Bakıda fəaliyyət göstərən özəl orta təhsil müəssisələrindən biri – Bakı Fransız Liseyi fəaliyyətini dayandırır. Artıq bu barədə liseydə təhsil alan şagirdlərin valideynlərinə rəsmi qaydada məlumat verilib.
Bizimyol.info xəbər verir ki, həm lisey, həm də Bakı şəhər Təhsil İdarəsi məktəbin yeni tədris ilindən fəaliyyətini dayandıracağı barədə məlumatı təsdiqləyib.
Liseydən bağlanmaya rəsmi səbəb kimi, maliyyə çətinlikləri göstərilib. Bildirilib ki, hazırda liseydə təhsil alan şagirdlərin sayı nəzərdə tutulandan xeyli azdır. Bu da saxlanma xərcləriylə bağlı problemlər yaradır: “Bu tədris ilində şagirdlərimiz təhsillərini yarımçıq saxlamayacaq. Tədris ilinin sonuna qədər tədris davam edəcək. Amma yeni tədris ilindən liseyin fəaliyyəti dayandırılacaq. Bu barədə qərar qəbul edilib”.
Bakı şəhər Təhsil İdarəsi də liseydə dərslərin bu tədris ilinin sonuna qədər davam edəcəyini təsdiqləyib.
Liseydə oxuyan şagirdlərin valideynləri övladlarının gələcək təhsili ilə əlaqədar narahatdılar. Adının çəkilməsini istəməyən valideyn Bizimyol.info xəbər portalına bildirib ki, liseyin fəaliyyətini dayandıracağı xəbəri bir müddətdir ki, vardı: “Biz də narahat idik və bununla əlaqədar müəyyən müraciətlərimiz də olmuşdu. Hətta bizə ümid vermişdilər ki, məsələ həllini tapacaq. Təəssüf ki, cəhdlərimiz nəticəsiz qaldı...”
Orada təhsil alan şagirdlərin aqibətinə gəldikdə, Bakı şəhər Təhsil İdarəsindən belə deyilib: “Valideynlər istəsə, orada təhsil alan şagirdlərin dövlət təhsil müəssisələrinə köçürülməsi təmin oluna bilər”.
Bakı Fransız Liseyi 2014-cü ilin sentyabrından fəaliyyət göstərir. Bu liseyin fəaliyyəti və tikintisilə bağlı razılaşma 2011-ci ildə əldə olunub.
Aytən, Bizimyol.info