Qarabağ Gündəm Cəmiyyət Hadisə Siyasət Dünya Sağlamlıq Sosial-İqtisadi
Siren üçün TƏBİB-dən "icazə" gözləyən təcili tibbi yardım qapısına gedəcəyi vətəndaşı özü "seçir"...
Siren üçün TƏBİB-dən "icazə" gözləyən təcili tibbi yardım qapısına gedəcəyi vətəndaşı özü "seçir"...
Sosial şəbəkələrdə yayılan bir görüntüdə ambulans tıxaca düşsə də, siqnaldan istifadə etmir. Avtomobildə olan xəstənin yaxını sürücüyə "niyə sirən səsindən istifadə etmirsən?" deyə soruşduqda, sürücü deyir ki, "TƏBİB icazə vermir".

Olduqca maraqlı bir tendensiya yaranıb. İstər ictimai nəqliyyatda, istərsə də ambulanslarda bəzi sürücülər özlərindən qaynaqlanan problemləri çox asanlıqla rəhbərliklərinin, tabe olduqları qurumların üzərinə yıxır və bu, onların vecinə də olmur. Məsələn, yay aylarında havalandırma sistemi olan ictimai nəqliyyat vasitələrində bir də görürsən, sürücü kondisioneri işə salmır, insanların içəridə havasızlıqdan halı pisləşir. Tələb edəndə də, cavabları bu olur ki, "müdiriyyət icazə vermir". Müdiriyyətin, TƏBİB-in vətəndaşla nə dərdi ola bilər ki, siren səsinə və kondisionerə qadağa qoysun?! Bundan qazancı, duası nədir ki?!

Təbii ki, heç nə. Sadəcə, sürücü öz kefinə bir qərar verir və bunu əsaslandırmaq üçün rəhbərliyinin adından sui-istifadə edir. Bu hal ambulanslarda da yaşanır.

Sıravi vətəndaş üçün bir saatdan artıq gecikən ambulans, dünən rəhmətə gedən mərhum sənətkar Cavanşir Məmmədov üçün cəmi 3 dəqiqəyə ünvanda oldu. Bəli, cəmi 3 dəqiqəyə!

Onların qonşuluğunda yaşayan jurnalist həmkarımız yazır ki, "biz qaynanam üçün ambulans çağıranda, 1 saatdan sonra gəldilər, amma qonşuluğumuzda tanınmış biri dünyasını dəyişdi, cəmi 3 dəqiqəyə ambulans ünvanda oldu". Paylaşılan statusun məğzi belə idi.

Demək ki, istəyəndə, olurmuş. Demək ki, ambulansın zəng edən kimi həmin dəqiqə ünvanda olması mümkünsüz bir şey deyilmiş. Bəs onda sıravi vətəndaşa qarşı niyə belə davranılır?! O vətəndaş ki, çox vaxt o həkimi, hətta sürücünü "boş" yola salmır, necə deyərlər, "xəcalət"indən çıxır. Bu "yazılmamış qanun"u bütün ölkə bilir.

Həqiqət budur ki, nə ambulans işçiləri, nə də elə onları yönləndirən qurumlar hələ də insan həyatının, məsuliyyətinin necə ağır bir yük olduğunu hələ də qavraya, dərk edə bilməyib. Ölkədə sırf ambulans gecikməsindən həyatını dəyişən onlarla insan var və bu, artan qrafiklə davam edir.

Mətin Şükürlü, Bizimyol.info

Son xəbərlər
Bütün xəbərlər »