Qarabağ Gündəm Cəmiyyət Hadisə Siyasət Dünya Sağlamlıq Sosial-İqtisadi
Paytaxtdan "asılı" qalan rayon əhalisi... Bakıdakı universitetlər bölgələrə niyə köçürülməlidir?
Paytaxtdan "asılı" qalan rayon əhalisi... Bakıdakı universitetlər bölgələrə niyə köçürülməlidir?

Paytaxtda tıxacı, nəqliyyat sıxlığını aradan qaldırmaq üçün ayrı-ayrı vaxtlarda müxtəlif tədbirlər həyata keçirilib. Avtobus zolaqları çəkilib, yollar genişləndirilib, yeni qovşaqlar salınıb. Amma problem heç cür həllini tapmır. Əksinə, zamanla paytaxt küçələrində gərginlik artıb. İndi gecə saatlarını saymasaq, günün istənilən vaxtında şəhərdə tıxac görmək mümkündür.

Bizimyol.info xəbər verir ki, tıxacla bağlı hələ də mümkün tədbirlər planından danışılır. Şəhərin müxtəlif yerlərində yollar çəkilir. Cavanşir körpüsü sökülüb, burada salınacaq yolun işin xeyrinə işləyəcəyi iddia olunur. Bakının Baş Planında universitetlər üçün xüsusi şəhərciklərin salınması da diqqət çəkirdi. Elə müzakirələr zamanı da sadə adamlar buna çox ehtiyac olduğunu bildirir.

Universitetləri bölgələrə köçürmək lazımdırmı? Bu, problemi həll edərmi? Əlbəttə, indi suala birmənalı cavab vermək asan görünməyə bilər. Universitetləri paytaxtdan uzaqlaşdırmaqla problemin tam həllini tapmaması da mümkündür. Ən əsası məsələyə necə yanaşmağımızdır. Hesab edirik ki, hər şeydən əvvəl ölkənin başqa hissələrini də yaşanmalı yerə çevirmək lazımdır. Əsas problem də budur. İnsanlar daha çox Bakıda həyat olduğuna əmindirlər. Buna görə də paytaxta, Abşeron yarımadasına böyük axın var.

Hiss olunan odur ki, təhsil funksionerləri tələbələrin sayının artmasında maraqlıdır. Çünki uzun illər alitəhsilli şəxslərin azlığına görə tənqid olunublar. İndi abituriyentlərə şərait yaradılır ki, ali təhsil müəssisələrinə qəbul ola bilsinlər. Qəbul balları kəskin aşağı salınıb. 11-ci sinif buraxılış imtahanlarının sualları əvvəlki illərlə müqayisədə sadələşdirilib.

Hansı mənzərə yaranıb? Bakıda oxumalı olan tələbələrin sayı artıb. Həmin tələbələr isə paytaxta heç də tək gəlmirlər. Müşahidələr bunu deyir. Bir sıra tələbələr ali təhsil ocağına qəbul olandan sonra ailəliklə Bakıya köçmək qərarı verir. Tələbə oxuyur, ailə üzvləri isə günəmuzd iş tapmağa çalışır. Bir çox hallarda tələbə özü də paytaxtda iş tapmağa məcbur olur. Nəticədə şəhər əhalisinin sayı artır. Bunun məntiqi nəticəsi olaraq, nəqliyyatda gərginlik də çoxalır.

Hər şeydən əvvəl bölgələrdə həyat canlanmalıdır. Bu planın tərkib hissəsi kimi universitetlər də ayrı-ayrı rayon mərkəzlərinə köçürülə bilər. Həmin yerləri stimullaşdırmaqla ölkə həyatının Bakıdan asılılığını azaltmaq olar. Yalnız bu müstəvidə universitetlərin köçürülməsi məqsədəuyğun görünür.

Aytən, Bizimyol.info

Son xəbərlər
Bütün xəbərlər »