Qarabağ Gündəm Cəmiyyət Hadisə Siyasət Dünya Sağlamlıq Sosial-İqtisadi
"Ağdaban faciəsi təkcə fiziki qətliam deyil, həm də tarixi-mənəvi simvollarımızı məhv etmək cəhdi idi"
"Ağdaban faciəsi təkcə fiziki qətliam deyil, həm də tarixi-mənəvi simvollarımızı məhv etmək cəhdi idi"

Bu gün Ağdaban faciəsindən 32 il keçir. 1992-ci il aprelin 7-dən 8-ə keçən gecə erməni vandalları Kəlbəcəri ələ keçirə bilmək üçün, Kəlbəcər qədər strateji əhəmiyyətə malik olan Ağdabana hücum edir. Əhalini öz yurdundan sıxışdırıb çıxarır. 67 nəfər - qoca, qadın və uşaqlar daxil olmaqla - qətlə yetirilir, diri-diri yandırılır.

Ağdaban Xocalı qədər kütləvi bir qətliam olmasa da, Xocalı qədər ağır və dəhşətli idi. Bu gün düşmən üzərində böyük və tarixi qələbə qazanmış olsaq da və aradan illər keçsə də, o faciələr unudulmamadır. Təəssüflər olsun ki, bu faciələri unudanlar var. Elə bu mövzuda yazı hazırlayarkən ölkənin tanınmış bir politoloquna sorğu göndərdim. Aldığım cavab belə oldu: “Bu barədə geniş məlumatım yoxdur”... Bir politoloq tariximizi bilmirsə, o zaman bir məktəbli və ya tələbə olan bir gənc bu hadisəni necə və hardan bilə bilər? Ölkədə media qurumları sadəcə belə tarixi günlərdə "vikipediya" məlumatları ilə kifayətlənir. Bir müddət sonra bu məlumatlar da yayımlanmayacaq.

Bəs biz tariximizi necə yaşatmalıyıq?

Şair Zakir Fəxri Bizimyol.info xəbər portalına açıqlamasında təəssüflə bildirib ki, son zamanlar faciələr də bölgə-bölgə bölünür. Şairin fikrincə, bəlkə də bu düşünülməmiş və bilərəkdən edilməyən hərəkətdir. Amma əvvəllər belə deyildi: “Məsələn, bir şairin yubileyi olurdu; Səməd Vurğunun poeziya günləri. Səməd Vurğun Azərbaycan şairidir və bizim şairimizdir. “O, Qazaxdandır və ya başqa bölgədəndir” -deyə belə bir mənfur düşüncə yox idi. Son zamanlar müşahidə edirəm ki, hansısa bölgədə faciə və ya hansısa bir alimlə bağlı tədbir olur, o alim hansı bölgədən, kənddəndirsə, o kəndin, o rayonun camaatı yığılır, kənardan da bir iki nəfər dost-tanış gəlir. Bu, hamımızın bəlasıdır. Bu dərd, bu bəla sərhəddin lap o başından bu başına qədər yayılıb. Bu, Turanın bəlasıdır”.

Zakir Fəxri Zakir Fəxri

“Ağdaban faciəsi ermənilər tərəfindən düşünülmüş bir hadisədir. Ağdaban hadisəsi zamanı qədim bir ocağı talan etdilər. Aşıq Qurban və Aşıq Şəmşirin yurdu dağıdıldı, talan edildi. Bu, sadəcə qətliam deyildi, həm də soyqırım idi. Soyqırım kütləviliklə ölçülmür. Məqsəd, Azərbaycanın formalaşmış dəyərlərini məhv etmək idi. Aşıq Şəmşir özü tarixi-milli dəyərdir. Bundan da öncə Aşıq Şəmşir Göyçə mahalından - Miskin Abdalın nəslindəndir. Miskin Abdal 16-cı yüz ildə yaşamış ən nəhəng düşüncə atalarımızdan biri, Səfəvilər dövlətinin vəziri, Şah İsmayıl Xətainin mürşidi, sərkərdə, elm-irfan sahibi, övliya idi. Bunu ermənilər də bilir. Ona görə də Azərbaycanın və Türk kimliyinin bu böyük dəyərinə hücum etmişdi. Ağdaban faciəsi təkcə fiziki qətliam deyil, həm də bizi öz torpağımıza bağlayan tarixi-mənəvi simvollarımızı məhv etmək cəhdi idi ”-deyən Zakir Fəxri qeyd edib ki, bu hadisələr, bu faciələrin unudulmaması üçün hər şey yazılmalı, qeyd olunmalıdır. Bütün Qarabağda olanlar yazılmalıdır ki, tarix unudulmasın.

Şair təklif edir ki, Kəlbəcərdə - Ağdabanın özündə bu faciə ilə bağlı abidə ilə yanaşı, Aşıq Qurbanın və Aşıq Şəmşirin heykəlləri ucaldılmalıdır. Ora bir ziyarət yeri olmalıdır.

“Turizm üçün də bu addımın atılması çox önəmlidir. Bilirsiniz ki, tarixi izlərin nümayişi, yəni bunlar çox vacibdir. Bəhs etdiyimiz faciə də çox böyük faciədir. Bu faciəni mən dada-dada gəlmişəm.Kəlbəcər dağ yeridir. Oradan insanların çıxması çox mürəkkəb idi. Bu faciə mütləq kitablarda yaşamalıdır. Azərbaycan xalqı Ağdaban, Başlıbel, Xocalı faciəliərini yad etməlidir”-deyən şairin fikrincə, kütləvi şəkildə olmasa da, məktəblərdə bu faciə haqqında maarifləndirilmə işləri aparılmalıdır.

“Bu faciələr dərsliklərə salınmalıdır. Və yaxud, bununla bağlı xüsusi bir dərs olmalıdır. Faciələr olduqları gün bütün məktəblərdə bir dəqiqəlik sükutla yad edilməlidir. Mən demirəm ki, “ağlaşma” quraq. Xeyr, sadəcə unutmayaq”-deyə Zakir Fəxri vurğulayıb.

İradə Cəlil, Bizimyol.info

Son xəbərlər
Bütün xəbərlər »