Təbii ki, ictimaiyyətlə əlaqələr və kommunikasiyanın qurulması yalnız hökümətə xas deyildi. Qeyri-hökumət təşkilatları və özəl şirkətlər, sahibkarlar da mətbuatın qazandırdığı üstünlüklərdən istifadə edərək özləri və şirkətləri barəsində fikir formalaşdırmış müxtəlif səpkilərdə press-relizlər və elanlar paylaşmışdılar.
"Azərbaycan qəzeti"nin 13 oktyabr 1918-ci il, 13-cü nömrəsində bir elanda “Qafqaz sǝhmdarlar şirkǝti” barədə məlumat verilir. Şirkətin fəaliyyəti və əhaliyə müraciəti qeyd olunur: “BUĞDA ƏVƏZİNƏ UN: Ağabala Quliyevin “Qafqaz sǝhmdarlar şirkǝti” bununla hamıya mǝlum edir ki: şirkǝtǝ mǝxsus aboykadan keçirilmiş buğda unu qeyri şǝxslǝrin buğdasına bu qǝrar üzrǝ ǝvǝz edilir: evdǝ tǝmizlǝnmiş bir put buğdaya öyüdülmǝsinǝ heç bir xǝrc alınmadan 37 girvǝnkǝ valsevoy pamol un verilir. Tǝmizlǝnmǝmiş buğdanın ǝvǝzi hǝr iki tǝrǝfin razılığı ilǝ qǝbul olunur. Ünvan: Vakzalnı vǝ Tarqovı küçǝlǝrin küncündǝ, telefon nömrǝ 2-65”.
Bu elanla ilk dəfə sərbəst fəaliyyət göstərən bir şirkət Azərbaycan qəzetində özü və fəaliyyəti barədə məlumat verir və bunu tarixdə mediada gedən ilk milli şirkət reklamı kimi qəbul edə bilərik. Təbii ki, bu elan birtərəfli assimetrik məlumatlandırma xarakteri daşısa da, nəticədə şirkətin ictimai rəyi nəzərə alaraq fəaliyyət göstərdiyi vurğulanır. Hətta ictimaiyyətə buğdalarını ödəniş etmədən üyüdə biləcəkləri mesajı verilir. Əlbəttə ki, mesajdan dərhal sonra izahedici hissə dövrəyə girir. Kəndlinin razılığı ilə un qarşılığında daha çox buğda verəcəyi vurğulanır. Bu elandan sonra "Azərbaycan" qəzetində sərbəst fəaliyyət göstərən sahibkarların özləri barəsində məlumat yerləşdirməsi ənənəsi formalaşdı. Artıq şirkət formasında deyil, eyni zamanda fərdi şəkildə də sahibkarlar öz varlığı və fəaliyyəti barədə cəmiyyətə mesajlar ötürür, o dövr üçün kommunikasiya kanallarından istifadə edirdilər. Bir neçə nümunəyə nəzər salaq:
- MAMA M. Q. ŞERMAN
"Qǝbul edir: mamalıq, ovmaq (masaj) vǝ iynǝ vurmaq işlǝri. Hǝmçinin xǝstǝlǝrǝ qulluq etmǝk işindǝ dǝ tǝcrübǝsi vardır. Ünvanı: Kolyubakinski küçǝdǝ Parapetin qabağında Dildarovun 26 nömrǝli evindǝ, 2-ci mǝrtǝbǝ".
(Bazar, 13 oktyabr 1918-ci il, nömrǝ 13)
- Diş müalicəxanası S.M.
"İtkinin süni diş laboratoriyası Dişlərin ağrısız çəkilməsi. Tǝzə üsulla farfor və qızıl dişlər qondarılması. Dişlərini qayıtdırmaq və diş qoydurmaq xahişində olanlar səhər saat 9-dan birə və 4-dən 6ya qədər qəbul olunurlar. Ünvan: Bolşoy Marskoy küçədə 37 nömrǝli ev, telefon 06-25".
(Bazar, 17 noyabr 1918-ci il, nömrǝ 42)
- Ela
"Projektor yaxar, makinǝlǝrini qayırır, projektordan anlar makinist var isǝ “Rotşild Evi”ndǝ Bakı Komandanlığına gǝlsin. Bakı Komandan vǝkili: Miralay [Polkovnik>"
(Bazar ertǝsi, 7 oktyabr 1918‐ci il, nömrǝ 8)
Azərbaycan Xalq Cümhuriyyəti dövründə biz ilk korporativ sosial məsuliyyət layihəsinin də şahidi ola bilərik. Fərqli vaxtlarda Azərbaycan Hökumət Teatrının mətbuatda maraqlı press-relizlər paylaşaraq insanların teatra marağını artırmağa çalışdığını və tamaşalar bərədə məlumatlar ötürdüyünü görə bilərik. Lakin "Azərbaycan" qəzetinin 8 noyabr 1918-ci il, 34-cü buraxılışında yerləşdirilən press-reliz tamami ilə başqa istiqamətə yönəlmiş, sosial məsuliyyətini dərk edən müəssisə olduğunu vurğulamışdır. Keçiriləcək tamaşa ilə bağlı yerləşdirilən elanla biz Hökümət Teatrının həyata keçirdiyi sosial məsuliyyət aksiyası bərədə ətraflı məlumat alırıq. Həmin məqaləni olduğu kimi tədim edirik: “Azərbaycan müharibəsində can fəda edən şühədanın ailəsi mənfəətinə DRAMA - AXŞAM TAMAŞASI Azərbaycan Hökumətinin teatrosunda (sabiq Mailov) Zülfüqar bəy və Üzeyir bey Hacıbəyli qardaşlarının müdiriyyəti Cümə günü təşrini-saninin 8-ində (oktyabrın 26-sı) 1334-1918-inci ildǝ Azərbaycan müharibəsində can fəda ədən şühədanın ailǝsi mənfəətinə Türk ədiblərindən məşhur Şəmsəddin Sami bəyin “Gaveyi-ahəngər” adlı məşhur 5 pərdəli pyesası təntənəli surətdə mövqeyi-tamaşaya qoyulacaqdır. Təfsilat və iştirak edən əşxas afişa və proqramda qeyd ediləcəkdir. Bu teatronun şühəda ailəsi mənfəətinə oynanıldığını nəzərə alaraq, müdiriyyət və aktyorlar canfəşanlıqla bimuzd və bitəmənna çalışmağı ən böyük vəzifələrdən sanıb, hasil olan mədaxilin hamısını şühəda ailəsi mənfəətinə yetişməsinə qərar veribdirlər. Ümidvarız, möhtərəm camaat bu kari-xeyrə [xeyirxah işə>əhəmiyyət verərək, maddi cəhətcə kömək etməkdən boyun qaçırmazlar. İstəyənlər tərəfindən ianə də verilǝrsə, teatronun kassasında mütəşəkkirən qəbul olunub, ismi və verdiyi paranın qədǝri qəzetələrdə elan ediləcəkdir. Hacıbəyli qardaşları müdiriyyəti”
Press-relizdə də qeyd edildiyi kimi, teatr təkcə insanları marifləndirərək və əyləndirərək pul qazanmaq üçün deyil, həm də şəhid ailələrinə və kimsəsizlərə dəstək olmaq üçün müxtəlif istiqamətlərdə tamaşalar qoyur. Müasir dövrdə demək olar ki, Azərbaycanın bütün böyük şirkətləri oxşar formada korporativ sosial məsuliyyət layihələri həyata keçirir. Biz bu modelləri xarici ədəbiyyatlarda – ABŞ və Avropa ictimaiyyətlə əlaqələr tarixindən və təcrübəsindən öyrənirik. Lakin bir qəzetin tədqiqi ilə Azərbaycan Xalq Cümhuriyyəti dövründə hökumət və qeyri-hökumət təşkilatlarının rəhbərləri və üzvləri özləri də bilmədən ictimaiyyətlə əlaqələr üzrə hər kəsə dərs keçdiklərinin şahidi oluruq. Təbii ki, bu nümunələri biz Azərbaycanın ictimaiyyətlə əlaqələr tarixinə qızıl hərflərlə yazmalıyıq. Çünki növbəti üçüncü dövrə nəzər salan zaman yaradılmış bu kommunikasiya növünün süqutunun da şahidi olacağıq.
Araşdırmanın müəllifi: Elvin Babayev
Mənbə: Xəzər Universiteti arxiv