Qarabağ Gündəm Cəmiyyət Hadisə Siyasət Dünya Sağlamlıq Sosial-İqtisadi
Postneft dövrünün qorxunc mənzərəsi: İndidən "Qafqazın lideri" mövqeyini itirmişik
Postneft dövrünün qorxunc mənzərəsi: İndidən "Qafqazın lideri" mövqeyini itirmişik

Böyük neft pulları dövrü zamanla geri qalır. Bu haqda əvvəllər də yazmışıq. Neft qiyməti heç cür sabitlik tapmır. Ən vacib məqam odur ki, hasilat xeyli azalıb. 2010-cu illə müqayisə aparanda heyrətlənməmək mümkün deyil. 14 il əvvəl Azərbaycan neft sənayesi illik 50,8 milyon ton hasilatla rekord vurmuşdu. Keçən il cəmi 30,1 milyon ton məhsuldan söhbət gedirdi. Bu il göstərici bir az da aşağı olacaq.

Bizimyol.info xəbər verir ki, neft qiymətlərinin yüksək olması 10-11 il əvvəl Azərbaycanın ümumdaxili məhsulunda da ciddi rol oynayıb. Onda sözün əsl mənasında Qafqazın lider dövlətinə çevrilmişdik. Azərbaycanda adambaşına düşən ümumdaxili məhsulun həcmi 8 min dollara çatmışdı. O vaxt Ermənistanı iki dəfədən çox geridə qoyurduq. Gürcüstanda adambaşına düşən ümumdaxili məhsulun həcmi 4800 dolları keçmirdi.

2015-2016-cı illərdə yanacaq sektorunda qiymətlərinin aşağı düşməsi ölkənin iqtisadi gücündə də özünü göstərməyə başladı. Adambaşına düşən ümumdaxili məhsul heç 6 min dollara çatmırdı. Amma yenə də Gürcüstan və Ermənistandan irəlidəydik. Amma indi hər iki Qafqaz dövləti bizi keçib. Azərbaycanda göstərici 7200 dollardır. Qonşu ölkələrdə 800-1000 dollar daha yüksək nəticə var.

Niyə belə oldu? Çünki ortaya gerçək iqtisadi konsepsiya qoyulmadı. Neft pullarından sağa-sola xərclədik. Amma qeyri-neft sektorunda işlək mexanizm yarada bilmədik. Kağız üzərindəki nəticələrlə öyündük. İndi isə məlum olur ki, Azərbaycan iqtisadiyyatını irəlidə yalnız eniş dövrü gözləyir.

İqtisadçı Rövşən Ağayev də bədbin danışır. O, vəziyyətin qənaətbəxş olmadığını bildirir: “Bizim üçün ciddi siqnaldır. Neft-qaz hasilatının ciddi təsiri olduğu dövrdə vəziyyyət belədirsə, postneft mərhələsi üçün bizi gözləyən iqtisadi şərtlərin nə qədər ağır ola biləcəyini proqnozlaşdırmaq çətin deyil”.

Rövşən Ağayev Rövşən Ağayev

İqtisadçı yaxşı qeyd edib. Postneft dövrünü təsəvvür edəndə adamı vahimə basır. Ehtimal olunan mənzərə çox qorxuncdur. Təki düşündüyümüz kimi olmasın. Amma bu gedişlə ölkə iqtisadiyyatını çoxm pis günlər gözləyir.

Aytən, Bizimyol.info

Son xəbərlər
Bütün xəbərlər »