Qarabağ Gündəm Cəmiyyət Hadisə Siyasət Dünya Sağlamlıq Sosial-İqtisadi
Elektron ticarətdə "İslamofobiya"... Müqəddəs kitabın ölkəmizə çatdırılması "uyğun" görülmür - Video
Elektron ticarətdə "İslamofobiya"... Müqəddəs kitabın ölkəmizə çatdırılması "uyğun" görülmür - Video

Ölkədə satışı qadağan olunmuş və ya ağır senzuralarla məhdudlaşdırılmış, xaricdən gətirildiyi zaman məsul qurumların xüsusi icazəsi tələb olunan bir sıra əşyaların içində din təmayüllü kitablar da yer alır. Xaricdən, məsələn, Türkiyədən "Trendyol" vasitəsilə mövzusu din olan kitablar (hədis, təfsir, Qurani-Kərim, Fiqh və sair) sifariş etsəniz, "Azərbaycan üçün uyğun deyil!" kimi bir ifadə ilə rastlaşacaqsınız. Ancaq sifariş verəcəyiniz kitab İncil və ya ümumi xristianlıq, yaxud yəhudilikdən bəhs edən, bu dinlərin əsasının qeyd olunduğu İslamdankənar digər dinlərə məxsus kitabların ölkəyə gətirilməsi isə sərbəstdir. Bu kitabları axtarış bölməsinə yazdığınız zaman "Azərbaycan üçün uyğundur!" təsdiq yazısını oxuya bilirsiniz.

Burada çox ciddi və konkret cavablar gözləyən suallar, problemlər ortaya çıxır. Bütün dinlərə qarşı tolerantlığın və sərbəstliyin olduğu söylənən bir ölkədə nə üçün bir tək İslami kitabların gətirilməsinə qadağa, məhdudiyyət, senzura qoyulur? Əgər bu, bütün dinləri əhatə edirsə, o zaman nə üçün xristian, yəhudi, buddist, şamanist, aqnostik və sair kimi İslamdan başqa bütün dinlərə məxsus kitabların gətirilməsinə heç bir məhdudiyyət qoyulmayıb?

Trendyol saytında İncil kitabı / Foto: Mətin Şükürlü, Bizimyol.info Trendyol saytında İncil kitabı / Foto: Mətin Şükürlü, Bizimyol.info

İslamı anladan kitablar niyə tez "gözə batır"? Əgər problem "radikalizm" adlanan anlayışdırsa, bunu nəinki İslama, hətta bütün dini-dünyəvi ideologiyalara şamil etmək olar. Papanın "Xaç yürüşləri", Hitlerin, Mussolinin faşizmi, Leninin, Maonun, Pol Potun kommunizmi kimi...

Təbii ki, İslamın "radikal din" və ya radikalizmə yaxın əhkamlarının olması ilə bağlı yanaşmaları özüm şəxsən qətiyyətlə rədd edirəm və bunu rədd etmək üçün yetərli əsaslarım da var. İstənilən şəxslə müzakirəyə də hazıram.

Bəli, bu, bir həqiqətdir ki, kimlərsə, hansısa maraqlı dairələr öz maraqları naminə insanları İslamla, Allahla, dinlə aldada bilərlər. Ancaq bu reallıq təkcə İslama məxsus deyil, axı. Xristianların kitabı müqəddəs İncilin nə az, nə çox, düz dörd növü var. Yəhudilərin kitabı müqəddəs Tövratın ayələri isə təhrif edilib və ilahi kəlimələr məqsədyönlü şəkildə bəşəri kəlimələrlə, cümlələrlə dəyişdirilib. Tövratdan öncə gələn Zəbur da onun kimi. Dəyişilməyən və hər nöqtəsinə kimi sabit qalan, İslamın müqəddəs kitabı, həzrəti Muhəmmədə vəhy yolu ilə nazil edilmiş Qurani-Kərimdir ki, 1400 il keçməsinə rəğmən, hər ayəsi, hər surəsi və hər sətri olduğu kimi qalır. İslam ümməti bu kitabı olduğu kimi əzbərləyib və hafizələrində saxlayıb. Bununla yanaşı, uca Allah Hicr surəsində endirdiyi bu kitabı Qiyamətədək qoruyub saxlayacağını vəd edib.

İndi bütün bu tarixi, mədəni və sosial həqiqətlərə rəğmən bəşəri maraqlar naminə dəyişdirilən və "radikallaşdırılan" yeganə kitab niyə məhz İslamın kitabı hesab olunur? Qurani-Kərimin yox, dini sahədə kitab qələmə alan "bəzi radikal yazıçıların kitablarına senzura var" kimi qeyri-səmimi bir yanaşma, izahat olsa da, həqiqət ortadadır: Onlayn ticarət platformasına "İncil", "Tövrat" yazan kimi kitablar görsənir və "Azərbaycan üçün uyğundur!" cümləsi ilə kitabın gətirilməsi təsdiqlənir. Elə ki, axtarış bölməsinə "Qurani-Kərim" yazılır, "Azərbaycan üçün uyğun deyil!" məhdudiyyəti gətirilir. Bunu istənilən şəxs yazıb, yoxlaya bilər.

Trendyol saytında Quran-i Kərim kitabı / Foto: Mətin Şükürlü, Bizimyol.info Trendyol saytında Quran-i Kərim kitabı / Foto: Mətin Şükürlü, Bizimyol.info

P.S. Məlumat üçün qeyd edək ki, islami ədəbiyyatın gətirilməsi ilə bağlı məhdudiyyətlər adıçəkilən şirkət və ya satıcılar tərəfindən qoyulmayıb. Məsələ ilə əlaqədar Dini Qurumlarla İş üzrə Dövlət Komitəsinə sorğu göndərilib. Ümidvarıq, dini ədəbiyyatlarla bağlı yaranmış bu xoşagəlməz vəziyyətə gərəkli reaksiya və tədbir gecikməyəcək.

Mətin Şükürlü, Bizimyol.info

Son xəbərlər
Bütün xəbərlər »