"Hər bir ölkədə investisiya üçün ilkin şərt öncə əlverişli mühitin olması təşkil edir. Belə ki, müvafiq qanunvericiliyin uyğun olması, məhkəmə sisteminin tam olaraq ədalət prinsiplərinə söykənməsi, sığorta şərtlərinin tələb olunan səviyyədə təşkili, vergi və gömrük rüsumlarının aşağı həddə olması və s. kimi amillərin mövcudluğu əsas məsələlərdir".
İqtisadçı Pərviz Heydərov Bizimyol.info xəbər portalına açıqlamasında bildirib ki, məhz sadalananlardan sonra ölkənin ölkənin potensialı, yəni qazanc əldə etmək üçün hansı imkanlara malik olması məsələsi gəlir. Ekspertin firkincə, Azərbaycan həm təbii resurslar baxımından, həm də infrastruktur, həmçinin digər yerüstü imkanlar və şərait baxımından qazanc əldə etmək üçün çox böyük potensiala malik ölkələrdəndir.
“İndiyə qədər neft-qaz sektoruna daha çox investisiya qoyulub. İqtisadiyyatımız bunun əsasında inkişaf edib. Yəni, "bir" tərəfli şəkildə. Lakin neçə illərdir ki qeyri-neft sektorunun inkişafı bir nömrəli vəzifəyə çevrilib və əsas məqsəd sayılır. Bunun üçün hökumət tərəfindən müvafiq təbliğ və təşviq siyasəti həyata keçirilir. Bununla belə, vəziyyət xüsusən, xarici investisiya axınında çox da qənaətbəxş deyil”-deyən Pərviz Heydərov hesab edir ki, bu ilin yanvar-mart aylarında əsas kapitala 3 milyard 809,2 milyon manat və yaxud ötən ilin eyni dövrü ilə müqayisədə 4% çox investisiya qoyulub ki, bunun 3 milyard 024,8 milyon manatını və yaxud 79,4 %-ni daxili investisiyalar təşkil edib.
İqtisadçının fikrincə, ölkədə qeyri-neft-qaz sektoru üzrə ən sərfəli investisiya qoyuluşu aqrar sektor hesab oluna bilər. Həmçinin, xidmət sektoru da investisiya üçün əhəmiyyətli sahədir. Qeyri-neft-qaz sektoruna dair sənayenin də investisiya üçün əlverişli, yəni gəlir gətirə bilən bölmələri var.
“Yeri gəlmişkən, hazırda işğaldan azad olunan ərazilərimizdə investisiyalar üçün daha geniş imkanlar açılıb. Bu siyasət, bilavasitə dövlət tərəfindən həyata keçirilir. Sözün qısası, ölkəmizdə investisiya üçün sərfəli sahələr çoxdur və bunların hamısı, məhz qeyri-neft sektoruna aid sahələrdir”-deyə ekspert əlavə edib.
İradə Cəlil, Bizimyol.info