Qarabağ Gündəm Cəmiyyət Hadisə Siyasət Dünya Sağlamlıq Sosial-İqtisadi
"Çox aşağı bal toplayan abituriyentlər belə, ali təhsil üçün Bakıdakı universitetlərə müraciət edirlər"
"Çox aşağı bal toplayan abituriyentlər belə, ali təhsil üçün Bakıdakı universitetlərə müraciət edirlər"

2023-cü ildə həyata keçirilən 1 günlük lokal antiterror əməliyyatı nəticəsində Xankəndi işğaldan tam azad edildi. Bundan bir müddət sonra noyabr ayında Qarabağ Universitetinin yaradılması haqqında qərar verildi. Universitetdə dərslər bu ilin sentyabr ayında başlayacaq. Xüsusi olaraq qeyd edək ki, universitetin fəaliyyəti üçün Prezidentinin ehtiyat fondundan Elm və Təhsil Nazirliyinə 10 milyon manat ayrılıb.

Qarabağ Universitetinin nə kimi üstünlükləri olacaq?

Təhsil məsələlələri üzrə ekspert Qoşqar Məhərrəmov Bizimyol.info xəbər portalına açıqlamasında bildirib ki, Qarabağ Universiteti Azərbaycan təhsili üçün çox əhəmiyyətli bir hadisədir.

Qoşqar Məhərrəmov Qoşqar Məhərrəmov

“Təhsil millətin, dövlətin ən önəmli sütunlarından biridir. Milləti ayaqda tutan, milləti millət edən, dövləti dövlət edən ən önəmli ünsürlərdən və komponentlərdən biri təhsildir. Ona görə də Qarabağın "qayıdış"ından sonra Azərbaycanın dövlət olaraq orada yarada biləcəyi ən önəmli işlərdən biri təhsil ocağı idi. Bunu da dövlət etdi”-deyən ekspert hesab edir ki, ilkin mərhələdə hansısa yeni açılan və regionda yerləşən universitet olduğu üçün rəğbət göstərilməyə bilər. Çünki hər bir tələbə istəyir ki, böyük şəhərdə oxusun.

“Sosial həyat, əyləncə və s. bu kimi amillərə görə, tələbələr daha çox Bakıya üstünlük verir. Bir çox rayonlarda abituriyentlik dövrünü keçirən şagirdlər istəyirlər ki, Bakıda oxusunlar. Çox aşağı bal toplayan abituriyentlər belə, Bakıda yerləşən universitetlərə müraciət edirlər. Bəlkə də regionda daha yaxşı bir universitetdə daha uyğun ixtisasa girməyə imkanı olduğu halda, Bakını seçən çox sayda abituriyent var. Ona görə də bu prosesdə bizim hansısa bir rəğbətləndirmə etməyimizə ehtiyac var.

Dövlət tələbə namizədlərini regiondakı universitetləri seçməsinə yönləndirmə istiqamətində işlər görür. Tələbələrə kompüterlərin verilməsi, yataqxana şəraitinin qurulması və s. qabaqcıl addımlardır. Yəni bu da bizim universitetlərimizdə yavaş-yavaş keçid etməyimiz lazım olan bir məsələdir. Bütün tələbələrə kompüterin verilməsi bir az çətin məsələdir. Amma Azərbaycanda artıq kompütersiz, internetsiz bir auditoriya qalmamalıdır. Bütün siniflərdə, auditoriyalarda kompüter olmalıdır. Amma biz klassik ənənəyə sahib olan, böyük tələbə auditoriyası olan təhsil ocaqlarında bunu hal-hazırda edə bilmirik. Bu bizim üçün bir mənfidir. Bu da ali təhsilimiz üçün bir mənfidir. Amma müsbət olan budur ki, bəzi universitetlərdə biz bunu edə bildik. Bəzi universitetlərin proqramlarında biz buna nail olmuşuq. Bu təcrübəni başqa yerlərə uyğunlaşdırmaq və tətbiq etmək lazımdır.

Məsələn, ADA universitetinin və ya özəl universitetlərin təcrübəsini artıq dövlət universitetlərinə daşımalıyıq. Qarabağ Universiteti də publik hüquqi şəxs olaraq yeniliklərlə dolu olacaq. Tələbələri cəlb etmək üçün müxtəlif işlər görəcək”-deyən ekspert vurğulayıb ki, bunlardan birisi də yataqxana şəraitinin qurulması olacaq. Qarabağda tələbələr üçün yataqxana tikiləcək. Yəni universitet nəqliyyat baxımından "əlçatan" olmalıdır.

Qoşqar Məhərrəmov hesab edir ki, digər universitetlər də əlçatan olmalıdır. Bu əlçatanlıq əlbəttə ki, ixtisasın asan olması mənasına gəlmir. Universitetə giriş asan olmalıdır, amma məzun olmaq asan olmamalıdır. Yəni səriştəli, bacarıqlı tələbələr o universitetdə təhsil ala bilməlidir.

Ekspertin fikrincə, müəllimlər keyfiyyətli və mühit motivasiya edici olduqda, həmin universiteti bitirən tələbələr yüksək səviyyədə inkişaf edəcək. O universitetin məzunları hazırlıqlı bir kadr kimi yetişəcək, əmək bazarına peşəkar namizəd kimi qoşulacaq.

İradə Cəlil, Bizimyol.info

Son xəbərlər
Bütün xəbərlər »