Qarabağ Gündəm Cəmiyyət Hadisə Siyasət Dünya Sağlamlıq Sosial-İqtisadi
"Yüksək inflyasiya vəziyyətində faizlərin aşağı salınmasını tələb etmək yaxşı nəticə verməz"
"Yüksək inflyasiya vəziyyətində faizlərin aşağı salınmasını tələb etmək yaxşı nəticə verməz"

Azərbaycandakı bankların 2024-cü ilin yanvar-fevral aylarında kreditlərdən əldə etdiyi gəlirlər açıqlanıb. Mərkəzi Bankın məlumatına görə, bu ilin iki ayında bankların kreditlər üzrə faiz gəlirləri 482.2 milyon manat təşkil edib ki, bu da ötən ilin eyni dövrü ilə müqayisədə 19% çoxdur. Bankların 2023-cü ilin eyni dövründə kreditlər üzrə faiz gəlirləri 404.8 milyon manat təşkil etmişdir. Yanvar-fevral ayında faizlər üzrə xərcləri 125.5 milyon manat olub. Belə ki, bu xərc ötən ilin eyni dövründə 96.3 milyon manat idi. Faiz xərclərinin böyük hissəsi depozitlər üzrə faiz xərcləridir.

İqtisadçı Pünhan Musayev Bizimyol.info xəbər portalına açıqlamasında bildirib ki, faiz borcun dəyəridir və bu dəyər də bazar sisteminə əsasən tələb-təklif əsasında müəyyən edilir. Faizləri nəzərdən keçirmək üçün borc bazarına diqqət yetirmək lazımdır. Burada tələb amilləri əməliyyatlar, yığım və pula spekulyativ tələb olduğu halda, pul təklifi mərkəzi bank tərəfindən pul siyasəti vasitəsilə həyata keçirilir. Ancaq, bu heç də Mərkəzi bankın baza dərəcələri endirməsilə bank-kredit sisteminin bu endirimi istehlakçılara ötürəcəyi anlama gəlməməlidir. Deməli, faizlərin formalaşmasında tələb-təklifdən əlavə kənar təsirlər də ciddi rol oynayır.

Pünhan Musayev Pünhan Musayev

“Məsələn, iqtisadi şərait əlverişli olmadıqda likvidlik çatışmazlığı ilə üzləşən banklar depozit təşviqi üçün faizlərin azalmasına maraq göstərməyə bilərlər. Yaxud da, yüksək inflyasiya vəziyyətində faizlərin aşağı salınmasını tələb etmək yaxşı nəticə verməz. Faiz də riskə görə müəyyən kompensasiya təmin etdiyindən, kreditin müddəti, risk, güvən və s. çoxsaylı amillərdən də təsirlənə bilir. Əsas məsələ, onun aşağı və ya yuxarı olmasından çox, optimal səviyyədə qərarlaşmasıdır”-deyən iqtisadçı bildirib ki, konkret Azərbaycandakı vəziyyətə baxdıqda, əvvəla nəzərə almalıyıq ki, bizim iqtisadiyyatımız sənaye tutumlu iqtisadiyyatdır. Bu da istər-istəməz kapital tələbindən irəli gələrək faizlərə yuxarı təzyiqə səbəb olur. Bundan başqa, iqtisadiyyatda hələ də 2015-ci il devalivasiyalarının şokları var. Həmin dönəmdən bəri sistemdə bank sayı yarıbayarı azalıb və tələb olunanadək depozitlər müddətli depozitləri ötüb keçib. Tələb olunanadək depozitlərin belə artımı nağdsız, debet kartları ilə əməliyyatların geniş vüsət almasından ciddi təsirlənsə də, müddətli depozitlərin ləng hərəkəti fərdlərin sistemə güvəninin hələ də qırılqan olduğundan xəbər verir. Bunu da təmin etmək məqsədilə tənzimləyicilər riski minimallaşdırmaq və banklararası kredit bazarını təşviq etdirmək yönündə müxtəlif requlyasiyalar həyata keçirirlər. Hazırda bank sektoru üçün əsas prioritetin sistemdən kənar vəsaitləri cəlb edib, sərfəli şəkildə biznes modelinə uyğun olaraq iqtisadiyyatın maliyyələşdirilməsinə yönəltmək olduğunu vurğulasaq, yanılmarıq məncə.

Başqa ölkələrlə müqayisəyə gəldikdə Pünhan Musayev vurğulayıb ki, bu da mümkündür, ancaq sadə deyil. Çünki ölkələr arasında kredit və depozitlərlə bağlı şərtlər müxtəlifdir. Hər bir kredit növü üçün faiz dərəcəsi kredit riski, vaxtı, vergi və konkret kreditin konvertasiya qabiliyyətindən asılıdır.

“Məsələn, bəzi ölkələr adətən uzun müddət ərzində mənzil kreditləri üçün sabit faiz dərəcələri təklif edilir, digərləri dəyişkən faiz dərəcələri olan kreditlərə üstünlük verirlər. Hətta eyni ölkədə bir və ya bir neçə kredit növü üzrə faiz dərəcələrinin müqayisəsi də bazar reallığını dəqiq əks etdirməyə bilər” -deyə iqtisadçı vurğulayıb.

İradə Cəlil, Bizimyol.info

Son xəbərlər
Bütün xəbərlər »