Pulumuzu harada saxlayaq? Nədənsə son zamanlar insanlarda banklara olan güvən azalıb. Bir çox vətəndaşlar pullarını evdə saxlamağa üstünlük verirlər. Bəziləri isə, qızıl almağa üstünlük verir. Belə hesab edilir ki, qızıl gələcək üçün ən yaxşı yatırımdır. Əksəriyyət isə, pulu xarici valyutada saxlamağa üstünlük verir. 2015-ci il devalivasiyasından sonra, insanların içində sanki “itirmə” qorxusu var.
Tez-tez “əlimdəki pul ilə nə iş qura bilərəm” sualı ilə qarşılaşırıq. Bəzən özümüz də bu sualın üzərində düşünməli oluruq. Nə iş qura bilərik ki, əlavə gəlirimiz olsun. Hələ Azərbaycan reallığında bu sual daha çox düşündürür.
Mütəxəssislərin fikrincə, ən sərfəli investitsiya daşınmaz əmlak sahəsidir. İqtisadçı ekspert Pərviz Heydərov Bizimyol.info xəbər portalına açıqlamasında bildirib ki, fiziki şəxslər üçün ən sərfəli investisiya, yəni yatırım vasitəsi daşınmaz əmlak sayılır.
İqtisadçı hesab edir ki, qalan sahələrdə risk səviyyəsi olduqca yüksəkdir. Pərviz Heydərov deyir ki, "banklara əmanət yatırmaq, qızıl almaq və yaxud hər hansı bir bizneslə məşğul olmaq üçün yatırım etmək və s. bunların hamısı yüksək risk xarakter daşıyan işlərdir. Amma daşınmaz əmlak, obyekt alınması, ev alınması, torpaq sahəsi alınması və s. gələcəkdə ən azından vətəndaşlar üçün itkinin olmamasına, yəni itki ilə üzləşməməsi baxımından daha məqsədə uyğun yatırım yerləri hesab edilir. Qalan sahələrdə risk olduqca yüksəkdir".
P.S. Yəni ekspert deyir ki, artıq pulunuz varsa, ev alın, torpaq alın, obyekt alın. Amma qətiyyən pulunuzu hansısa biznesə, qızıl almağa və s. yatırasınız. Bu, pulunuzu "itirmək" riski deməkdir.
İradə Cəlil, Bizimyol.info