Məsələ ilə əlaqədar sosial şəbəkələrdə müxtəlif fikirlər qeyd olunsa da, əsas yanaşma budur ki, paytaxtda ağacların kəsilməsi və yaşıllığın yox edilməsi ucbatından, indi şəhər tozlu küləyin ağuşunda qalıb, ona təslim olub. Bəs həqiqətənmi ağaclar, bitkilər, ümumiyyətlə, yaşıllıqlar tozun qarşısını ala bilir?
Bizimyol.info bu haqda kiçik bir araşdırma aparıb.
Ümumiyyətlə, tozlu küləklərin kökəni əsasən, səhra və yarımsəhra ərazilərdən qalxan toz dənəcikləri ilə formalaşa bilir. Məsələn, qardaş Türkiyədə də tozlu, sarı rəngli havaya xüsusən payız fəslində tez-tez rast gəlinir. Buna səbəb, Türkiyə ilə qonşu olan İraq, Suriya kimi torpaqlarının bir qismi əsasən səhralıq ərazilərdən formalaşan ölkələrin varlığıdır ki, bu ərazilərdə baş verən qum fırtınaları tozlu küləklər formasında qonşu ölkələrin ərazilərinə keçə bilirlər.
Eyni vəziyyəti Azərbaycana da şamil etmək olar. Məsələn, Azərbaycan cənubdan İranla, Xəzər dənizi vasitəsilə də Qazaxıstan və Türkmənistanla həmsərhəddir. Bu 3 qonşu dövlətin ərazisi xüsusilə quraq və çöl landşaftından formalaşıb.
Azərbaycan isə subtropik qurşağın şimal qurtaracağında, Qafqazın cənub-şərqində və İran yaylasının şimal-qərbində yerləşir. Ərazinin coğrafi mövqeyi, relyefin mürəkkəbliyi, Xəzər dənizinin yaxınlığı, il ərzində yer səthinə düşən günəş radiasiyasının bolluğu, müxtəlif mənşəli hava kütlələrinin təsiri altında olması və sair amillər burada iqlimin müxtəlifliyinə səbəb olur. Odur ki, məsələnin kökü paytaxtda yaşıllıq ərazilərin, ağacların az və ya çoxluğundan daha çox, ümumi coğrafiyanın relyefindən və iqlim şəraitindən asılıdır.
Məlumat üçün qeyd edək ki, təkcə Bakıda yox, eləcə Azərbaycanın cənub rayonlarında da tozlu hava şəraiti müşahidə olunur. Masallı sakinləri rayonlarının bir sıra kəndlərində tozlu küləyin şiddətindən uzaq məsafələri görə bilmədiklərini qeyd edirlər. Şamaxı, eləcə də Saatlı rayonunda qatı toz səbəbindən görüş məsafəsinin 500 metrədək düşdüyü bildirilir.
Mətin Şükürlü, Bizimyol.info