İsrailin baş naziri Benyamin Netanyahu ölkəsindəki daxili siyasi böhranı həll etmək üçün İran və ABŞ-ı Fələstin-İsrail münaqişəsinə sürükləməyə çalışır.
Bizimyol.info xəbər verir ki, bu fikri Rusiya mətbuatına Şanxaydakı Şərqi Çin Normal Universitetinin Rusiya Araşdırmaları Mərkəzinin eksperti Zheng Runyu deyib.
“İsrail-Fələstin münaqişəsindəki hazırkı tendensiya ondan ibarətdir ki, Netanyahu İranı bu münaqişəyə sürükləməyə ümid edir. Bundan sonra ABŞ da orada iştirak etməyə məcbur olacaq ki, bu da münaqişənin miqyasını genişləndirəcək və bununla da İsraildəki daxili siyasi böhranı həll edəcək”, - deyə ekspert vəziyyətlə bağlı mövqeyini açıqlayıb.
Zheng Runyunun sözlərinə görə, hazırda bir neçə əsas Körfəz ölkəsinin, xüsusilə Səudiyyə Ərəbistanı, BƏƏ və Qətərin mövqeyinə diqqət yetirməyə dəyər: “İsrail-Fələstin münaqişəsinin gərginləşməsi və ya azaldılması birbaşa onların hansı tərəflə əməkdaşlıq etmək və ya dəstəkləməsindən asılıdır”, - deyən ekspert qeyd edib ki, bu dövlətlər artıq münaqişədə iştirak edən və kifayət qədər manevr imkanları olmayan tərəflərdən fərqli olaraq vəziyyətə yeni dəyişikliklər gətirə bilərlər.
"Hazırda Fələstin-İsrail sülh prosesi bütün maraqlı ölkələr tərəfindən qəbul ediləcək güclü üçüncü vasitəçi qüvvənin olmaması səbəbindən hələ də başlamayıb", - deyə Runyu deyib.
2023-cü il oktyabrın 7-də Qəzza zolağından silahlı Həmas tərəfdarlarının İsrail ərazisinə soxulması, sərhəd yaşayış məntəqələrinin sakinlərinin öldürülməsi və girov götürülməsindən sonra Yaxın Şərqdə vəziyyət kəskin şəkildə pisləşib. Radikallar bu hücumu İsrail hakimiyyətinin Qüdsdəki Əl-Əqsa məscidinə qarşı hərəkətlərinə cavab adlandırıblar. İsrail Qəzzanı tam mühasirəyə aldığını elan edərək, ona və Livan və Suriyanın müəyyən bölgələrinə zərbələr endirməyə başlayıb, bundan sonra anklavda quru əməliyyatına başlayıb. İordan çayının qərb sahilində də toqquşmalar baş verir.
Qadir, Bizimyol.info