Qarabağ Gündəm Cəmiyyət Hadisə Siyasət Dünya Sağlamlıq Sosial-İqtisadi
Əlvida, balaca "Cavanşir"lər... "Çeşidli nəqliyyat növü və onlara şərait yaratmaqla tıxac həll edilə bilər"
Əlvida, balaca "Cavanşir"lər... "Çeşidli nəqliyyat növü və onlara şərait yaratmaqla tıxac həll edilə bilər"

Üç gün öncə yaşı 62-ni ötən məşhur Cavanşir körpüsünün söküntüsünə başlanılıb. Məlumat üçün qeyd edək ki, Bakı şəhəri Afiyəddin Cəlilov – Üzeyir Hacıbəyli küçələri istiqamətində yerləşən, uzunluğu 202 m, eni 17 m, 12 aşırımdan ibarət olan Cavanşir yolötürücüsü dəmiryolu vasitəsi ilə yüklərin qısa zamanda dəniz limanına çatdırılması üçün 1962-ci ildə istismara verilib.

  • Cavanşir körpüsünün sökülmə zərurəti nə idi?

  • Körpünün sökülməsi nəqliyyatın tıxac probleminə necə təsir göstərəcək?

  • Yeni tikiləcək körpü hansı standartlara cavab verəcək?

  • Sökülməsi zəruri olan başqa körpülər də varmı?

Nəqliyyat üzrə mütəxəssis Rauf Ağamirzəyev Bizimyol.info xəbər portalının suallarını şərh edib.

"Körpü tıxac problemi ilə bağlı sökülmür. Körpünün söküntüsü üçün onun qəzalı vəziyyətdə olması səbəb gətirilib və ona görə sökülür. Tıxac məsələsinin bu kontekstdə olması doğru deyil. Tıxacın həll yolu infrastuktur tikintisindən, bir qovşağın tikintisindən və ya söküntüsündən getmir. Tıxacın həll yolu çeşidli nəqliyyat növləri və bunun üçün şəraitlərin formalaşdırılmasından keçir. Məsələn, siz qısa məsafəni gedə bilərsiniz, amma gedə bilmirsinizsə, bax, tıxacın cavabı odur.

Biz insanlara çeşid verməliyik. İnsan qısa məsafəni niyə avtomobillə getsin? Çünki, öncəliklə, şərait yoxdur. İkincisi də bu günədək qurulan infrastruktur məhz avtomobil üçün qurulub. Bəs nəyin hesabına qurulub? Səki, ağac kəsilib. Bu, həm mikroiqlimi pozub, həm səs kirliliyini artırıb, həm də aqressiv mühit yaradıb. Yekun nəticədə daha geniş küçələr həm də şəhər toxumasını dağıtdı. Yəni insanlar üçün əlçatmaz bir şəhər yaratdı. Yeraltı keçidlər düzəltməklə də məsələ öz həllini tapmır. Yəni eyni səviyyəli qısa məsafədə keçidlər zolaqlı olmalıdır. Svetoforla idarə olunan küçələri sakitləşdirən elementlərlə digər qısaməsafəli həll mikromobillik vasitələri üçün velozolaqlardır. Onların da təşkilinə artıq son beş aydır ki, başlanılıb. Onlara da sərt nəzarət olunmalıdır və avtobus zolaqlar şəbəkəsinə nəzarət.

Təbii ki, öncəlik budur ki, insanlar qısa məsafədə bir avtomobildən dünənə qədər asılı qalırdılar, hansı ki, biz onun fəsadlarının tıxaclara gətirib çıxardığını gördük. Amma çeşidlər olandan sonra insanlar qısa məsafəni piyada, velosiped, skuter və yaxud da ictimai nəqliyyatın avtobus növü ilə gedə biləcək. İkinci mərhələ əgər böyük şəhərdən danışırıqsa, bu, relsli nəqliyyatdır. Yəni tıxacın cavabı tramvayda, metro, dəmiryolu şəbəkəsində, qatarların intensivliyindədir. Belə olduğu halda artıq yük parçalanır. İndiki halda bir avtobusun üzərinə yüklənən şəhər yox, artıq çeşidli hərəkət növləri yaranır. Bunlar olmadığı halda, hamısı avtomobilə doğru gedirdi və bunun yan fəsadı olaraq biz tıxacları müşahidə edirdik. Ona görə də tıxac deyildikdə, Cavanşir və ya başqa körpülərin sökülməsi əsas gətirilməməlidir. Yəni tıxacın körpüyə aidiyyəti yoxdur.

Biz şəhərin daxilində svetoforla idarə edilən küçələri görməliyik. Çünki şəhərin daxilində insanlar küçənin bir tərəfindən digər tərəfinə daha çox hərəkət edir, yaşayır. Bir tərəfdən digər tərəfə daha çox keçmək zərurəti var. Amma şəhərin xaricində sürətli yollar, müxtəlif səviyyəli keçidlər də olar. Həmin bu müxtəlif səviyyəli keçidlərin özləri də əlçatan olmalıdır ki, istər velosiped idarə edənlər, istər əlil arabasında olan şəxslər, istərsə də uşaq arabası olanlar buradan rahat istifadə edə bilsinlər. Bu, şəhər xaricindədir. Şəhər daxilində isə bariyersiz mühit olmalıdır. Yəni insanların eyni səviyyədə heç bir maneə olmadan, küçənin bir tərəfindən digər tərəfinə piyada hərəkəti təmin olunmalıdır" - deyə, nəqliyyat üzrə mütəxəssis qeyd edib.

Mətin Şükürlü, Bizimyol.info

Son xəbərlər
Bütün xəbərlər »