Qarabağ Gündəm Cəmiyyət Hadisə Siyasət Dünya Sağlamlıq Sosial-İqtisadi
"COP29 iqlim dəyişikliyinin müzakirəsi üçün çağrılır, müəyyən dövlətlər problemin həllinə vəsait ayırır"
"COP29 iqlim dəyişikliyinin müzakirəsi üçün çağrılır, müəyyən dövlətlər problemin həllinə vəsait ayırır"

"Azərbaycanın iki böyük çayı - Kür və Araz çayları var. Hər iki çay mənbəyini xaricdən götürür. Azərbaycanın su ehtiyatları tam şəkildə bu iki çaydan asılıdır. 1990-cı illərdə Coğrafiya institunda bu işlə məşğul olan alimlər var idi. Onların araşdırmalarına görə, Azərbaycanın gursulu dövrdə illik yerüstü su ehtiyatı 32 km³ və yaxud da milyard metr³ idi".

Bu barədə Bizimyol.info xəbər portalına Azərbaycan Memarlıq və İnşaat Universitetinin (AzMİU) dosenti Fərzəli Həsənov danışıb. Dosent qeyd edib ki, 2000-ci il başlayandan bəri dünyada böyük bir tendensiya əmələ gəldi. Qeyd edilirdi ki, iqlim dəyişikliyi baş verir.

Bu, bu gün dünyanın bir nömrəli problemidir.

Azərbaycan Memarlıq və İnşaat Universitetinin (AzMİU) dosenti Fərzəli Həsənov / Foto: İradə Cəlil, Bizimyol.info Azərbaycan Memarlıq və İnşaat Universitetinin (AzMİU) dosenti Fərzəli Həsənov / Foto: İradə Cəlil, Bizimyol.info

“COP da bununla bağlı çağırılır. Yer kürəsindən söhbət gedirsə, yer kürəsi hamınındır. Müəyyən dövlətlər aktual problemlərin həlli üçün vəsait də ayırırlar”-deyə Fərzəli Həsənov əlavə edib.

Fərzəli Həsənov qeyd edib ki, 1900-cü idən 2000-ci ilə qədər, yəni son 100 ildə dünyanın elə regionu var ki, orada tempratur 0.7 dərəcə artıb, elə yeri var ki, 3.5 dərəcə artıb. Orta rəqəm isə, 1,7 dərəcədir.

“Dünyada temperaturun 1,7 dərəcə artması çox proseslərə ciddi təsir edir. İqlim dəyişikliyinin, temperaturun qalxmasının zəlzələlərin baş verməsinə, yağıntıların çox olmasına böyük təsiri var. Əvvəl yağıntı bu qədər çox olmurdu. İndi birdən çox olur, birdən quraqlıq olur. Birdən şaxtalar çox olur, birdən isti çox olur. Yəni indi anormal təbiət hadisələri meydana gəlib. Bunu temperaturla əlaqələndirirlər. Araşdırmalara görə, son on ildə temperaturun qalxması daha da intensivləşib. Deməli, belə çıxır ki, bu əsrin sonuna doğru insanların həyatda yaşamasına təbiət hadisələri daha çox təsir edəcək. Yəni zəlzələlər, tsunamilər, daşqınlar və s. çox olacaq”-deyə Fərzəli Həsənov vurğulayıb.

İqlim dəyişikliyinin Azərbaycana təsirləri ilə bağlı Fərzəli Həsənov bildirib ki, son 20 ildə Kür və Araz çaylarının ümumi axını 20 faiz azalıb. Bu tendensiyanın davam edəcəyini qeyd edən ekspert bildirib ki, iki il əvvəl Xəzər geri axdığı üçün Salyana qədər çatıb. Çünki Kürün səviyyəsi aşağı düşmüşdü.

“Bunun da çoxsaylı səbəbləri var. Yəni fakt odur ki, Kür və Araz çaylarının sərfi azalıb, özü də 15-20% azalıb. 2022-ci ildə illik axın 17 milyard metrkub olub, hansı ki, bu rəqəm əvvəl 32 idi. Bu 32 kubmetrin 10-12 faizi Azərbaycan ərazisində formalaşır, yerdə qalanı xaricdən gəlir. Mingəçevirdən başlayıb Xəzər dənizinə kimi gələn Kürün və aşağıda Arazın ətrafında düzən sahələr, Mingəçevir, Yevlax, Ağdaş, Göyçay, Ucar, Kürdəmir, Hacıqabul, Bərdə və Tərtərin bir hissəsi, Ağdamın bir hissəsi, Ağcabədi, Beyləqan, İmişli, Saatlı, Sabirabad, Biləsuvar - kənd təsərrüfatı məhsullarının 80 faizi bu rayonlarda istehsal olunur. Bu rayonlarda su olmasa və suvarma-meliorasiya tədbiri həyata keçirilməsə, heç bir bitkidən bir kiloqram da məhsul almaq mümkün deyil. Şəkidə olar, Qarabağda olar. Amma su olmasa, qeyd etdiyim rayonlarda məhsuldarlıq aşağı düşəcək”-deyə Fərzəli Həsənov qeyd edib.

İradə Cəlil, Bizimyol.info

Son xəbərlər
Bütün xəbərlər »