Çin prezidenti Si Cinpinq Ukrayna böhranının nəzarətdən çıxmasının qarşısını almaq və mümkün qədər tez sülhü bərpa etmək üçün dörd prinsip təklif edib.
Bizimyol.info xəbər verir ki, o, bunu Pekində Almaniya kansleri Olaf Şolzla görüşü zamanı deyib.
"Sinxua" agentliyinin qeyd edib ki, tərəflər Ukrayna böhranı ilə bağlı ətraflı fikir mübadiləsi aparıblar.
“Birincisi, biz sülh və sabitliyin qorunmasını prioritet hesab etməli və eqoist qazanc əldə etməkdən çəkinməliyik. İkincisi, vəziyyəti sərinləşdirməliyik və odun üstünə yağ tökməməliyik. Üçüncüsü, biz sülhün bərpası üçün şərait yaratmalı və gərginliyi daha da gücləndirməkdən çəkinməliyik. Dördüncüsü, biz qlobal iqtisadiyyata mənfi təsirləri azaltmalı və qlobal sənaye və təchizat zəncirlərinin sabitliyini pozmaqdan çəkinməliyik”, - deyə agentlik Çin liderinə istinadəm məlumat verib.
Şolz aprelin 12-dən Çinə səfər edir. Bu, onun Almaniya kansleri kimi Çinə ikinci səfəridir. Şolzu ətraf mühit, kənd təsərrüfatı və nəqliyyatdan məsul üç nazir müşayiət edib. Nümayəndə heyətinə aparıcı alman şirkətlərinin, xüsusilə "Siemens", "BMW", "Mercedes-Benz" şirkətlərinin nümayəndələri daxildir. Səfər zamanı əsas diqqət ikitərəfli ticarət-iqtisadi əlaqələrə yönəlib.
Qadir, Bizimyol.info