Qarabağ Gündəm Cəmiyyət Hadisə Siyasət Dünya Sağlamlıq Sosial-İqtisadi
“Divlərin yaşadığı məkan”... Alaşa kəndindəki Əlişa (Divəkə) qalasında arxeoloji tədqiqat aparılıb
“Divlərin yaşadığı məkan”... Alaşa kəndindəki Əlişa (Divəkə) qalasında arxeoloji tədqiqat aparılıb

Bir müddət əvvəl AMEA Arxeologiya, Etnorqrafiya və Antopologiya İnstitutunun “Arxeoloji abidələr toplusu” şöbəsinin müdiri Mikayıl Mustafayev Astaranın Alaşa kəndində Əlişa (Divəkə) qalasında arxeoloji tədqiqat aparıb.

Mikayıl Mustafayev Bizimyol.info xəbər portalına aparılan araşdırma haqqında danışıb. Şöbə müdiri qeyd edib ki, keçən il Azərbaycanın Salyan, Neftçala, Biləsuvar və cənub-şərq zonası Cəlilabad, Lənkəran, Masallı, Astara, Yardımlı, Lerik rayonlarında arxeoloji tədqiqatlar aparılıb.

AMEA Arxeologiya, Etnorqrafiya və Antopologiya İnstitutunun “Arxeoloji abidələr toplusu” şöbəsinin müdiri Mikayıl Mustafayev

Mikayıl Mustafayev vurğulayıb ki, əsas məqsəd Azərbaycan Respublikasl Mədəniyyət Nazirliyi yanında Məədni İrsin Qorunması, İnkişafı və Bərpası üzrə Dövlət Xidmətinin əməkdaşları ilə birlikdə mövcud abidələrin qorunma səviyyəsinin qiymətləndirilməsi, yeni qeydə alınmış abidələrin dövrlərinin və CPRS koordinatlarının təyin edilməsi idi.

Mikayıl Mustafayevin sözlərinə görə, Astara rayonunun Alaşa kəndində yerləşən Divəkə (Əlişa) qalasında tədqiqat aparılıb.

“Alaşa kəndi ərazisi öz relyefinə görə əsasən yamac, təpəlik və ara-sıra düzənliklərdən ibarətdir. Ərazi Hirkan Milli qoruğu ərazisinə daxildir. Yerli əhali buranı “Ələşo” adlandırır. Bu talış dilində “böyük həyat” deməkdir. Əhalinin digər bir hissəsi isə, qalanı “Divəkə” – “Divlərin yaşadığı məkan” adlandırır.

Qazıntı sahəsinin ərazisi 50 kvm, dəniz səviyyəsindən 70 m hündürlükdə yerləşir. Abidənin şimal divarlarının bəziləri nəhəng, heybətli, iri sal daşlarından ibarətdir. Qala 4 bürcdən ibarət olsa da, ikisi qismən dağılıb, qalanı yaxşı vəziyyətdədir. Qalaya şimal tərəfən giriş 7 pilləli dağılmış pilləkənlə mümkündür”-deyən Mikayıl Mustafayev vurğulayıb ki, qazıntı zamanı çoxlu sayda saxsı qab nümunələri, kaşılar, bardaq ağızlığı, qaba parçaları və s. aşkarlanıb.

Mikayıl Mustafayevin sözlərinə görə, qazıntı sahəsinin cənub hissəsində 40x40 sm ölçüdə kərpiclə hörülmüş su kanalizasiya sistemində saxsı qab parçaları aşkarlanıb. Aşkarlanan saxsı parçalarının tarixi IV əsrə təsadüf edir.

Mustafayev vurğulayıb ki, abidədə kobud şəkildə şir başı təsviri olan daş parçası aşkar olunub.

“Qalada hovuz da aşkarlanıb. Ehtimal olunur ki, qalanın kanalizasiya sistemi digər tikintilərlə əlaqəli olduğundan ərazidən axıdılan sular buradan cənuba doğru Astaraçay ərazisinə axırmış.

Qalanın kərpiclə hörülən hissələrindəı əhənglə çəkilən təsvirlərə rast gəlinir. Bu təsvirlər müxtəlif heyvan növlərini özündə əks etdirir”-deyən Mikayıl Mustafayev bildirib ki, tikinti ərazisindən qala ilə bağlı tapılacaq materialların tədqiqi bizə gələcəkdə daha çox məlumatlar verə biləcək. Qalanın IV əsrdən XVI əsrə qədər mütəmadi olaraq müdafiə istehkamı kimi istifadə olunub.

Mikayıl Mustafayev bildirib ki, qalada XIII əsr Elxanilər dövründən başlayan Azərbaycanda memarlıq üslubundakı yeniliklərlə bərabər, qalada miniatür sənətinin inkişafının izlərini görmək mümkündür.

Qeyd edək ki, qalada araşdırmalar davam edir. Əldə edilən yeniliklərlə bağlı mütəmadi olaraq məkumat verəcəyik.

İradə Cəlil, Bizimyol.info

Son xəbərlər
Bütün xəbərlər »