Ümumdünya Səhiyyə Təşkilatı (ÜST) "COVID-19" epidemiyası nəticəsində dünyada gözlənilən ömür uzunluğunun təxminən 2 il azaldığını açıqlayıb.
Bizimyol.info "trthaber"ə istinadən xəbər verir ki, ÜST-nin saytında verilən açıqlamada, "COVID-19" epidemiyası zamanı dünyada orta ömür uzunluğundakı irəliləyişlərin tərsinə çevrildiyi bildirilib. Açıqlamada qeyd olunub ki, 2019-2021-ci illərdə "COVID-19" epidemiyası səbəbindən gözlənilən ömür uzunluğu 1,8 il azalaraq orta hesabla 71,4 yaşa düşüb.
ÜST-nin baş direktoru Tedros Adhanom Qebreyesus mövzu ilə bağlı açıqlama verib: "2020-ci ildə yayılan "Covid-19" pandemiyası cəmi 2 il ərzində ömür uzunluğundakı 10 illik artım qədər azaltmağı bacardı", - deyə o qeyd edib.
Qebreyesus, gələcək nəsilləri qorumaq üçün ölkələrin qlobal epidemiya sazişi üzərində razılaşmalı olduğunu vurğuladı.
Ümumdünya Səhiyyə Təşkilatının "Dünya Səhiyyə Statistikası 2024" hesabatına görə, Amerika qitəsi və Cənub-Şərqi Asiya ölkələri "COVID-19" epidemiyasından ən çox təsirlənən yerlərdir. Hesabatda "COVID-19"un 2020 və 2021-ci illərdə Amerika qitəsində ən çox görülən ölüm səbəbi olduğu vurğulanıb.
Digər tərəfdən, hesabatda Qərbi Sakit Okean ölkələrinin "COVID-19" epidemiyasının ilk iki ilində virusdan minimal təsirləndiyi bildirilib.
Gözlənilən ömür uzunluğu insanın orta hesabla nə qədər yaşadığının statistik göstəricisidir.
Qadir, Bizimyol.info