Qarabağ Gündəm Cəmiyyət Hadisə Siyasət Dünya Sağlamlıq Sosial-İqtisadi
Uğur mələyi, incə sənət əsəri...
Uğur mələyi, incə sənət əsəri...

Ən güclü kişinin belə dözə bilməyəcəyi ağrılardan doğulmuşuq. Bizi dünyaya gətirən - incə və cəsur qadınlığın yaradıcı ağlı və doğurucu gücüdür.

Yaradıcı ağıl demişkən. Qadın ağlı kişi ağlından zəif deyil, sadəcə, fərqlidir. Bütün ağıllı adamlar bunun fərqindədir.

Qadını necə təsvir edim?! Qıcaca, "hüzur" deyərdim.

Sakit, həzin düzən çayı.

Düzənlik çayı dərin olur, bilirsiniz. Dağ çayının hövsələsiz dramatik kürlüyünə tərs. Dərin, həlim, hüzurlu. Öz gövrək florası, ürkək faunası ilə dinclik duyğusu saçan. Öz axınının lirik, yumşaqca ritmik melodiyası ilə ruhu titrədən.

"Boğacaqsa" da, dərində, səmirsiz "boğar". Öz ağuşunda. Sevərək, oxşayaraq. Dağ çayı kimi vurub-qırıb, parçalamaz.

Sıldırımlardan qopub gəlir, qayalara, daşlara çırpılır, yarğanları titrədir deyə, dağ çayı daha güclüdür?! Yox. Dərinliyin də öz gücü var. Hərənin axım tərzi, ağıl parametri və güc ölçüsü fərqlidir. Bu fərq bir-birini tamamlama ehtiyacı yaradır. Bir-birindən fərq birinin üstünlüyü və ya zəifliyi demək deyil.

Əgər üstünlük axtarmaq lazımdırsa, o da yəqin ki, gözəllikdir (ki, ilahidən qadının nəsibidir). Allah qadınları bütün talantı ilə yaradıb, bizi isə bir az, deyəsən, "yola verib".

Bir sirr də açımmı?!

Allah qadını özü qəsdən belə gözəl yaradıb ki, kişinin onu sevməkdən başqa heç bir çarəsi qalmasın. Çünki...

Çünki qadın özü özlüyündə kişi üçün bir çarədir. O üzdən, fikir vermisinizsə, qadınını itirən kişi biçarə qalır. Hansı yaşda olursa-olsun, fərq etməz.

Kişiləri ara-sıra cırnadan bir gerçək də var: elm qadınların kişilərdən uzun yaşadığını deyir. Elə statistika da. Bu yaxınlarda bir maraqlı statistik məlumata da rastladım. Sən demə, ölkəmizdə yüz yaşını keçmiş 288 nəfər var. Onlardan 244 nəfəri qadınmış.

Fərqi gördünüz!

Çağdaş alman alimlərinin elmi hipotezinə inansaq, bu fərqin səbəbi, məncə, qadınların güzgüdə özünə daha çox baxmasıdır. Hərçənd İsveç alimləri deyir, yox, kişilər daha çox baxır aynaya. Ancaq çeşidli sorğular və eksperimentlər, alman alimləri haqlı çıxarır: qadınlar güzgüyə daha çox baxırmış!

Ancaq hətta İsveçli alimlər haqlı olsaydı belə, bu, situativ və sonuc olaraq heç nəyi dəyişmir. Niyə?!

Niyəsi başqa bir sualda "gizlənib": güzgüyə baxanda kim kimi və necə görür?! 

Təbii ki, qadın güzgüyə hər baxdığında gözəllik görür (əgər təbii gözəlliyini tamahkar və naşı cərraha məxsus estetik əməliyyatın masasında buraxmayıbsa). Kişi isə aynaya bəlkə də heç baxmasa yaxşıdır...

Zərif cinsə elmin marağı bununla da bitmir. Çoxu kişi cinsindən olan həmin o alman elm adamları beş illik araşdırmalardan sonra bu nəticəyə gəliblər ki, gözəl xanımlarla ünsiyyət, onların gözəlliyinə tamaşa etmək kişilərdə infarkt və insult risqini azaldır, kişilərin ömrünü 3-4 il uzadır.

Burdan belə nəticəyə gəldim: kişilər xanımlara "ömrüm", "canım", "həyatım" deyəndə əslində kompliment söyləmiş olmurlar, həqiqəti dilə gətirmiş olurlar. Əlbəttə, sevən kişiləri deyirəm; bu kəlmələri ürəkdən deyənləri...

O halda, deməli, subay kişilərin sağlamlığı, hətta həyatı yumşaq risq altında qalır.

Bizdə bir söz var, deyirlər: "Subaylıq - sultanlıqdır".

Doğrudan?! Nə danışırsan?!

Əcəb sultanlıqmış! Tarixdən tanıdığımız sultanların hərəmində iynə atsan yerə düşməzdi. Bunun, əlbəttə, kardioloji səbəbləri də vardı. O dərinliyə heç varmayım. Tarix tarixdə qalıb. Hərçənd elə indinin özündə - ilin-günün bu vaxtında Bruney sultanının üç zövcəsi var.

Sultanlıq, əslində, sadəcə, dövlət vəzifəsi deyil; bir mənasında eşq məqamıdır. Sultanlıq məqamı sevgidən başlar, sevgisizlikdə bitər. Sevilirsənsə, hə, sultansan. Özün sevirsənsə, bu, sultanlıqdan da ötədir; dünya sənin ətrafında dolanır...

"Subaylıq -sultanlıqdır" yalanını əslində əsl həqiqətdən "gizlənmək" qəflətinə uymuş zəif kişilər uydurub. Hərçənd hər insanın gücünün sərhədləri həqiqətə sevgisi boydadır. "Kişi gücü" dediyimiz də həmçinin.

Elədirsə, doğrudan da, qadına görə sevginin duyğu tutumu, emosional yüzölçümü kişi gücünün yarımyabanı nəvazişidir. "Gücün nəvazişi" bəlkə qəribə səslənir. Ancaq zərif cins üçün xoşbəxt intim - kişi eqosunun qadın qürurunu fiziki "sınaq"larla sığallamasıdır.

Ədəbiyyatın əbədiyyət sandığında qadınlığın bitib-tükənməyən - bir-birinə bənzəməyən, bir-biri ilə mehribanca "dalaşan" ruh halları, hər cür duyğu şəkillənməsi var. Dünyanın bəzən ən güclü qadın ismi də "verbal tumarın" və fizioloji həzzin ən zəif feilinə "yenik düşər". Amma bu, heç də qadın gücünün zəifliyi deyil, qadın zərifliyinin gücüdür. Qadına əl qaldıran, yaxud dil uzadan kişi güclü olduğunu - qalib gəldiyini düşünə bilər. Öz yalanına özünü inandırmaq istər. Gerçəkdə isə o kişi elə özünə uduzur; öz qolunun gücünə, ruhunun gücsüzlüyünə məğlub olur.

Ruh halları, duyğu şəkillənmələri dedik. Ədəbiyyat dedik. Güc, məsələn, çox çeşidli formalarda, hətta fərqli-fərqli məzmunlarda ədəbi qavrayışımızın qapısını döyəcləyib. Bax, Milan Kunderadakı "Anyes"sayağı ahıl ağayanalığın yaşından cavan təbəssümü - güc! Floberin amansız yasaq eşqlə sınadığı "xanım Bovari"nin utancaq günahkarlığı - güc! Yaxud bədii mətnin "6-cı mərtəbəsi"ndə "yaşayan" Anarın hamının gözü qarşısında gizlətdiyi "Təhminə"nin üsyankarlığı - güc!

Güc təkcə fiziki-riyazi olan deyil, həm də hissi ölçüsü olan nəsnədir. Kişinin öz gücünə güvəni bəzən elə qadınla bir duyğu təmasından atəşlənər. Bəzən bir "günahsız" baxışla, bir "ümidsiz" gülüşlə, bir qəfil toxunuşla, bir ürkək öpüşlə başlar heyranlıq. Sonra ürəklər, ömürlər, əllər birləşər. Çox zaman uğurlu kişi elə həmin an başlar...

Əbəs yerə deməyiblər: "Hər uğurlu kişinin arxasında güclü bir qadın dayanıb". Düşünürəm: hə, deməli, bu qadın kişinin arxasında dayanıb. Əsas odur, önünü kəsməyib.

Bir məşhur yazıçı deyir: "Müharibələri kişilər yox, qadınlar etsəydi, Yer kürəsinin daşı daş üstündə qalmazdı". Amma mən bu fikirlə razı deyiləm: qadınlar da olmasa, kişi olan bir Allah bəndəsi dünyada bir daşı daş üstünə qoymazdı axı. Gəlin, kişi kimi boynumuza alaq.

Hər evə kişi lazım, o ayrı! Amma əvvəlcə hər kişiyə də ev lazım, doğrudurmu?! O evi yuva eləyən kimdir?! Qadın.

Kişilər niyə bütün gün özünü oda-közə vurur?! Çünki qadınını məmnun etmək zorundadır. Sözün xoşbəxt mənasında.

Deməli, hər kişiyə mütləq bir uğur mələyi, ya da, heç olmasa, motivasiya mənbəyi gərəkdir! Kimsə buna "qadın dır-dırı" deyə bilər. Qoy, lap elə adı "dır-dır" olsun. Sizi inandırıram, qadın "dır-dır"ı olmasa, bəlkə də kişi nə ev alar, nə işini dəyişər, nə maşını dəyişər, nə karyera yüksəlişi haqda düşünər. Qadın "başının ətini yeməsə", qonşuyla, qohumla müqayisə edib, zor-xoş... "motivə" etməsə, kişi olan kəs yerindən tərpənməz. Çünki o hər axşam: "Hamı gedir quş gətirir, Şahqulu bayquş" gətirir tipli yarımironik xalq yaradıcılığı nümunələrinə məruz qalmasın deyə çalışıb çarpışır. Hətta bir dəfə ən yaxın dostum: "Universitetlərdə ayrıca "dır-dırologiya" ixtisası açmaq lazım" demişdi.

Uzun sözün qısası: kişi uğurludursa, arxasında mütləq ən azı özü qədər uğurlu qadın dayanıb.

Amma, doğrudanmı, hər yerdə qadın kişinin arxasında dayanır?! Yox! Bu, şəraitə (ya da şəriətə görə!) dəyişir. Məsələn, Əfqanıstanda, Yaxın Şərqdə hər salamat kişinin önündə... ən azı bir güclü qadın var. Kişini minalanmış sahədən salamat keçirmək üçün...

Ərəbistanda bəlkə kişilər ona görə bir evdə öz ibtidai düşüncəsinə görə, bir neçə qadını "minaaxtaran" kimi saxlayır. Adını "zövcə" qoyduqlarına "minatəmizləmə qurğusu" kimi baxır. Hər partlayışdan sonra fiziki olaraq bir az salamat çıxsa da, hər dəfə daxilən bir az da ölür.

Amma bizim xanımlar! Nə öndədirlər, nə arxada. Yanımızdadırlar. Kimsə kimsəni itələmir, ya da önünü kəsmir. Hərdən kişi futbola baxanda qadın tozsoranla ekranın önündən keçər. O qədər! Bu da kişisini futbola qısqanmağındandır... Ona qalsa, kişi də xanımını acı bağırsaq kimi uzanan teleseriallara, ya da bacısının votsap mesajına qısqana bilər... O da o qədər! Bir də, ümumiyyətlə, ikisi də bir-birini sevincə xəfifcə qısqanarlar... Həm də səmirsiz, aram-aram, zövqlə, üslubunca və qədərində...

Bəli, bizim xanımlar bizimlədir. Sevgisi ürəyimizdə, adı dilimizdə, özü yanımızda, sözü qulağımızda, bir əli və iki gözü üstümüzdə...

O biri əlində telefon var; anası ilə danışır.

Bizim xanımlar ətimizi yesə də, sümüyümüzü atmaz; onu da təyinatı üzrə istifadə edər.

Əlbəttə, burda bir az şirin yumor da var. Sevgi şarjı kimi. Amma, sözün doğrusuna gəlsək. Əvvəl də yazmışdım ki, qadın - incəsənət əsəridir. Məşhur Amerika yazıçısı Uilyam Potterin - O'Henrinin məşhur bir hekayəsi var: "İncəsənətə sevgidən".

Orda yazır: "İncəsənəti sevirsənsə, heç nədən qorxmamalısan".

Qadın da incə sənətin ilahi şedevri olduğu üçün, onu sevirsənsə, heç nədən qorxmamalısan. Qadın səni sevirsə, hə, o zaman qoy hamı səndən qorxsun. Sözün yaxşı mənasında.

Sevdiyi qadının zərifliyindən güc alan hər sevilən kişinin qarşısında bütün güclər gücsüz qalar.

Dahi fizik deyib: "Məntiq sizi A nöqtəsindən B nöqtəsinə aparar. Xəyal isə hər yerə". Deməli, biz özümüz də bir növ xəyalın meyvəsiyik. Hamımız bu dünyaya xəyalımızın dalınca gəlmişik. Əslində, bəli, hamımız xəyalımızdakı dünyaya gəlmişik. Xəyallarımız isə daha çox obrazlarda ifadə olunub. Hər qızın xəyalında bir ağ atlı qəhrəman, hər oğlanın xəyalında ağ donlu bir mələk var. Yəni... Kişinin qavrayışında qadın ilahi qüvvənin yer üzünə düşən parlaq... kölgəsidir. Beləliklə, kişi təhtəlşüuru özlüyündə bir nöqtədə qadın gücünə sığınıb. Bu, sığındığı gücün mənbəyini "mələk" obrazında ilahiləşdirməsindən də görünür...

Bahəddin Həzi Bahəddin Həzi

Bahəddin Həzi, Bizimyol.info

Son xəbərlər
Bütün xəbərlər »