Qarabağ Gündəm Cəmiyyət Hadisə Siyasət Dünya Sağlamlıq Sosial-İqtisadi
ABŞ: İki dövlətli həll yolu İsraillə birbaşa danışıqlar vasitəsi ilə mümkün ola bilər
ABŞ: İki dövlətli həll yolu İsraillə birbaşa danışıqlar vasitəsi ilə mümkün ola bilər

Norveç, İrlandiya və İspaniyanın Fələstin dövlətinin tanınması qərarları ilə bağlı ABŞ-ın milli təhlükəsizlik müşaviri Ceyk Sallivan deyib ki, hər bir ölkənin öz qərarını vermək hüququ var və ABŞ iki dövlətli həllin yalnız İsrail və Fələstin arasında birbaşa danışıqlar yolu ilə əldə edilməli olduğuna inanır.

Bizimyol.info xəbər verir ki, ABŞ-ın milli təhlükəsizlik müşaviri Sallivan Ağ Evdə keçirdiyi mətbuat konfransında Yaxın Şərq gündəmi və Fələstinin müstəqil dövlət kimi tanınması prosesi ilə bağlı qiymətləndirmələr edib.

Sallivan ABŞ-ın uzun müddətdir əsas Yaxın Şərq siyasəti kimi “iki dövlətli həll”i müdafiə etdiyini və bunun həm İsrailin təhlükəsizliyi, həm də Fələstin xalqının dinc yaşaması üçün ən sağlam yol olduğunu bildirib.

Norveç, İrlandiya və İspaniyanın müstəqil Fələstin dövlətinin tanınması ilə bağlı qərarlarını şərh edən Sallivan: “Hər bir ölkənin öz qərarını vermək hüququ var. Bununla belə, prezident Baydenin iki dövlətli həllin birtərəfli tanınma yolu ilə deyil, tərəflər (Fələstin və İsrail) arasında birbaşa danışıqlar yolu ilə əldə edilməsinə dair aydın bəyanatları var. Bu, bizim ardıcıl olaraq izlədiyimiz prinsipial mövqedir”, - deyə o qeyd edib.

Sallivan, İsrail rəsmilərinin iki dövlətli həllə mənfi yanaşması ilə bağlı açıqlamaları xatırladıldaraq, İsrail tərəfi ilə keçirdikləri bütün görüşlərdə bu məsələnin əhəmiyyətini ifadə etdiklərini və problemin həlli üçün iki dövlətli həll perspektivi ilə bütün tərəflərlə görüşməyə davam edəcəklərini qeyd edib.

İsrailin beynəlxalq arenada getdikcə daha çox təklənməsi ilə bağlı suala cavab olaraq amerikalı müşavir İsraili dəstəkləyən bəzi ölkələrin zamanla İsrailə qarşı reaksiya verməyə başladığını və bu mövzuda narahatlıqlarını Təl-Əvivə çatdırdıqlarını bildirib.

Norveç, İrlandiya və İspaniya mayın 28-də Fələstini 1967-ci il sərhədləri ilə beynəlxalq hüquq və Birləşmiş Millətlər Təşkilatının Təhlükəsizlik Şurasının (BMT TŞ) müvafiq qətnamələrinə uyğun olaraq tanıyacaqlarını açıqlayıblar.

Qadir, Bizimyol.info

Son xəbərlər
Bütün xəbərlər »