Qarabağ Gündəm Cəmiyyət Hadisə Siyasət Dünya Sağlamlıq Sosial-İqtisadi
Şimali Kipr Türk Cümhuriyyətinin (ŞKTC) təhsil naziri və rəsmi nümayəndələri MEK-i ziyarət edib
Şimali Kipr Türk Cümhuriyyətinin (ŞKTC) təhsil naziri və rəsmi nümayəndələri MEK-i ziyarət edib

30 may 2024-cü il tarixində Azərbaycan Milli Elmlər Akademiyasının (AMEA) prezidenti akademik İsa Həbibbəyli, YAP Yasamal rayon təşkilatının sədri Bəxtiyar Nəbiyev və ölkəmizdə səfərdə olan Şimali Kipr Türk Cümhuriyyətinin (ŞKTC) təhsil naziri Nazim Çavuşoğlu, ŞKTC-nin Bakıdakı nümayəndəsi Ufuk Turqaner Mərkəzi Elmi Kitabxanada yaradılan “Şimali Kipr Türk Cümhuriyyəti” diplomatik guşəsinin açılışında iştirak ediblər.

Açılış zamanı qonaqlar “Akademik zal”da yaradılan guşədə ŞKTC-nin Azərbaycandakı nümayəndəliyinin MEK-ə hədiyyə etdiyi ədəbiyyatlarla tanış olublar.

Görüş zamanı qonaqları salamlayan AMEA-nın prezidenti akademik İsa Həbibbəyli Ulu Öndər Heydər Əliyevin Azərbaycan və Türkiyə arasındakı münasibətləri xarakterizə edən milli konsepsiya “Bir millət, iki dövlət” fikrindən bəhs edərək, konsepsiyada Şimali Kipr Türk Cümhuriyyətin Türkiyədən ayrı heç vaxt nəzərdə tutulmadığını vurğulayıb. Azərbaycan Respublikasının Prezidenti İlham Əliyevin andiçmə mərasimində “Bizim ailəmiz Türk dünyasıdır” dediyini xatırladan akademiya rəhbəri,  Türk dünyası xalqlarının bir-biri ilə tarixi bağlılığına söykənən əlaqələrinin genişləndirilməsindən və xalqlarımız arasında müxtəlif sahələrdə əməkdaşlığın artırılması üçün imkanların mövcud olmasından danışıb. O, Prezident İlham Əliyevin ŞKTC-nin Prezidenti Ersin Tatar ilə görüşünün bütün dünyaya Azərbaycanın ŞKTC-nə rəsmi münasibətini elan etdiyini, bu görüşün Azərbaycanla Şimali Kipr arasındakı münasibətlərin artan xətlə davam etməsinə töhfə verəcəyini vurğulayıb. Azərbaycan-Şimali Kipr Türk Cümhuriyyəti Parlamentlərarası Dostluq Qrupunun yaradılmasının təsadüfi olmadığını diqqətə çatdıran akademiya prezidenti, Mərkəzi Elmi Kitabxanada yaradılan guşəni ŞKTC ilə AMEA arasında  qurulan ilk körpü kimi dəyərləndirib.

ŞKTC-nin təhsil naziri Nazim Çavuşoğlu Türk dünyasının bir ailə olduğunu, qardaş Azərbaycanın Türk dünyasının sıx birləşməsinə öz töhfəsini verdiyini qeyd edib. N.Çavuşoğlu vurğulayıb ki, Şimali Kipr və Azərbaycan əzmlə mübarizə apararaq öz məqsədlərinə nail olub. Ölkələrimiz arasında elm və təhsil sahəsində əlaqələrin inkişaf etdirilməsinin vacibliyini qeyd edib.

ŞKTC-nin Bakı üzrə nümayəndəsi Ufuk Turqaner diqqət və qonaqpərvərliyə görə AMEA rəhbərliyinə təşəkkürünü bildirib.

MEK-in direktoru texnika elmləri üzrə fəlsəfə doktoru, dosent Hüseyn Hüseynov rəhbəri olduğu kitabxana haqqında ümumi məlumat verib. Direktor qeyd edib ki, dünyanın 46 ölkəsi və 126 təşkilatı ilə əməkdaşlıq yaradan kitabxanada xarici əlaqələrin qurulması əsas prioritet istiqamətlər sırasındadır. MEK-də ərsəyə gələn “Şimali Kipr Türk Cümhuriyyəti” diplomatik guşəsinin yaradılmasında AMEA-nın prezidenti İsa Həbibbəylinin xüsusi dəstəyi olduğunu vurğulayan H.Hüseynov bu istiqamətdə bundan sonra da işlərin davam edəcəyini və zəruri addımların atılacağını nəzərə çatdırıb.

AMEA prezidenti akademik İsa Həbibbəyli MEK-in direktoru texnika elmləri üzrə fəlsəfə doktoru, dosent Hüseyn Hüseynova “Şimali Kipr Türk Cümhuriyyəti” diplomatik guşəsinin daha da zənginləşdirilməsi ilə bağlı müvafiq tapşırıqlar verib.

Daha sonra MEK-in Qarabağ müharibəsi qəhrəmanları fondu ilə tanış olan qonaqlar burada Qarabağ müharibəsinə həsr edilən sənədlərin sistemli şəkildə toplanaraq mühafizə olunması barədə ətraflı məlumat əldə ediblər.

Son xəbərlər
Bütün xəbərlər »