Qarabağ Gündəm Cəmiyyət Hadisə Siyasət Dünya Sağlamlıq Sosial-İqtisadi
"Bələdiyyə öz məsuliyyət yükündən kənar işə görə cərimələnir, öncəsində maarifləndirmə aparılmır"
"Bələdiyyə öz məsuliyyət yükündən kənar işə görə cərimələnir, öncəsində maarifləndirmə aparılmır"

"Bir neçə il əvvəl pandemiyadan əvvəl və pandemiyadan sonrakı dövrlərdə mütəmadi olaraq, Ekologiya və Təbii Sərvətlər Nazirliyi ərazilərdə monitorinqlər apardı. Monitorinqlər zamanı ərazilərdə məişət tullantılarının qalaqlanması halları aşkarlanan zaman dərhal Ekologiya və Təbii Sərvətlər Nazirliyinin müvafiq idarəsi bununla bağlı həmin ərazinin bələdiyyəsinə protokol tərtib edir, məcburi göstəriş verir və bələdiyyə sədrləri 2 min və daha çox miqdarda cərimə edilir. Bələdiyyələrin böyük əksəriyyəti cərimə kəsilən zaman məhkəməyə müraciət edir, məhkəmədə də qələbə çalır və məhkəmədə həmin məcburi göstərişi, o cümlədən də cəriməni ləğv etdirir".

Bu barədə Bizimyol.info xəbər portalına “Bələdiyyələrin fəaliyyətinin təbliği” İctimai Birliyinin sədri, araşdırmaçı jurnalist Vüqar Tofiqli danışıb. Sədr bildirib ki, həmin ərazilərdə ümumiyyətlə bələdiyyələrin öz statusunda, öz məsuliyyət yükündə məişət tullantılarının təmizlənməsi və digər məsələlər qoyulmayıb. Ekspertin fikrincə, bələdiyyənin üzərində belə məsuliyyət yükü yoxdur ki, öz ərazisindəki zibil tullantılarının daşınmasıyla məşğul olsun. Bələdiyyələr sadəcə müraciət edə bilər, vətəndaşla müvafiq qurumlar arasında körpü rolunu oynaya bilər. Məsələn, hər-hansı bir problemlə bağlı vətəndaş müəyən bir quruma müraciət edir. Amma bələdiyyə müraciət edəndə onun problemi bir qədər sürətlənmiş formada öz həllini tapır.

Vüqar Tofiqli Vüqar Tofiqli

“Biz bir neçə il bundan öncə, 2021-ci ildə bu məsələ ilə Ekologiya və Təbii Sərvətlər Nazirliyi qarşısında məsələ qaldırdıq. Həmin dövrdə 11 regional ekologiya idarəsində görüşlər keçirildi və ikisində də mən özümdə iştirak etdim. Bu məsələ ilə bağlı çıxış etdim və həmin dövrdən sonra bir müddət xeyli müddət bələdiyyələrin cərimələnməsi, o cümlədən məcburi göstərişlərin verilməsi dayandırıldı. Faciə onda idi ki, həmin dövrlərdə elə bələdiyyə var idi ki, 1 ildə iki dəfə cərimə kəsilmişdi. Hər ikisində də bələdiyyə sədrinə 2 min manat cərimə yazılmışdı. Əgər bu cəriməni yazmısansa bir dəfə, ikinci dəfə heç olmasa bir maarifləndirmə işi aparmalı idin, bir izahat işi aparmalı idin ki, bu bələdiyyə ikinci dəfə səhv etməsin. İkinci dəfə bələdiyyə səhv edir, sən cərimə edirsənsə, burada günah bələdiyyə sədrində deyil, səndədir. Yəni bax belə halların qarşısının alınması ilə bağlı, biz də qeyri-hökümət təşkilatı olaraq, bu istiqamətdə ciddi addımlar atmışıq və atırıq da. O cümlədən, bu işdə Milli Bələdiyyə Assosiasiyaları da artıq öz sözünü deməyə başlayıb və müəyyən mənada onlar da bu istiqmaətdə lobbiçilik aparırlar”-deyə ekspert bildirib.

Vüqar Tofiqli ümid edir ki, bu məsələ yaxın vaxtlarda öz həllini tapacaq.

“Təsəvvür edin ki, həmin bələdiyyə sədrlərinin heç biri həmin protokola imza atmayıb, imtina edib. Çünki haqsız yerə cərimə ediliblər. Fikir verin 4-5 radələrində protokol imzalanıb, yəni gəlib protokol tərtib ediblər və axşamı onu mətbuata ötürüblər ki, yəni biz bu işi gördük. “Reytinq” xatirinə, yəni “mən də bu işi gördüm, mən də bu addımı atdım” və ya plan doldurmaq məqsədi ilə atılacaq bir addım kimi hiss olunur. Burada məsələyə nazirlik tərəfindən bu şəkildə yanaşılması yolverilməzdir. Bu istiqamətdə konkret olaraq bələdiyyələrlə görüşlərin keçirilməsinə üstünlük verilməlidir. Cərimə kəsilməsi, istənilən halda o məsələnin həlli demək deyil. Yəni əsas məsələ odur ki, maarifləndirmə işi aparılsın və bu istiqamətdə də təlimlərə, monitorinqlərə müəyyən məsələdə geniş yer verilsin. Müəyyən məqamda müvafiq orqan cərimə edilməlidir. Bu orqanlar; Mənzil Komunal İstismar Sahələri, Mənzil Komunal İstismar Birlikləri və o cümlədən, digər orqanlardır”-deyə ictimai birliyin sədri əlavə edib.

Vüqar Tofiqli vurğulayıb ki, bu günə qədər kəsilən cərimələrdən gələn vəsaitin həcmi ilə bağlı məsələ qaldırıb.

“Cərimə kəsilirsə, bu günə kimi kəsilən cərimələrdən gələn vəsaitin həcmi məlumdurmu? Nazirlikdə monitorinq aparıblarmı ki, il ərzində neçə bələdiyyəyə cərimələr kəsilir və neçəsi məhkəmə yolu ilə o cərimələrini ləğv etdirir? Yəni özləri də təhlil aparmış olsalar, vəziyyəti açıq-aydın görərlər. Bu, haqsızlıqdır və haqsızlığı məhkəmə hüquq sistemi də qəbul etmir”-deyə Vüqar Tofiqli qeyd edib.

İradə Cəlil, Bizimyol.info

Son xəbərlər
Bütün xəbərlər »