Qarabağ Gündəm Cəmiyyət Hadisə Siyasət Dünya Sağlamlıq Sosial-İqtisadi
"Bir kərə qoparılan şəkil, bir daha asılmır"... Təmir edilən binadan çıxarılmış "Rəsulzadə" qayıdacaqmı?
"Bir kərə qoparılan şəkil, bir daha asılmır"... Təmir edilən binadan çıxarılmış "Rəsulzadə" qayıdacaqmı?

20 Yanvar metrostansiyasının yaxınlığında demək olar, hər birimizin gözünün öyrəşdiyi, hər yanından keçəndə, istər-istəməz dönüb baxdığımız bir nimdaş bina var. Adını, tikilmə səbəbini, içində kimlərin fəaliyyət göstərdiyini, indi nə işə yaradığını çoxları bilmir. Bəziləri onu "Rəsulzadənin binası" adlandırır. Çünki bu köhnə, illərdir unudulmağa tərk edilmiş yaraşıqlı memarlığı olan qoca binanın üzərində Azərbaycan Xalq Cümhuriyyətinin qurucusu və sabiq dövlət başçısı Məhəmməd Əmin Rəsulzadənin "Bir kərə yüksələn bayraq, bir daha enməz" tarixi ifadəsi və üçrəngli Azərbaycan bayrağı əks olunub. Ona görə də elə bu bina o vaxtdan "Rəsulzadənin binası" kimi şifahi ad qazanıb. Rəsulzadəni tanımayanlar belə ordan-burdan eşidərək, bu tikilini elə adlandırıblar. Məlumat üçün qeyd edək ki, 1993-cü ildə əsası qoyulmuş bu bina elə tikiləndən indiyə qədər Səhiyə Nazirliyi İctimai Səhiyyə və İslahatlar Mərkəzi kimi fəaliyyət göstərir. Bina tikilən zaman Məhəmməd Əmin Rəsulzadənin sözləri və Azərbaycan barağı binanın üz qabığına vurulub.

Ötən gün bina üzərindəki bayraq və ifadələr götürülüb. Yasamal rayonu İcra Hakimiyyətindən verilən məlumatda bildirilir ki, hazırda sözügedən binada təmir-bərpa işləri aparılır: “Yazılar təmirlə əlaqədar olaraq götürülüb və işlər yekunlaşandan sonra bərpa ediləcək”.

0 Yanvar metro stansiyası yaxınlığında üzərində "Bir kərə yüksələn bayraq bir daha enməz" yazılan xəstəxana / Foto mənbə: commons.m.wikimedia.org 20 Yanvar metro stansiyası yaxınlığında üzərində "Bir kərə yüksələn bayraq bir daha enməz" yazılan xəstəxana / Foto mənbə: commons.m.wikimedia.org

Rəngi solan bayrağın, hərfləri qopan ifadələrin bina üzərindən götürülərək, tikilinin yenidən əsaslı təmirə qapadılması gərəkli və müsbət addım olsa da, nəticənin həqiqətən də belə olacağı şübhə doğurur. Çünki təmir adı altında qapadılan, sökülən, qadağan olunan o qədər ərazilər, tikililər, tarixi abidələr var ki, heç biri hələ də yenidən bərpa edilərək, təhvil verilməyib. Sadəcə olaraq qapadılıb və gözdən-könüldən uzaq düşməsi, unudulması gözlənilib ki, yerində ya hansısa bina tikilsin, ya da kimlərinsə ticarət obyektinə çevrilsin. Araşdırsaq, onlarla belə faktlar tapıb, çıxarmaq olar. Məsələn, paytaxtda keçmiş "Şuşa" kinoteatrının ərazisi hələ də dəmir lövhələrlə qapadılıb və illərdir ki, burada nə baş verdiyi bilinmir. İçəridə çoxlu ağaclar və yaşıllıq olduğundan, onları kəsib məhv etməyə kimlərinsə "cəsarət"i, görünür ki, çatmadı.

Yeri gəlmişkən, "Şuşa" kinoteatrının ərazisini, orada nə kimi işlərin getdiyini və ya gedəcəyini media olaraq sorğulamış, yerindən reportaj hazırlamışdıq. Bir neçə gün sonra əraziyə giriş tam olaraq qapadılmış və bu haqda heç bir əsaslı məlumat verilməmişdi. Bakının mərkəzində, qanunların yazıldığı paytaxt şəhərdə ölkənin ən böyük qanunsuzluqlarından biri yaşandı və bunu edənlərə dövlət səviyyəsində heç kim "niyə edirsən?" demədi. Adamlar açıq-aşkar bildiklərini edirlər və bu yetməzmiş kimi, etdiklərinn hesabatını da vermək istəmirlər.

Ümid edirik, həmin özbaşınalığa indi də "Rəsulzadənin binası"nı əlavə edib, oranı da "şəxsi əmlak" olaraq müsadirə edərək, qapatmazlar. Bu, təəssüf doğuran mümkün reallıq olsa da, ictimai qınağın nəticəsiz qalmayacağına da ümidimiz var.

Mətin Şükürlü, Bizimyol.info

Son xəbərlər
Bütün xəbərlər »