Qarabağ Gündəm Cəmiyyət Hadisə Siyasət Dünya Sağlamlıq Sosial-İqtisadi
"Rəfah əməliyyatı öncəsi İsrail üçün əlverişli deyil" - Təbrizin hədəf alınması türk-müsəlman dünyasına hansı mesajı verir?
"Rəfah əməliyyatı öncəsi İsrail üçün əlverişli deyil" - Təbrizin hədəf alınması türk-müsəlman dünyasına hansı mesajı verir?

Bu gün yerli və xarici mətbuatda İsrailin İranın Təbriz şəhərindəki hərbi obyektlərə dron hücumları etməsi ilə bağlı məlumatlar yayıldı. Soydaşlarımızın üstünlük təşkil etdiyi türk şəhəri Təbrizin İsrail tərəfindən hədəfə alınması, İsrail-Azərbaycan münasibətlərinə necə təsir edə bilər? İsrailin məhz Təbrizdəki hərbi obyektləri hədəfə almasını necə şərh etmək olar? Bu hücum həm də Azərbaycana və ümumilikdə, türk dünyasına mesaj sayıla bilərmi? Təbrizə hücumların hədəf məkanı genişlənsə və itkilər yaşansa, Azərbaycan tərəfi buna necə reaksiya verəcək? Təbrizin hədəf alınması, Azərbaycan-İsrail münasibətlərinin yenidən gözdən keçirilməsini gərəkdirə bilərmi?

Jurnalist Kənan Rövşənoğlu Bizimyol.info xəbər portalının suallarını şərh edib.

Kənan Rövşənoğlu Kənan Rövşənoğlu

"Əvvəla, İsrailin İsfahan və Təbriz şəhərlərinə atdığı raketlər elə də ciddi fəsada səbəb olmayıb. Hücumda istifadə olan silahlar v ə miqyas onu göstərir ki, İsrailin İrana ağır zərər vurmaq planı olmayıb. Yalnız İranın etdiyi kimi, göstəriş xarakterli zərbələr olub. Bir neçə dron və bir raket olduğu deyilir. O da hələ ki, rəsmi etiraf edilməyib. Güman edirəm ki, İsrail hakimiyyəti daxildəki radikal sağçı qüvvələri sakitləşdirmək və İsrailin dünyadakı imicini qorumaq üçün formal olaraq bir neçə atəş açıblar və bununla da mövzunun bağlanmasını istəyirlər. Çünki birincisi, İranın hücumuna reaksiyalar, xüsusən də Vaşinqtonun mövqeyi göstərdi ki, İsrailin İrana genişmiqyaslı hücumu olarsa, İsrail Qərbdən ciddi dəstəyə ümid etməli deyil. Qərbin, xüsusən də ABŞ-ın hərtərəfli dəstəyi olmadan İsrail İranı məğlub edə bilməz. Buna görə də İsrail İrana dərhal və belə desək, sarsıdıcı zərbə endirmədi. Yəni İranın cavab reaksiyası İsrailin İrana qarşı yeni hərbi koalisiya yaratması üçün əsas vermədi.

İkincisi, İranın cavab zərbəsi göstərdi ki, İsrail-İran toqquşması olarsa bu, yalnız İran üçün deyil, həm də İsrail üçün ağır nəticələrə səbəb ola bilər. Yəni risklər çoxdur. Nəhayət, İrana geniş miqyaslı hücum İsrailin faktiki olaraq ikinci, bəlkə də daha çox cəbhə açmasına səbəb ola bilər ki, bu da indiki situasiyada İsrail hakimiyyəti üçün əlverişli deyil.

Hazırda Netanyahu hökuməti Rəfaha hərbi əməliyyata hazırlaşır, belə bir vəziyyətdə İranla toqquşma problem yaradır. Bütün bu səbəblərə görə İsrail sadəcə İranı cavabsız qoymadığını, Likud partiyasının deputatı Talli Qotlivin dediyi kimi, "İsrailin hələ də güclü olduğunu" göstərmək üçün bu zərbələri təşkil etdi. Daha dərinə getmək istəmədi. Ən azı indiki situasiyada. Azərbaycana gəlincə, Təbrizə zərbələrin endirilməsi inanmıram ki, Bakı-Təl-Əviv münasibətlərində ciddi soyuqluq yaratsın. Ümumiyyətlə, İsrail bu cür əməliyyatlarda heç bir dövlətlə məsləhətləşmir, kənardan olacaq reaksiyaları nəzərə almır. Çünki hesab edilir ki, əsas olan İsrailin milli təhlükəsizliyidir. Bu qayda dəyişmir" - deyə, Kənan Rövşənoğlu qeyd edib.

Mətin Şükürlü, Bizimyol.info

Son xəbərlər
Bütün xəbərlər »