Azərbaycan Respublikası Mərkəzi Bankı tərəfindən yenilənmiş 1 qəpiklik metal pul nişanları tədavülə buraxılıb. "Mərkəzi Bank" xəbər verir ki, tədavülə buraxılan yenilənmiş 1 qəpiklik metal pul nişanının arxa tərəfində yeni dizayn elementləri kimi Azərbaycan Respublikasının Dövlət gerbi, eləcə də pul nişanının istehsal ili əks olunub.
Bu gün əksər satınalmalar nağdsız şəkildə həyata keçirilir. Belə bir dövrdə 1 qəpiklik buraxmaqda məqsəd nədir?
“Bu, tarixdə rastlaşdığımız bir hadisədir. Son dövrlər inflyasiya müşahidə olunur. Gözləntilər var ki, gələcəkdə qiymətlər artacaq. Bu gözləntilər iqtisadiyyata daha çox təsir edir. Bu səbəbdən, qəpiklər geri qaytarılır. Qəpikləri geri qaytarmaq psixoloji olaraq insanlara təsir edir ki, humanitar siyasət pulları dəyərsizləşdirməyə yönəlməyib. Yəni bununla deyilir ki, “görürsünüz ki, xərc də çəkilir və heç də bunu dəyərsizləşdirmək fikrində deyil”
Bu barədə Bizimyol.info xəbər portalına iqtisadçı, alim Emin Qəribli danışıb. İqtisadçı qeyd edib ki, bu proses Azərbaycan manatına inamı qaytarır.

İqtisadçı deyir ki, bəzən insanlar deyirlər ki, devalvasiya olacaq və s. Ancaq dövlət xırda pulları qaytarmaqla manata inamı qaytarmaq istəyir. Mərkəzi Bankın məqsədi daha çox bu məna daşıyır”-deyə Emin Qəribli bildirib.
İqtisadçı qeyd edib ki, bu problem Rusiyada da var idi. 2022-ci ildə orada xırda kağız əskinaslar buraxılmağa başlanıldı. Orada buna dair ən azı bir 50 fərziyyə irəli sürmüşdülər.
"Azərbaycanda məqsəd yerli valyutaya inamı qaytarmaq istəyidir"-deyən Emin Qəribli vurğulayıb ki, insanlar artıq bu məqamlara fikir verirlər.
İradə Cəlil, Bizimyol.info