Fransa Atom Enerjisi və Alternativ Enerji Agentliyi (CEA) dünyanın ən güclü maqnit rezonans görüntüləmə (MRT) cihazı ilə əldə edilən insan beyninin ən aydın görüntüsünü dərc edib.
Bizimyol.info "trthaber"ə istinadən xəbər verir ki, CEA-nın verdiyi yazılı açıqlamada, "Iseult" adlı MRT cihazı ilə çəkilmiş beyin şəklinin 20 ildən çox davam edən araşdırma nəticəsində əldə edildiyi bildirilib.
Araşdırmalar çərçivəsində MRT cihazının son bir neçə ayda təxminən 20 sağlam könüllü üzərində sınaqdan keçirildiyi və ən aydın beyin görüntüsünün təxminən 4 dəqiqə ərzində əldə edildiyi ifadə edilib.
Açıqlamada qeyd olunub ki, 11.7 Tesla maqnit gücünə malik "Iseult" MRI aparatı ilə qısa müddətdə çəkilən görüntülərin xəstəxanalarda çox istifadə edilən cihazlarla əldə edilməsi saatlar çəkə bilər.
Nicolas Boulant, "Iseult" Layihəsinin prezidenti və CEA Araşdırma Direktoru öz açıqlamasında, keyfiyyətli məlumat əldə etmək üçün araşdırmaların daha bir neçə il davam edəcəyini və məqsədlərinin 2026-2030-cu ilə qədər şizofreniya və bipolyar pozğunluq kimi psixiatriya sahəsində bir çox xəstəliyi, həmçinin neyrodegenerativ xəstəlikləri araşdırmaq olduğunu bildirib.
"Iseult" MRT cihazı ilə əldə edilən ultra detallı anatomik məlumatların "Alzheimer" və "Parkinson" kimi xəstəliklərin diaqnozuna kömək edəcəyi gözlənilir.
Qadir, Bizimyol.info