Qarabağ Gündəm Cəmiyyət Hadisə Siyasət Dünya Sağlamlıq Sosial-İqtisadi
"Cümhuriyyət qurucuları qısa zaman kəsiyində demokratik dövlətin əsaslarını yarada bilmişdir"
"Cümhuriyyət qurucuları qısa zaman kəsiyində demokratik dövlətin əsaslarını yarada bilmişdir"

"Bu gün Azərbaycanın müstəqillik tarixinin 106-cı ili tamam olur. Müstəqillik öz yurduna öz sahibliyindir. Yaşadığımız tarix sübut etdi ki, müstəqilliyi qoruyub saxlamaq onu əldə etmək kimi çətindir. Çünki, 106 əvvəl yaradılmış Azərbaycan Xalq Cümhuriyyəti cəmi 23 ay yaşaya bilmişdir. Amma ilk müstəqil dövlətimizin ömrü çox uzun olmasa da, cümhuriyyət qurucuları qısa zaman kəsiyində demokratik dövlətin əsaslarını yarada bilmişdir. Biz öz milli dövlətçilik tariximizə böyük dəyər veririk".

Bu barədə Bizimyol.info xəbər portalına Milli Məclisin deputatı Azər Badamov danışıb. Deputat qeyd edib ki, bu səbəbdən 17 noyabr 1990-cı ildə Ümummilli Lider Heydər Əliyev Azərbaycan Xalq Cümhuriyyətinin üçrəngli bayrağını Naxçıvan Muxtar Respublikasının Ali Məclisinin zalına gətirtdirmiş və rəsmi dövlət bayrağı kimi qeyd olunub.

Azər Badamov Azər Badamov

"Biz milli dövlətçilik tariximizə böyük dəyər verdiyimizə görə 28 may tarixini Müstəqillik Günü, 18 oktyabr tarixini Müstəqilliyin Bərpası Günü kimi qəbul etmişik. Müstəqilliyimizin qarantı dövlət və xalq birliyidir. Qonşuluğumuzda və dünyada baş verən prosesləri hamımız izləyirik. Hansı ölkədə xalqın lideri yoxdursa, o ölkədə sabitlik və inkişaf olmur. Müstəqillik də təhlükə altına düşür. Belə bir ağır dövrü 90-cı illərin əvvəlində biz də yaşamalı olduq. Amma ümummilli lider Heydər Əliyevin hakimiyyətə qayıdışı və sonrakı dövrdə cənab İlham Əliyevin ölkəmizə rəhbərlik etməsi Azərbaycanın müstəqilliyini sarsılmaz və əbədi etmişdir. Bu gün müstqəil Azərbaycan dövləti heç vaxt olmadığı qədər güclüdür. Prezident İlham Əliyevin rəhbərliyi ilə xalqımız Vətən qarşısnda ən böyük missiyanı həyata keçirib, torpaqları işğaldan azad edərək ərazilərin suverenliyinin bərpasını təmin etmişdir. Bu gün qalib, nüfuzlu və dünya siyasətində xüsusi rola malik müstəqil Azərbaycan dövləti özünü təsdiq etmişdir. Dünyanın harasında yaşamasından asılı olmayaraq, hər bir azərbaycanlı öz Vətəni ilə fəxr edir. Azərbaycan dövləti nəinki ölkəmizdə yaşayan vətəndaşlarımızın firavan yaşamasını və təhlükəsizliyini təmin edir. Azərbaycan həm də dünyanın müxtəlif yerlərində yaşayan soydaşlarımızın ümid yeridir"-deyə deputat bildirib.

Azər Badamov qeyd edib ki, bu gün Müstəqillik Günü münasibətilə dövlət başçımızın ünvanına gələn təbrikləri görürük. Bu təbriklər dünyanın ən güclü dövlətləri olan ABŞ, Çin, İngiltərə, Rusiya, Türkiyədən başlayır və ən kiçik dövlətlərə qədər davam edir.

"Bu, həm də dünyada Azərbaycan Prezidentinin timsalında Azərbaycan dövlətinə olan böyük hörmətin göstəricisidir. Bu gün vətəni sevən hər bir şəxs müstəqil dövlətimizlə fəxr edir və qürur duyur.

Fürsətdən istifadə edərək, əziz bayram günündə dövlət başçımız başda olmaqla, xalqımızı təbrik edirəm. Azərbaycan Xalq Cümhuriyyətinin siyasi varisi olan Azərbaycanın müstəqilliyinin əbədi və sasılmaz olmasını arzulayıram. Bayramınız mübarək!" - deputat əlavə edib.

İradə Cəlil, Bizimyol.info

Azərbaycan Respublikasının Medianın İnkişafı Agentliyi Azərbaycan Respublikasının Medianın İnkişafı Agentliyi

Məqalə Medianın İnkişafı Agentliyinin onlayn media subyektlərinə (veb-saytlara) maliyyə dəstəyi əsasında hazırlanıb.

İstiqamət: 6.3.9. azərbaycançılıq ideyasının təbliği.

Son xəbərlər
Bütün xəbərlər »