Qarabağ Gündəm Cəmiyyət Hadisə Siyasət Dünya Sağlamlıq Sosial-İqtisadi
Neft gəlirlərindən "asılı" qalan iqtisadiyyatın gözlənilən ssenarisi: İstehsal yoxdur, ixrac azalır, idxal artır
Neft gəlirlərindən "asılı" qalan iqtisadiyyatın gözlənilən ssenarisi: İstehsal yoxdur, ixrac azalır, idxal artır

Ölkə iqtisadiyyatı ilə bağlı yaxşı xəbərlər çatdırmaq olmur. Çünki hadisələrin gedişi vəziyyətin ürəkaçan olmamasından danışır. Hər dəfə statistik göstəricilərin açıqlanması məyusluğa əsas verir. İllərlə ölkədə iqtisadi dəyərlərin yaradılmaması özünü hər addımda göstərir. İlin ilk 4 ayı ərzində ixrac kəskin azalıb, idxal isə artıb.

Bizimyol.info xəbər verir ki, 2024-cü ilin yanvar-aprel aylarında Azərbaycan xarici ölkələrlə 13 milyard 633 milyon 364,7 min dollar dəyərində ticarət əməliyyatı aparıb. Xarici ticarət dövriyyəsinin 8 milyard 168 milyon 591,68 min dolları ixracın, 5 milyard 464 milyon 773,02 min dolları isə idxalın payına düşüb. Son bir ildə ixrac 35,1 faiz az, idxal isə 3,1 faiz çox olub.

Ümumilikdə 2023-cü ildə də oxşar mənzərə yaranmışdı. Azərbaycanın xarici ticarət göstəriciləri 2022-ci illə müqayisədə aşağı düşmüşdü. Bizim ölkə 2023-cü ildə xaricdən məhsul alışına toplam 17,3 milyard dollar xərcləmişdi. Bu, 2022-ci illə müqayisədə təxminən 2,7 milyard dollar artım anlamına gəlirdi.

Onda ixracın azalması, idxalınsa artması şəraitində ölkənin xarici ticarət saldosundakı müsbət fərq ciddi ölçüdə azalmışdı. 2022-ci ildə Azərbaycanın xarici ticarət saldosu 23,6 milyard dollar idisə, keçən il bu rəqəm 16,6 milyard dollar olmuşdu. Bu, bir ildə 30 faiz azalma demək idi.

İxracın azalıb idxalın artmasını yenə təbii qəbul etmək olar. İxracla bağlı nəzərə almaq lazımdır ki, neft hasilatı kəskin azalıb. Üstəlik, qiymətlər sabitliyi itirib. Məsələn, elə indi neftin qiymətini qənaətbəxş adlandırmaq olmur. İxracın kəskin azalmasına alışmalıyıq. İstehsalat yoxdursa, idxal da həmişə artacaq.

İndi iqtisadiyyatın gələcəyi ilə bağlı çox söz də yazmaq olmur. Məntiqlə neft gəlirləri yeni dəyərlər yaratmalıydı. Biz bunu bacarmadıq. Neft gəlirləri daha çox qeyri-istehsal sahələrinə yönəldildi. Gələcəyə investisiya cüzi dərəcədə oldu. Qarşıdakı illərdə də ixrac-idxal müstəvisində xoş sayılmayacaq xəbərlərə hazır olmalıyıq.

Aytən, Bizimyol.info

Son xəbərlər
Bütün xəbərlər »