Qarabağ Gündəm Cəmiyyət Hadisə Siyasət Dünya Sağlamlıq Sosial-İqtisadi
Dörd kəndin qaytarılmasına iri planda baxış
Dörd kəndin qaytarılmasına iri planda baxış

Dünən Azərbaycanın və Ermənistanın sərhəd məsələləri üzrə komissiyalarının sayca səkkizinci görüşü keçirilib.

Bizimyol.info xəbər portalının məlumatına görə, görüş zamanı komissiyalar bəzi mühüm məsələlərdə razılığa gəliblər. Onlardan biri də qeyri-anklav kəndlərlə bağlıdır. Razılaşmada deyilir: "Delimitasiya prosesinin ilkin mərhələsində Tərəflər sərhəd xəttinin ayrı-ayrı hissələrinin Sovet İttifaqı çərçivəsində onun süqutu dövrünə mövcud olduğu hüquqi cəhətdən əsaslandırılmış respublikalararası sərhədə uyğun olaraq Bağanis (ER) - Bağanis Ayrım (AR), Voskepar (ER) - Aşağı Əskipara (AR), Kirants (ER) – Xeyrimli (AR) və Berkaber (ER) - Qızılhacılı (AR) yaşayış məntəqələri arasında bilavasitə keçməsini razılaşdırıblar".

Beləliklə, Azərbaycanın 4 kəndinin bir güllə atılmadan belə azad olunması haqda razılıq əldə olunub. Bu, Azərbaycan dövlətinin növbəti böyük uğurudur. Bu uğurun memarı isə, təbii ki, prezident İlham Əliyevdir.

2020-ci ildə 44 günlük müharibə nəticəsində başda Şuşa şəhəri olmaqla Azərbaycanın torpaqlarının böyük bir qismi azad olundu. Burda Azərbaycan ordusunun şücaəti və Ali Baş Komandan-birinci əsgər kimi İlham Əliyevin yüksək sərkərdəlik qabiliyyəti mühüm rol oynadı. Daha sonra çox qısa müddətdə Kəlbəcər, Laçın və Ağdam rayonları da Azərbaycana qaytarıldı. Burda ölkə prezidentinin Ali Baş Diplomat keyfiyyətləri öz sözünü dedi. 2023-cü ilin sentyabrında Azərbaycan birgünlük əməliyyatla ölkənin suverenliyini tam bərpa etdi. Bu əməliyyatın da təşkilatçısı və rəhbəri kimi İlham Əliyev Ali Baş Əməliyyatçıya xas olan peşəkarlığını və xarakterini göstərdi.

Bundan başqa sərhəd problematikasına da eyni yanaşma var. Hələ 2020-ci ildən prezident İlham Əliyev qeyri-anklav kəndlərin qaytarılması məsələsini qaldırmışdı, bunun üzərində israr etdi. Çalışdı. İlkin nəticəsi də artıq var. Hərçənd Qərb dövlətlərinin təmsilçiləri bir dönəm israrla bəyan edirdilər ki, Azərbaycan Ermənistana hücum etməyə hazırlaşır. Ancaq Ermənistanla Azərbaycan arasında sərhəd kəndləri ilə bağlı razılaşma həmin iddiaları bir daha boşa çıxardı. Bu faktın özü də bir daha göstərdi ki, məlum Qərb dairələri Cənubi Qafqazdan nə qədər uzaq dursalar, o qədər yaxşı olar. Təhlil də göstərir ki, Azərbaycan və Ermənistan 2021-ci ildən sonra qarşılıqlı razılaşmaları beynəlxalq platformalarda yox, birbaşa danışıqlarda əldə ediblər. Qrenada görüşünü, eləcə də, 5 aprel Brüssel görüşünü götürüb baxsaq, görərik ki, məsələ Azərbaycan olmadan (sırf ikitərəfli olmayan və Qərb ağırlıqlı) beynəlxalq platformalara çıxanda nəinki bölgədə sülhə və təhlükəsizliyə xidmət edir, əksinə mane olur. Son diplomatik uğur da göstərdi: Azərbaycan və Ermənistan kənar müdaxilə olmadan öz problemlərini özləri həll edə bilərlər. Bu, Ermənistan üçün də uğur sayıla bilər. Çünki Ermənistan siyasi isteblişmenti uzun onillərdən sonra qonşularla problemi hərbi güc mövqeyindən və təhdid dili ilə deyil, diplomatik yolla həll etməyi öyrənir. Həm də Azərbaycandan öyrənir.

Yeri gəlmişkən, Rusiyanın sülhməramlı kontingenti statusunda Qarabağa yerləşdirilmiş rus hərbi qüvvələrinin Azərbaycandan çıxarılması da bu kontekstdə diqqətəlayiq faktdır. Bir çoxları, xüsusilə, Qərbdə hesab edirdilər ki, Rusiya qoşunları nəinki 2025-ci ildə Azərbaycanı tərk edəcək, əksinə heç vaxt tərk etməyəcək, bir bəhanə tapıb və yaxud bəhanə yaradıb, Azərbaycanda qalmağa davam edəcək. Ancaq budur: Rusiya qoşunları Azərbaycandan çıxır. Həm də hər iki ölkənin ali rəhbərliklərinin qarşılıqlı razılığı ilə. Burdan çıxan nəticə: Azərbaycan göstərdi ki, hətta Rusiya kimi böyük dövlətlə, nüvə dövləti ilə, dünyanın 4 qlobal güc mərkəzindən biri ilə onun öz hərbi gücünü çıxarıb aparması kimi məsələdə birbaşa danışıqlarla qarşılıqlı razılıq əldə edə bilirsə, Ermənistan kimi kiçik ölkə ilə kənar müdaxilə olmadan çox asan anlaşa bilər.

Baxın, Qərb bütün gücünü - hərbi təlimatçılarını, silahını, pulunu, iqtisadi və siyasi sanksiya mexanizmlərini səfərbər etsə də, hətta Rusiyanın dərinliklərinə zərbələr endirilsə də, rus qoşunlarını Ukraynadan çıxara bilmir. Əksinə, Rusiyanı daha da aqressivləşdirir və Ukraynada yavaş da olsa, irəliləməyə sövq edir. Ancaq Azərbaycan bir dənə də güllə atmadan - heç bir narazılıq, qarşıdurma olmadan bunu edə bildi - qoşunları vaxtından öncə çıxarmaq məsələsində Rusiyanın öz razılığına nail oldu. Bu, elə-belə, sıradan bir hadisə deyil.

Doğrudur, burada regionda və dünyada yaranmış yeni şərtlər, eləcə də, Rusiyanın Cənubi Qafqaz siyasətinin dəyişməsi də əsaslı rol oynadı. Rusiyanın ənənəvi siyasəti necə idi?! İki ölkəni bir-biri ilə müharibə şəraitində saxlayıb, vuruşdurub, hər ikisini təsir altında saxlamaq. İndi bu siyasi üslub işləmir. Azərbaycanın müharibədə qalib gəlməsi və Ermənistanın Qərbə doğru dreyfi vəziyyəti dəyişdi. Rusiya anlayır ki, Qərbə Cənubi Qafqazda da aqressiv Rusiya lazımdır. Bir zaman Ukraynada da Qərbə aqressiv Rusiya çox lazım olmuşdu, ancaq Cənubi Qafqazda aqressiya göstərmək Rusiyanın planına daxil deyil. Bu, bölgədə Rusiyaya qarşı ikinci cəbhə açılmasına, Cənubi Qafqazın qanlı toqquşmalar meydanına çevrilməsinə, olası müharibənin Şimali Qafqaza sıçramasına və ölkənin ərazisinə yayılmasına səbəb olar. Başqa sözlə, belə bir perspektiv reallaşarsa, Qərb gücləri Rusiyanın Ukraynadakı qoşunlarının arxasına keçmiş, mühasirə və ya yarımmühasirə vəziyyəti yaratmış olur.

Bütün bu ehtimalları və çağırışları təhlil edərək Moskva yeni bir nəticəyə gəldi və bunu qərara bağladı. Bu strategiyanın məğzi isə belədir: indi Cənubi Qafqazda qarşıdurma Rusiyanın əleyhinə, Qərbin lehinə olar; gərginlik davam etdikcə, bölgəyə Qərb dövlətləri öz hərbi güc komponentini daxil edəcək. Ona görə də dünənə qədər Rusiyanı bölgədə Azərbaycanla Ermənistanın vuruşması saxlayırdısa, indi əksinə bu iki dövlətin barışması saxlaya bilər.

Azərbaycan dəyişən şəraitdən məharətlə və cəsarətlə istifadə edir. Bu, inkarolunmaz faktdır. Rəsmi Bakı bununla bir daha göstərdi ki, proseslərin dinamikasını düzgün tutur və dəyişən şərtlərə, yeni çağırışlara dərhal cavab verir və adekvat yol seçir. Bu, siyasətdə, xüsusilə, geosiyasətdə mühüm keyfiyyətdir.

Azərbaycanın qazandığı başqa bir siyasi nəticə də çox maraqlıdır: Avropa strukturlarında münaqişələrdən zərər çəkən postsovet respublikaların ərazi bütövlüyü müzakirə mövzusu olarkən, Ukraynanın, Gürcüstanın və Moldovanın ərazi bütövlüyünə həmişə rəsmən dəstək verilirdi, Azərbaycanın ərazi bütövlüyünə isə yox. İndi nə oldu?! Ukrayna nəinki Krımı və Donbassı geri qaytara bildi, əksinə yeni geniş ərazilərini əldən vermək zorunda qaldı və az qala müstəqil dövlətçiliyini itirmək təhlükəsi ilə üzləşib. Gürcüstan iki bölgəsini itirib; Abxaziyanı və Tsxinval bölgəsini nəinki geri qaytarmağa yaxınlaşdı, əksinə bu perspektiv daha da uzaqlaşdı. Moldova bir bölgəsini - Dnesrtryanını faktik itirib, üstəlik, Qaqauziya da elan edir ki, Moldova Dnestryanıya qoşun yeritsə, o da öz müstəqilliyini elan edə bilər. Ümumiyyətlə isə, Rusiya Ukraynanın dənizə çıxışını bağlayıb Odessanı əldə edə bilsə, Moldova bütövlükdə işğal təhdidi altına düşür.

Bütün bunların fonunda Azərbaycana baxaq. Qərbin daim dəstəklədiyi Ukrayna, Gürcüstan və Moldovadan fərqli olaraq, Qərbin dəstəkləmədiyi Azərbaycan öz ərazi bütövlüyünü özü bərpa etdi. Yüksək hərbi şücaətlə və diplomatik məharətlə. Üstəlik Rusiya qoşunlarını da qansız-qadasız öz torpaqlarından çıxarır. Rusiyanın Azərbaycandan öz qoşunlarını çıxarması həm də Qarabağdan köçmüş erməni əhalinin bölgəyə qaytarılması siyasətinə deyil, qayıtması prosesinə dəstək göstərməsi, bir sözlə, bunun da Azərbaycanın öz daxili işi olduğunu qəbullanmasıdır. Azərbaycan Rusiya ilə danışaraq, bu razılığı əldə etməklə, Qarabağdan könüllü köç etmiş ermənilərin bölgəyə yalnız Azərbaycan qanunları və Azərbaycanın yaratdığı yuridik mexanizmlərlə qayıda bilməsini ehtiva edir. Qaytarılma hansısa beynəlxalq mexanizm, diplomatik və hərbi təminatlar, bir sözlə, kənar müdaxilə deməkdir, qayıtma isə həmin insanların könüllülüyü prinsipinə və Azərbaycan qanunvericiliyinə əsaslanır (Azərbaycan qaytarılma düsturuna qol qoysaydı, erməni əhalinin guya zorla deportasiya etdiyi haqda əsassız iddiaları özü də təsdiq etmiş olardı. Azərbaycan isə deyir: bu adamlar necə könüllü gedibsə, eləcə də, könüllü qayıda bilər. Başqa bir mexanizmə də gərək yoxdur; Azərbaycan vətəndaşlığı üçün könüllü və şəffaf müraciət həm hüquqi, həm insani baxımdan ən düzgün mexanizmdir).

Beləliklə, bu anlaşma, yəni Rusiya qoşunlarının çıxarılmasına nail olmaq Qarabağa dair bütün məsələlərin Azərbaycanın daxili işi olduğunu, sərhəd məsələlərinin, sülhün əldə olunmasının isə Azərbaycanla Ermənistan arasında birbaşa danışıqlarla həll oluna biləcəyinə dair Azərbaycan narrativini bir daha isbatlamış olur. Eyni zamanda Ermənistanın Rusiya ilə hərbi müttəfiqliyini bitirmək cəhdləri fonunda Azərbaycanın buna nail olması Cənubi Qafqaza Qərbin hərbi güc yerləşdirməsi ilə bağlı bəhanəni də aradan qaldırır. Bölgədə Qərb-Rusiya qarşıdurmasından Azərbaycanı kənarda - təhlükəsiz məsafədə tutmaq baxımından da çox önəmli diplomatik nəticədir. Bu məsələlərdə prezident İlham Əliyevin bir diplomatik virtouz olduğunu etiraf etmək lazımdır. Sərhəd məsələləri üzrə ilkin anlaşma da bir sübutdur. Bunlar, əlbəttə, sadəcə, bir hadisə deyil, bir prosesdir; hələ qazanılacaq çox nəticələr var. Hadisələrin indiki dinamikası deməyə əsas verir ki, Azərbaycan prosesi öz və məntiqi sonluğuna çatdıracaq.

Başqa sözlə, 4 kəndin qaytarılması, sadəcə, 4 kəndin qaytarılması deyil; daha miqyaslı bir işin ilkin uğurlu nəticələrindən biridir.

Bahəddin Həzi Bahəddin Həzi

Bahəddin Həzi, Bizimyol.info

Son xəbərlər
Bütün xəbərlər »