Qarabağ Gündəm Cəmiyyət Hadisə Siyasət Dünya Sağlamlıq Sosial-İqtisadi
Stoltenberq: Ukraynanın Qərb silahları ilə Rusiya ərazisinə zərbələr endirməsinə icazə verilməlidir
Stoltenberq: Ukraynanın Qərb silahları ilə Rusiya ərazisinə zərbələr endirməsinə icazə verilməlidir

NATO-nun baş katibi Yens Stoltenberq bəyan edib ki, Ukrayna Rusiya Federasiyasının beynəlxalq səviyyədə tanınmış ərazisində yerləşən hərbi obyektlərə zərbələr endirmək imkanına malik olmalıdır.

Bizimyol.info xəbər verir ki, o, bu barədə Britaniyanın "The Economist" jurnalına müsahibəsində deyib.

“Müttəfiqlərin Ukraynaya tədarük etdikləri silahların istifadəsinə tətbiq etdikləri bəzi məhdudiyyətləri götürmək barədə düşünməyin vaxtı çatıb. Xüsusilə indi, döyüşlərin əhəmiyyətli hissəsi Rusiya Federasiyası ilə sərhəddən çox da uzaq olmayan Xarkovda gedir. Ukraynanın Rusiya ərazisindəki qanuni hərbi hədəfləri məhv etmək üçün bu silahlardan istifadə etmək imkanını rədd etmək onların müdafiəsini çətinləşdirmək deməkdir”, - deyə baş katib bildirib.

Bununla yanaşı, Stoltenberq NATO ölkələrinin öz hava hücumundan müdafiə sistemlərindən istifadə edərək Ukrayna üzərində Rusiya raketlərini vurması fikrini rədd edib. O, həmçinin alyans qoşunlarının Ukraynaya göndərilməsinə qarşı çıxıb: “Bizim NATO-nun quru qoşunlarını Ukraynaya göndərmək niyyətimiz yoxdur. Biz münaqişənin bir hissəsi olmayacağıq”, - deyə o qeyd edib.

Mayın 23-də “The New York Times” qəzeti yazıb ki, ABŞ dövlət katibi Entoni Blinken prezident Co Baydenə Ukraynanın Amerika silahlarının Rusiya ərazisinə zərbə endirməsinə qoyulan qadağanı ləğv etməyi təklif etmək istəyir. ABŞ dövlət katibinin Avropa və Avrasiya məsələləri üzrə köməkçisi Ceyms O'Brayen cümə günü bu nəşrlərlə bağlı şərh verməkdən imtina edib.

Bundan əvvəl Rusiyanın xarici işlər naziri Sergey Lavrov bildirib ki, Amerika silahlarının Rusiya ərazisində tətbiqi faktiki olaraq artıq baş verir. "Moskva Amerika və digər Qərb silahlarının Rusiya ərazisindəki hədəflərə, ilk növbədə, mülki infrastruktura və yaşayış məntəqələrinə zərbələr endirməsi barədə məlumatlara sahibdir", - deyə XİN rəhbəri vurğulayıb.

Qadir, Bizimyol.info

Son xəbərlər
Bütün xəbərlər »