Qarabağ Gündəm Cəmiyyət Hadisə Siyasət Dünya Sağlamlıq Sosial-İqtisadi
Qəzzada girovların azad edilməsi üçün İsraili yeni nümayiş dalğası bürüyüb
Qəzzada girovların azad edilməsi üçün İsraili yeni nümayiş dalğası bürüyüb

On minlərlə israilli ölkənin bir çox şəhərində keçirilən kütləvi etiraz aksiyalarında iştirak edib.

Bizimyol.info xəbər verir ki, bu barədə İsrailin "Kanal 13" televiziyası məlumat verib.

Nümayişçilər Qəzza zolağında saxlanılan girovların dərhal azad edilməsini və erkən seçkilərin keçirilməsini tələb ediblər.

"Kanal 13"ün məlumatına görə, bütün İsraildə 50-dən çox müxtəlif etiraz aksiyası keçirilib. Onların ən böyüyü, ənənəyə görə, Təl-Əvivdə, şəhərin şərqindəki hökumət binaları kompleksinin yaxınlığında baş tutub. Çıxış edənlər arasında qaçırılan İsrail əsgərlərinin qohumları da olub, onlar ölkə hakimiyyətindən qohumlarını əsirlikdən xilas etmək üçün təcili tədbirlər görməyi tələb ediblər.

Hayfada keçirilən mitinqdə parlament müxalifətinin lideri, keçmiş baş nazir Yair Lapid kütlə qarşısında çıxış edərək, Benyamin Netanyahunun rəhbərlik etdiyi Nazirlər Kabinetini tənqid edib və etirazçıların erkən seçki tələbini dəstəkləyib: "Bu hökumət ölkənin başına gələn bir fəlakətdir. İsrail Dövlətini xilas etmək, qaçırılanlar, hərbçilər, təxliyə edilənlər üçün, indi seçkilərə ehtiyacımız var", - deyə siyasətçi bildirib.

Fələstinin HƏMAS radikal hərəkatının silahlı tərəfdarlarının 2023-cü il oktyabrın 7-də Qəzza zolağından İsrail ərazisinə soxulması, sərhədyanı yaşayış məntəqələrinin sakinlərinin öldürülməsi və 240-dan çox insanın girov götürülməsindən sonra Yaxın Şərqdə vəziyyət kəskin şəkildə pisləşib. Buna cavab olaraq İsrail HƏMAS-ın hərbi və siyasi strukturunu məhv etmək və oğurlananların hamısını azad etmək məqsədi ilə Qəzza zolağında hərbi əməliyyata başlayıb.

Noyabrın sonunda Misir və Qətərin vasitəçiliyi ilə bir həftə davam edən müvəqqəti humanitar barışıq yaradılıb və bu müddət ərzində İsrailin məlumatına görə, 110 girov azad edilib. Dekabrın 1-də atəşkəs pozulub, döyüşlər yenidən başlayıb və bu gün də davam edir. İsrailin son məlumatlarına görə, Qəzza zolağında hələ də 133 nəfər girov saxlanılır.

Qadir, Bizimyol.info

Son xəbərlər
Bütün xəbərlər »