Qarabağ Gündəm Cəmiyyət Hadisə Siyasət Dünya Sağlamlıq Sosial-İqtisadi
Səhərlər hamıdan tez oyanır, axşamlar evə hamıdan gec qayıdır, çoxsaylı ölüm təhlükəsi ilə üzləşirlər
Səhərlər hamıdan tez oyanır, axşamlar evə hamıdan gec qayıdır, çoxsaylı ölüm təhlükəsi ilə üzləşirlər

Səhərlər hamıdan tez oyanır, axşamlar hamıdan gec evə qayıdır, hər kəsdən daha çox ölüm təhlükəsi ilə üzləşirlər. Söhbət kommunal xidmət işçilərindən gedir. Biz onları hər yerdə hər an görə bilərik; magistral yolun kənarında, qaranlıq küçədə, şəhərin mərkəzində, ən uzaq qəsəbədə - hər yerdə...

Kommunal xidmət işçilərinin çoxunu yaşı 50-ni ötmüş xanımlar təşkil edir. Nadir hallarda kişi əməkdaşlara da rast gəlmək olur. Onlar şəhərin küçələrinin təmizliyindən məsuliyyət daşısalar da, görünür, onların sosial və həyati təhlükəsizliyindən heç kim məsuliyyət daşımır.

Səhər vaxtı işə gəldikdən sonra əyinlərini dəyişmək üçün yolun kənarında qoyulmuş köhnə, çirkli, içində süpürgə, kürək və digər texniki avadanlıqlar olan köşklərdən istifadə edirlər. Hərdən imkan tapanda səki üzərində oturub, su ya da çay içirlər. Əgər bir neçəsi bir yerdə çalışırsa, içilən o çayın dadı, xatirəsi və ətrafında aparılan söhbət tamam başqa olur. Hərdən onları səkidə - qalın qutu kartonları üzərində oturub, deyib-gülən görürəm. O qədər ürəkdən və o qədər səmimiyyətlə söhbət edib, deyib-gülürlər ki, bəlkə də Milli Məclisdə qanuni gəliri beş min manat olan deputatın həyatında heç vaxt elə xoşbəxt, ürəkaçan söhbət olmayıb.

...Bu gün yenə həmin səmimi gülüş səslərindən birinə rast gəldim. Yolun kənarında oturub, öz rayonlarında baş vermiş hansısa gülməli əhvalatdan danışırdılar. Çay içdiklərindən, üzlərini örtmüş dəsmallarını endirmişdilər. Hərdən bərkdən güldüklərinə görə insanların istəmsizcə onlara nəzər yetirdiklərini görüb, dəsmalı qəfil üzlərinə çəkirdilər. Onlardan biri ilə öncələri söhbət etmişdim. Deməli, beşyüz əlli manat əməkhaqqı alırlar, həftənin bir günü istirahət edirlər. İş saatları çoxdur. İşləri gərgin və təhlükəli olsa da, buna önəm vermirlər.

Onları görəndə, ağlımda yuxarıda keçən qiyası apardım. Həqiqətən də xoşbəxtliyin açarı yüksək gəlir, vəzifə, dəbdəbəli həyat yox, vicdan rahatlığı və halallıqdır. Halal qazanc əldə edən insanın daxilində heç vaxt mənəvi narahatlıq ola bilməz. Bəlkə, ola bilsin, fiziki narahatlıqları olsun. Onun da günahkarı özləri deyil. Aldıqları əməkhaqqı özlərini müalicə etdirməyə yetmirsə, təqsir, günah, cinayət kimindir?

Həqiqətən də vicdan rahatlığı, təmiz xarakter və mənəvi zənginlik yer üzündəki ən böyük nemətdir. Varındırsa, səki üzərindəki kartonların üzərində də oturmalı olsan, 9 saatlıq iş qrafikində və şütüyən avtomobillərin arasında bir stəkan çay içməyə vaxt tapan kimi deyib-gülərək o anın dadını çıxara bilirsən. Yox, əgər həmin dəyərlərdən məhrumsansa, lap hansısa qüllədəki restoranda stəkanı 50 manata bir çay iç, telefonuna gələn bir zəngdən diksinəcəksən.

Halallıq, zəhmət və vicdan misilsiz dəyərdir...

Mətin Şükürlü, Bizimyol.info

Son xəbərlər
Bütün xəbərlər »