Qarabağ Gündəm Cəmiyyət Hadisə Siyasət Dünya Sağlamlıq Sosial-İqtisadi
"Reketlik”də itiham olunan şəxslərin məhkəməsi qapalı keçirildi
Prosesdə zərərçəkmiş və şahidlər ifadə verib

Bakı Ağır Cinayətlər Məhkəməsində şantaj və hədə-qorxu ilə pul tələb etməkdə təqsirləndirilən “Bizim dövr” qəzetinin baş redaktoru Surxay Əliyev, onu müavini Hikmət Nəcəfli, “İlk xəbər” saytının baş redaktoru Gülbəniz Əliyeva, işçiləri İlahə Qasımova, Sevinc Məmmədsalayeva və “Kriminal” qəzetinin baş redaktoru Marif Abbasovun cinayət işi üzrə məhkəmə prosesi keçirilib. Bizim Yol xəbər verir ki, hakim Mahmud Ağalarovun sədrliyi ilə keçirilən qapalı prosesdə prosesdə zərərçəkənlər ifadə verərək, təqirləndirilənlərdən şikayətlərinin olmadığını bildiriblər. Həmçinin prosesdə 9 şahid ifadə verib. Növbəti proses martın 6-da davam edəcək.

Təqsirləndirilən şəxslər ölkədə insanları şantaj edən media orqanları rəhbərləri və əməkdaşları ilə bağlı Dövlət Təhlükəsizlik Xidməti tərəfindən aparılan istintaq-əməliyyat tədbirləri çərçivəsində saxlanılıblar. Aparılan araşdırmalarla “Bizim dövr” qəzetinin baş redaktoru Surxay Əliyev və müavini Hikmət Nəcəfli də həbs olunub.

İstintaq araşdırması zamanı digər təqsirləndirilən Gülbəniz Əliyeva, İlahə Qasımova, Sevinc Məmmədsalayeva və Maarif Abbasovun Surxay Əliyevlə cinayət əlaqəsinə girdikləri məlum olub.

Sevinc Məmmədsalayeva daha əvvəl hədə-qorxu ilə tələb etmədə təqsirli bilinərək 6 il müddətinə azadlıqdan məhrum edilib. O, hazırda 4 saylı cəzaçəkmə müəssisəsində cəza çəkir.

Dövlət Təhlükəsizliyi Xidmətinin (DTX) İctimaiyyətlə əlaqələr şöbəsinin yaydığı məlumata görə, DTX əməkdaşlarının keçirdiyi əməliyyat zamanı “Gündəlik Bakı” qəzetinin baş redaktoru Habil Vəliyev, “Bizim dövr” qəzetinin baş redaktoru Surxay Əliyev və onun müavini Hikmət Nəcəfli saxlanılıb. Məlumata görə, qabaqcadan əlbir olan bir qrup şəxsin gizli qaydada informasiya alınması üçün nəzərdə tutulmuş texniki vasitələrdən istifadə etməklə qadınları digər şəxslərlə görüşdürüb münasibətlərinin gizli videoçəkilişlərini aparması, onları şantaj etməsi, habelə ayrı-ayrı şəxslər barəsində rüsvayedici və böhtan xarakterli məlumatları mütəmadi olaraq mətbu orqanlarında dərc etdirib bu fəaliyyətin dayandırılması müqabilində vətəndaşlardan külli miqdarda pul tələb edilməsi və alınması, bu üsulla müxtəlif idarə və təşkilatlarda çalışan şəxslərdən, sahibkarlardan dövri haqq toplanılması barədə daxil olmuş müraciətlər Dövlət Təhlükəsizliyi Xidmətində araşdırılarkən Azərbaycan Respublikası ərazisində “reket” nəşrlər yaradıb, bu nəşrlərin jurnalistləri adı altında fəaliyyət göstərən bir qrup şəxs və onlarla şəbəkə halında əlbir olan digər şəxslərdən ibarət cinayətkar dəstənin silsilə cinayət əməlləri ifşa edilib, qanunsuz fəaliyyətlərinin qarşısı alınıb.

Dövlət Təhlükəsizliyi Xidməti tərəfindən aparılan araşdırmaların nəticələri üzrə hədə-qorxu ilə tələb etmə, əməliyyat-axtarış fəaliyyətini həyata keçirmək səlahiyyətinə malik olmayan şəxslər tərəfindən gizli qaydada informasiya alınması üçün nəzərdə tutulmuş texniki vasitələrdən istifadə etməklə belə tədbirlərin keçirilməsi faktları üzrə cinayət işi başlanılıb.

H.Vəliyevin cinayət işi də hazırda Bakı Ağır Cinayətlər Məhkəməsində araşdırılır.

Rəşad VAQİFOĞLU

Son xəbərlər
Bütün xəbərlər »