxşı olmaz. Amma, Türkiyə-Azərbaycan münasibətlərində həm hakimiyyətlər, həm də xalqların münasibətləri yaxşıdır, eyni gələcəyi bir yerdə planlamaqdadırlar. Bunun ən bariz nümunəsi, Şuşa bəyannaməsidir. Şuşa bəyənnaməsinin maddələrinə diqqət yetirsəniz, Türkiyə və Azərbaycanın sadəcə bu günü deyil, gələcəyi bir yerdə planlayan iki ölkə olduğunu görürük. Belə bir plan, hazırlayan iki ölkənin belə hücumlarla münasibətləri pozulmaz, zərər görməz”-deyə Kərəm Qarabulud qeyd edib.
İradə Cəlil, Bizimyol.info