“Uşaq məktəbə gedir ki, dərs oxusun, öyrənsin. Əgər uşaq evdə dərs oxuyacaqsa, məktəbə niyə gəlir?" Bu sözləri ötən həftə Milli Məclisin Regional məsələlər komitəsinin sədri Siyavuş Novruzov deyib. Deputat deyir ki, indi uşaqların məktəbə getməməsini və evdə oturmasını istəyirlər.
Təhsil məsələləri üzrə ekspert Qoşqar Məhərrəmov Bizimyol.info xəbər portalına açıqlamasında bidirib ki, Siyavuş Novruzovun fikri ilə razılaşmır. Ekspert bildirib ki, uşağın evdə dərs oxumaması fikri yanlış fikirdir.

Qoşqar Məhərrəmov hesab edir ki, şagird evdə mütləq dərsi təkrarlamalı və dərslə əlaqəli tapşırıq işləməlidir.
“Şərt deyil ki, bir ev tapşırığı olsun. Dərslə əlaqədar hansısa bir lahiyə hazırlaya bilər, mütaliə edə bilər. Ailəsi ilə birlikdə kiçik eksperiment edə bilər. Dərslə bağlı şagirdin axşam evdə müəyyən bir saatı olmalıdır ki, məşğul olsun”-deyən Məhərrəmov hesab edir ki, Azərbaycanda yarım günlük məktəb var. Ya səhərdən günortaya, ya da günortadan axşama qədər məktəb olur. Yəni şagird məktəbdə axşamadək vaxt keçirmir.
Dünyanın bir çox ölkəsində səhərdən saat 5-ə qədər məktəbin olduğunu qeyd edən ekspert bildirib ki, bu məktəblərdə şagirdlər yemək yeyir, xüsusi dərs çalışma saatları olur. Azərbaycanda belə bir saat olmadığı üçün biz deyə bilmərik ki, şagird evdə dərs oxumasın. Mütləq evdə dərs oxunmalıdır. Öyrənilənlərin möhkəmlənməsi, daha da dərinləşdirilməsi üçün buna ehtiyac var.
İradə Cəlil, Bizimyol.info