Qarabağ Gündəm Cəmiyyət Hadisə Siyasət Dünya Sağlamlıq Sosial-İqtisadi
"İranın yeni siyasi dönəmi üçün 50 gün ərzində yeni prezidentin seçilməsi prosesi başlanılacaq"
"İranın yeni siyasi dönəmi üçün 50 gün ərzində yeni prezidentin seçilməsi prosesi başlanılacaq"

"Bazar günü may ayının 19-da İbrahim Rəisi və onun heyyəti Təbrizə qayıdarkən helikopter qəzasına uğradılar. Helikopterdəkilərin hamısı öldü. Təbii ki, rejim bu xəbəri eşidəndən sonra müxtəlif formada yozmağa çalışdılar. Ölkənin “Aypara cəmiyyəti” və digər silahlı qüvvələri tərəfindən aparılan axtarış əməliyyat tədbirləri heç bir nəticə vermədi və Türkiyə dövlətinin yardımı ilə, “Akınçı” dronunun axtarışı nəticəsində 20 saatdan sonra helikopterin düşdüyü ərazi müəyyənləşdirildi və orada keçirilən baxış nəticəsində məlum oldu ki, bütün heyət həyatını itirib. Bundan sonra təbii ki, rejimin dövlət rəsmiləri müxtəlif iclaslar keçirdilər və dini rəhbər tərəfindən 5 günlük matəm elan olundu. Ötən gün həyatını itirmiş şəxslərin Təbrizdən Tehrana göndərilməsi üçün mərasim keçirildi, daha sonra Tehranda mərasim keçirildi".

Bu barədə Bizimyol.info xəbər portalına Savalan Araşdırmalar Mərkəzinin rəhbəri, siyasi şərhçi, GAMAC İdarə Heyətinin üzvü Sadiq İsabəyli danışıb. Siyasi şərhçi qeyd edib ki, helikopterin qəzaya uğraması ilə bağlı müxtəlif versiyalar var.

Sadiq İsabəyli Sadiq İsabəyli

“Helikopterin hansı şəraitdə düşməsi, helikopterin çox köhnə olması, texniki problemlər, uçuş zamanı problemlərin ortaya çıxması və s. irəli sürülür. Amma siyasi olaraq da bir sıra şübhələr və fikirlər də ortaya qoyulur. Qeyd edilir ki, ola bilsin ki, bu hadisə rejimin öz daxilindəki çəkişmələr nəticəsində olsun. Çünki İbrahim Rəisi əgər sağ olsaydı, bu gün “Xüdqəran məclisi” deyilən məclisin birinci oturumu idi və Rəisi orada rəhbər seçilə bilərdi. “Xüdqəran məclisi” də dini rəhbərin müəyyənləşdirilməsi üçün bir qrupdur. Yəni onların vəzifə funksiyaları odur ki, bir sıra ayətullahlar, bir sıra tanınmış şəxslər “Xüdqəran məclisində” otururlar, növbəti dini rəhbəri müəyyənləşdirirlər. Əgər hazırkı dini rəhbərin psixoloji və yaxud hər hansı bir formada səhhətində problemləri olarsa, onlar o məsələni həll edirlər, yeni rəhbərin seçilməsi üçün işlər görürlər. Yəni bu variantlar da var.

Digər variantlar budur ki, öz aralarında ki, siyasi çəkişmələrin nəticəsində bu hadisə verə bilər. Çünki İranda artıq bir ideoloji siyasi böhran yaşanmaqdadır. Dini mərkəzlər artıq quruplaşıblar, yəni mafiya formasında idarə olunurlar. Deyək ki, ayətullah mafiyası var. Qum şəhəri üçün ayətullah mafiyası var və bunların arasında çox ciddi çəkişmələr var. Bu çəkişmələrdə bir qrup hakimiyyətdə təmsil olunduğuna görə, “Məşəd mafiyası” ki, İbrahim Rəisi o qrupa daxil idi. Onun qaynatası ki Əhməd Ələməlxuda o qrupda idi. Bu qrup dini rəhbərə yaxın qüvvələrdir onların imkanları da çoxdur. Maddi olaraq və siyasi nüfuz olaraq da nüfuzları çoxdur. Ona görə də sonrakı proseslərdə hansı ayətullah mafiyasının dini rəhbərliyin ələ keçirilməsi, digər siyasi strukturların ələ keçirilməsi məsələsində öz fəallıqlarını göstərirlər və rəqiblərini kənarlaşdırmağa çalışırlar. Nəzərə alsaq ki, dini rəhbərə yaxın ayətullahlar mafiyası həm də SEPAH-pasdaranı öz əlində saxlayır. Onların içində öz nüfuzunu qoyur. Digər ayətullahlar Qumdakı ayətullahların da SSEPAH-ın içində bəlli ölçüdə nüfuzları var. Ehtimallar budur ki, onların arasındakı güc savaşı, hakimiyyət uğrunda Xameneidən  sonrakı prosesdə savaşların nəticəsindən doğan bir müddətdir ki, bu müddətdə təxribatların törədilməsi də ola bilər. Bu təxribatların nəticəsində qəza baş verə bilər. Həlak olan qrupa baxanda görürük ki, onların əksəriyyəti dini rəhbərə bağlı olan, SEPAH-pasdarana bağlı olan qüvvələrdir”-deyən ekspert bildirib ki, bu ehtimaldan yola çıxsaq, görünən odur ki, İranın gələcəyi o qədər də yaxşı deyil.

Sadiq İsabəyli vurğulayıb ki, Konstitutsiyanın 131-ci maddəsinə görə, 50 gün ərzində yeni prezidentin seçilməsi üçün proseslər başlanılmalı, prezident seçilməlidir. Şərhçinin fikrincə, bu 50 gün ərzində baş verəcək hadisələr bir çox qaranlıq məqamları aydınlığa qovuşduracaq:Bu zaman müəyyən olacaq ki, mafiyalaşmış ayətullahların arasındakı rəqabətlər nə qədər böhranlı bir vəziyyətdədir. Güc uğrunda, hakimiyyət uğrunda çəkişmələrin miqyası hansı vəziyyətdədir, bir-birinə qarşı nə qədər açıq savaş girə biləcəklər. Parlament seçkisi dönəmində Məhəmməd Xatəmi- keçmiş prezident səs vermədi. Həsən Ruhani “Xüdqəran məclisin”ə qatılmaq istəsə də, onu qoymadılar. Qum şəhərinin də özünə məxsus qurupları var ki onlarda bu ayətullah Müntəziri deyilən şəxsə bağlıdırlar və onun yolunun davamçılarıdırlar. Prezident seçkilərinə hazırlıq dönəmində bir çox qaranlıq məsələlərə aydınlıq gətiriləcək”.

Sadiq İsabəyli qeyd edib ki, “ən əsas müəyyən olunmuş məsələ budur ki, bütövlükdə hakimiyyət və kütlə arasında böyük boşluqlar, uçurum var və artıq hakimiyyət vətəndaşları apardığı daxili və xarici siyasətlərə, apardığı ideoloji siyasətlərə inandıra bilmir. İnsanların fərdi ictimai azadlıq tələblərini zorakılıqla basdırmaq istəyir və təbii ki, bu böyük kütlə arasında narazılıqlara səbəb olur. İqtisadi, sosial məsələlərlə bağlı insanların vəziyyəti getdikcə ağırlaşır, əhalinin 60 faizindən çoxu artıq yoxsulluq həddinin aşağısında yaşayır. Bu isə, bir çox faciələrə gətirib çıxarıb”.

Siyasi şərhçinin sözlərinə görə, eyni zamanda hakimiyyətin bütün qatlarında, hakimiyyət uğrunda davalar ya çəkişmələr böhranlı bir şəraitə gəlib çıxarıb.

“Məsələn, parlament sədrinin və onun ətrafında olan qüvvələrin yeyintiləri oğurluqlarının ifşa olunması, sonra bu mühafizəkar dəstəyə və qrupa bağlı olan, yəni dini rəhbərliyə və o dediymiz Məşəd Ayətullah mafiyasına bağlı olan qüvvələrin oğurluqlarını müəyyən olunması ifşa olunması və dini rəhbərin nümayəndələrinin İmam Cuma adı ilə tanınan nümayəndələrinin yeyintiləri, milyon ya milyard dollarlıq o oğurluqlarının ifşa olunması, eyni zamanda SEPAH-pasdaran daxilində hesablaşmalar, bir sıra yüksək rütbəli şəxslərin aradan götürülməsi, həbs olunması, onları casusluqda ittiham edilərək, bəzilərinin elə zindanda öldürülməsi və bu kimi məsələlər İranın daxili vəziyyətindəki "qaranlıq" vəziyyəti "aydın göstərir. Düşünürəm ki, həm ölkənin hərbi strukturunda, həm siyasi strukturunda, həm dini mərkəzlərində çox ciddi qarşıdurmalar var”-deyən İsabəyli vurğulayıb ki, bu qarşıdurmalar bu 50 gün içində daha da şiddətlənə bilər.

İradə Cəlil, Bizimyol.info

Son xəbərlər
Bütün xəbərlər »