Ölkədə məvaciblərin aşağı olması indi heç mübahisə mövzusu da deyil. Təkcə minimum əməkhaqqının məbləğinə baxıb gerçək mənzərəni təsvir etmək mümkündür. Uzağa getmədən qonşu ölkələrlə müqayisə aparıb buna görə xəcalət çəkmək olar. İş orasındadır ki, Azərbaycanda minimum əməkhaqqı sayılan 345 manata yaxın maaşa işləyənlərin sayı çoxdur. Yəni vəziyyət düşünüləndən də pisdir.
Bizimyol.info xəbər verir ki, hökumət Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyinə bu il noyabrın 1-dək minimum əməkhaqqının artırılması ilə bağlı təklifləri hazırlayaraq aidiyyəti üzrə təqdim etməsini tapşırıb. Xəbərə görə yalnız sevinmək olar. Amma burada təkliflər planının noyabrın 1-dək hazırlanması narahatlığa əsas verir. Deməli, azı 6 ay maaşlar artırılmayacaq. Hələ bilmək olmur ki, hökumət minimum əməkhaqqını konkret nə vaxt artırmaq fikrindədir.
Başqa bir xəbər də diqqət çəkir. Hökumət minimum əməkhaqqı sistemini minimum saatlıq maaşla əvəzləmək istəyir. Dünya Bankının “Business Ready” hesabatının 2024-cü il üzrə “Yol Xəritəsi”ndə bu haqda danışılır.
Hökumət maaşın azlığı barədə çox da həvəslə söz açmır. Amma Dövlət Statistika Komitəsinin əmək bazarı ilə bağlı 2022-ci ildə yayımlanan sonuncu hesabatından aydın olurdu ki, Azərbaycanda minimum əməkhaqqından az maaş alanların sayı kəskin artıb. Yəni hələ minimum əməkhaqqının artırılması maaş artımı anlamına gəlmir. Müəssisələr dəyişikliyi həyata keçirməkdən boyun qaçırır. Həqiqətən də, adi müşahidə zamanı da 345 manatdan az məvacib alanlara rast gəlmək olur.
Ölkədə minimum əməkhaqqı orta aylıq maaşın cəmi 36 faizini təşkil edir. Halbuki hökumət üzərinə 60 faizlik öhdəlik götürmüşdü. Yəni insanlar bu ölkədə azı 570 manat maaş almalıdır. Hökumət öhdəliyi yerinə yetirmək əvəzinə baş aldatmaqla məşğuldur. Guya məvacib saatlıq hesablananda nə dəyişəcək?!
Pensiyaçıların sayı hər il azalır. Sosial yardım almaq müşkülə çevrilib. Minimum əməkhaqqı olduqca aşağıdır. Üstəlik, heç də hamıya bu məvacib verilmir. Problemlər saymaqla bitmir. Hökumət isə quru ümid verməkdən başqa bir iş görmür. İndi isə məlum olur ki, minimum əməkhaqqı azı 6 ay artırılmayacaq.
Sosial mediada Meksikadan xeyli videolar paylaşılır. Azərbaycanlılar bu ölkədən ABŞ-a qaçmağa çalışırlar. Ürək ağrıdan mənzərədir. İnsanlar vətəndə qəpik-quruşa yaşamaqdan beziblər. Çıxış yolunu xeyli uzaqda axtarırlar. Halbuki bu ölkənin sərvətləri hamıya çata bilərdi...
Aytən, Bizimyol.info